Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mindən çox insan 101 iş yerinə göz dikmişdi

Oktyabrın 28-də Mingəçevir şəhərində iş axtaranlar üçün əmək yarmarkası keçirilib. Mindən çox  işsiz insanın ümid ilə üz tutduğu yarmarkada isə cəmi 30 nəfərə göndəriş verilib.

Xeyli müddətdir ki,  yarmarkanın olacağı günü səbrsizdiklə gözləyən qaynaqçı Ramil Ələkbərov deyir ki, bu günə kimi ümidli imiş: “Yarmarkada yaşananları görüb, səbrimə hakim ola bilmədim. Mindən çox insanın ümid yeri bilib, üz tutduğu bu məkanda kimə yaxınlaşırıqsa, hamısı bir nəfərə yer var idi, o da tutuldu deyir. Bəs biz?”

Ramil Ələkbərovun söylədiyinə görə,  Balıq Zavodunun nümayəndəsinə yaxınlaşıb: “Mənə dedilər ki, get, qayıq al. Qayığım varsa, elə gedib balığımı özüm tutaram. Həm ailəmə aparıb bir qarın doyuzduraram, həm satıb pul qazanaram”.

Ramil Ələkbərov yarmarkanın keçirilməsini gözdən pərdə asmaq kimi qiymətləndirib.

Samir Şıxmmədov isə İşıqlandırma idarəsinə yaxınlaşdığını və orada cəmi bir nəfər üçün yer olduğunu öyrəndiyini  söylədi:”Yaxınlaşmışam,  deyirlər 1 nəfərə yer var. Deyirəm mən işləyərəm. Deyirlər ki, maaşı aşağıdıdır,  125 manatdır. Yenə deyirəm:  qane edir.  Bundan sonra bildirdilər ki, 100 manat  imiş. Deyirəm lap 90 manat verin,  təki evimə çörək pulu aparım”.

Kamandar Abdullayev qaynaqçı,  Nemət Məmmədov suvaqçı,  Fəxrəddin Rüsənov və Tərxan Zeynalov isə fəhlə kimi özlərinə uyğun iş tapmadıqlarını deyirlər.  T.Zeynalovun bildirdiyinə yarmarkaya çıxarılan əksər iş yerləri həkim və müəllim peşələridir: “Biz müəllim, həkim deyilik deyə acından ölməliyikmi? Vallah, işsiz qalan elə qara fəhlələrdir.”

Şəhər Məşğulluq Mərkəzinin işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sektorunun müdiri İsmayıl Məmmədov isə dedi ki, hər il olduğu kimi bu il də Mingəçevir Məşğulluq Mərkəzi əmək yarmarkasının keçirilməsini təmin edib: “20 müəssisə  101 boş iş yeri haqqında məlumat verib. Həmin yerlərdən 60-ı fəhlə,41-i qulluqçu vəzifəsidir ki, bunlardan 15-i dövlət, 4-ü qeyri-dövlət, 1-i isə xarici müəssisələridir. Ötən illərə nisbətən bu il yerlər çox azdır.Təyin olunan yerlərdə isə maaşlar təxminən 150 manatdan 450 manata qədərdir”.

İsmayıl Məmmədov onu da əlavə etdi ki,  30 nəfərə  göndəriş verilib:  “Bu isə o demək deyil ki, onlar işə qəbul olundu və yaxud olunmadı. Bilirsiniz ki, əmək bazarında vəziyyət gərgindir. izim isə son ümidimiz şəhərimizdə Sənaye Parkınadır. Bəlkə ondan sonra  insanların işsizlik dərdlərinə çarə tapıla”.

Şərhlər bağlıdır.