Yerli Qurumlar

1 saylı nümayəndəliyin hesabatında hansı məsələlər qaldırldı?

Yığıncaqda nümayəndəliyin gələcəkdə hazır layihələrlə İcra Hakimiyyətinə müraciət etməsinin vacibliyinə toxunuldu

Yanvarın 23-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirakilə Mingəçevir Bələdiyyəsinin iclas salonunda baş tutan tədbirdə ərazi nümayəndəsi Rizvan Mikayıllı hesabat verib (hesabat dərc olunur).

Məruzə ətrafında şəhərin fəal sakinlərindən Allahverdi Əliyev, Mehman Məlikov, Fazil Niftəliyev, Məhəllə komitəsinin sədri Ağahüseyn Xəlilov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Mingəçevir Bələdiyyəsi sədrinin müavini Əli Əliyev, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov, Əfqanıstan Veteranlar İttifaqı şəhər şöbəsinin sədri Elşən İbrahimli  çıxış ediblər. Onlar nümayəndəliyin fəaliyyətini kafi qiymətləndiriblər, eyni zamanda bir sıra həlli vacib məsələlərə diqqəti yönəldiblər. Belə ki, icazə verilməyən yerlərdə qanunsuz səyyar ticarət və digər xidmətlər göstərən sahibkarlarla iş aparılması, Şəfəq küçəsinin asfaltlanması, Aşıq Qurbani küçəsində salınmış parkdakı idman meydançasında yağışdan sonra yaranan gölməçələrin qurudulması, Nərimanov küçəsindəki 44 saylı binanın qarşısındakı boş ərazidə istirahət mərkəzinin salınması, məişət tullantılarının küçə və parklara atılmasının qarşısını alınması və əhalinin mütəmadi məlumatlandırılması üçün yerli televiziyanın açılması vacibdir.

Çıxışları dinləyən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov şəhərdə davamlı şəkildə və mərhələ-mərhələ aparılan abadlıq-quruculuq işlərindən danışıb, nümayəndəliyin gələcəkdə hazır layihələrlə İcra Hakimiyyətinə müraciət etməsinin vacibliyinə toxunub: “Burda qaldırılan təkliflərin hər biri dəyərlidir. Hesab edirəm ki, nümayəndəlik insanların daim yanında olmalı, problemlərini öyrənib, bizim qarşımızda təklif və layihələrlə çıxış etməlidir”.

***

 

Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı

 Möhtərəm cənab başçı,                                                                               

hörmətli yığıncaq iştirakçıları, xanımlar və cənablar! 

Ötən əsrin 90-cı illərində xalqımızın ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyinin bərpa olunmasından, ölkə vətəndaşlarının təkidli müraciəti ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun böyük uzaqgörənlik və qətiyyətlə milli dövlətçilik ənənələrini inkişaf etdirərək gənc dövlətimizin daha da möhkəmləndirilməsi və xalqımızın xoşbəxt həyatının təmin edilməsi naminə işləyib hazırladığı və bu gün  layiqli və əvəzsiz varisi möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən, həyatımızın bütün sahələrini əhatə edən, düzgün iqtisadi və siyasi kurs nəticəsində əldə olunan müvəffəqiyyətlər bizi hədsiz sevindirir və çox da uzun olmayan bu dövrdə dövlətimizin beynəlxalq aləmdə günü-gündən artan nüfuzundan yüksək qürur hissi keçirərək son illər dünyanın əksər ölkələrini öz ağuşuna almış iqtisadi və siyasi böhrana baxmayaraq ildən-ilə qazanılan uğurlar bir-birini əvəzləməklə insanlarımızı daha xoş gələcəyə,  sabit və firavan həyat naminə daha yaxşı çalışmağa səsləyir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2020-ci il münasibətilə Azərbaycan xalqına təbrikində, eləcə də bu il yanvar ayının 13-də özünün sədrliyi ilə 2019-cu ilin sosial-iqtisadi yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirildiyi iclasdakı geniş və proqram xarakterli nitqində dediyi  kimi “2019-cu il ölkəmiz üçün uğurlu il olmuş və ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”. Bəli, hörmətli mingəçevirlilər, uzun illərin təcrübəsi onu sübut edir ki, bu sabitliyin, inkişaf və tərəqqinin əsas mənbəyi xalq-iqtidar birliyidir. Mən də bu kürsüdən istifadə edərək sizləri bu birlik ətrafında daha sıx birləşməyə, ölkəmizin, şəhərimizin daha da inkişafı naminə üzərimizə düşən vəzifələri yerinə yetirməyə çağırıram. Bu bizim vətəndaşlıq borcumuzdur.

Bu inkişaf, bu tərəqqi, bu sabitlik bizim hər birimizdə yüksək qürur hissi yaratmaqla yanaşı ölkəmizin bütün regionlarında, o cümlədən doğma Mingəçevirimizdə aparılan möhtəşəm işlər hamımızı sevindirir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Ulu öndərimizin daim böyük ümidlər bəslədiyi və xüsusi qayğı göstərdiyi Mingəçevir şəhərinə mən deyərdim ki, gündəlik xüsusi diqqəti nəticəsində, bilavasitə onun tapşırıq və göstərişlərini öz fəaliyyətində rəhbər tutan Mingəçevir şəhər İcra Hakimiyyətinin uğurlu təşkilati və məqsədyönlü rəhbərliyi altında bu gün  700-ə yaxın insanın çalışdığı müasir Sənaye parkı, insanların daha rahatlığı üçün inşa olunmuş ASAN Həyat Kompleksi, yeni iş yerlərinin yaranması və insanların məşğulluğunun artırılması, yeni su-kanalizasiya şəbəkəsinin çəkilişinin davam etdirilməsi  və prospekt, məhəllələrdə aparılan səliqə-sahman və abadlıq işləri, binaların dam örtüklərinin və fasad hissələrinin, pilləkən qəfəslərinin əsaslı təmiri, park və xiyabanlardakı abadlıq və yenidənqurma işləri hamımızın gözü önündə və bilavasitə iştirakımızla baş verir.

Hörmətli yığıncaq iştirakçıları, Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 8-ci ildir ki, fəaliyyət göstərir və bununla 7-ci dəfədir ki, Sizlərin qarşısında hesabatla çıxış edir. Nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədən irəli gələn vəzifələri və Şəhər İcra Hakimiyyəti başçısının əmr, sərəncam, tapşırıq, təlimati göstəriş və tövsiyələrini öz gündəlik fəaliyyətində rəhbər tutaraq səlahiyyətləri daxilində onların yerinə yetirilməsinin təmin olunmasına çalışmışdır.

Hörmətli yığıncaq iştirakçıları, Nümayəndəlik yarananda onun inzibati ərazisi 1594 km ² müəyyən edilmiş, burada 12 821 təsərrüfat qeydə alınmış və əhalinin sayı 52 205 nəfər olmuşdur. 2017-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən inzibati ərazidə aparılmış dəqiqləşmələrə əsasən ərazimiz 1600 km² təsdiq olunmuşdur. Eyni zamanda ev təsərrüfatları 2019-cu ildə tamamilə elektron bazaya işlənmişdir. Tərəfimizdən inzibati ərazi hüdudlarında aparılmış son dürüstləşmələrə əsasən  ərazidə 2020-ci il yanvar ayının 1-nə 13 728 ev təsərrüfatı qeydə alınmış, əhalinin sayı isə 54 430  nəfər olmuşdur. Dəqiqləşmələr tərəfimizdən mütəmadi olaraq aparılır. Bu işdə ASAN xidmət kompleksinin, şəhər Polis və qeydiyyat şöbələrinin köməkliklərini xüsusi qeyd etmək istəyirəm.

Lakin fəaliyyətimizdə həmişə bir məsələdə çətinliklə qarşılaşırıq. Bu, yeni tikilən fərdi evlər və  yaranan ev  təsərrüfatları,  satılan mənzillər barədə məlumatların bizə vaxtında daxil olmamasıdır. Hər bir yeni yaranan ev təsərrüfatının başçısı sənədlərini vaxtında icra nümayəndəliyinə təqdim etməlidir. Bəzən görürsən hər hansı bir qurumdan müəyyən bir şəxs haqqında məlumat istənilir. Lakin onun barədə bizdə heç bir məlumat olmadığından çətinlik yaranır. Və yaxud vətəndaş ailə tərkibi və yaşayış yeri haqqında arayış istəyir. Ailənin nə yaşadığı ünvanda qeydiyyatı, nə də ev təsərrüfatlarının uçotu kitabında hər hansı bir məlumatı yoxdur. Bütün bunların yenidən ev təsərrüfatı kitablarına işlənməsi həm vətəndaşların əlavə vaxt itkisinə, həm də məlumatların ötürülməsində lənglik yaradır.

Hörmətli yığıncaq iştirakçıları, Nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə  müəyyən edilmiş əsas vəzifələri və şəhər İcra Hakimiyyəti başçısının əmr, sərəncam, tapşırıq və göstərişlərini öz fəaliyyətində daim rəhbər tutaraq inzibati ərazi yaşayışçılarını narahat edən sosial əhəmiyyətli problemlərini və məsələləri şəhər İcra Hakimiyyətinin müvafiq şöbələri və digər qurumlarla məsləhətləşərək mənzil-kommunal təsərrüfatı və mənzil-istismarı sahələrində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətinin şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmişdir.

Belə ki, 2019-cu il ərzində inzibati əraziyə daxil olan ünvanlarda keçirdiyimiz 300-dən yuxarı reyd, baxış və müşahidələr zamanı rastlaşdığımız nöqsan və çatışmazlıqların, yaşayışçıların qarşılaşdıqları problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla – MKTİB, YSTİ, ŞEŞ, MTAİ, Su-Kanal İdarəsi, QİS və digər idarələrlə operativ şəkildə işgüzar əlaqə yaradaraq bu məsələlərin həll olunmasına çalışmış və əksər hallarda buna nail olunmuşdur. Məsələnin həllində müəyyən çətinliklərlə qarşılaşanda isə şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və konkret köməklik göstərilmişdir. Əksər hallarda vətəndaşlar müraciətlərinə göstərilmiş diqqətdən razılıqlarını bildirmişlər.

Belə ki,mütəmadi olaraq apardığımız reydlər zamanı aşkar etdiyimiz su kanal şəbəkəsində 200-ə yaxın nasazlıq və qəzalar, 20 halda elektrik enerjisinin verilməsindəki fasilələr, 30–a yaxın halda yol və səkilərdə ayrı-ayrı qurumlar tərəfindən aparılan qazıntılarla bağlı narahatlıqlar, 10 halda gecə işıqlanmaları ilə bağlı, 26 halda mənzildaxili kommunal problemlər, 20 halda məişət tullantılarının götürülməsindəki ləngimələr, 27 halda ağac budanması, 17 halda məhəllələrdə oturacaq və kölgəliklərin təmiri, 38 halda sahibsiz itlər, nəzarətsiz ev heyvanları və quşları, 11 halda dam örtüyünün dəyişdirilməsi və təmiri, 26 halda zirzəmilərin təmizlənməsi və dezinfeksiya olunması, 7 halda binaların fasad hissələrinin və pilləkən qəfəslərinin təmiri və digər məsələlərlə bağlı tərəfimizdən Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, İşıqlandırma İdarəsi, Su-kanal İdarəsi, Qaz İstismarı Sahəsi, Ekologiya İdarəsi, Mingəçevir Bələdiyyəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, şəhər Baytarlıq İdarəsi və Profilaktiki Dezinfeksiya Şöbəsi ilə əlaqə yaradılaraq onların həlli ilə bağlı müvafiq tədbirlər görülməsinə çalışılmışdır. Həmçinin ötən müddətdə yaşayışçılarla keçirdiyimiz görüşlərdə onları daha çox maraqlandıran və narahat edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərləri ilə məsləhətləşmələr aparmış, nəticəsi barədə vətəndaşlara məlumat və izahatlar vermişik. Lakin açığını etiraf edim ki, bu problemlər heç də  həllini dərhal tapmır. Məsələn, bir sıra hallarda su-kanal sistemində, qaz istismarı şəbəkəsində qəza və nasazlıqların  aradan qaldırılması ilə bağlı qazılmış yerlərin bərpasındakı ləngimələr, görülən işlərin keyfiyyətsizliyi insanların narahatlığına və təkrar müraciətlərinə səbəb olur. Ümidvarıq ki, cari ildə bu kimi problemlərlə qarşılaşmayacağıq. 2018-ci illə müqayisədə 2019-cu ildə su-kanalizasiya şəbəkəsindəki qəzalarla bağlı daxil olan müraciətlərin sayının 250-dən 200-ə enməsi də bunu deməyə əsas verir.

Eləcə də, götürək küçə və məhəllələrin təmiz saxlanması ilə bağlı nöqsanları. Küçə və məhəllələrin süpürülməsindəki gecikmələr, xüsusilə adamlar səhər işə gedərkən tozla qarşılaşmaları və bununla bağlı narazılıqları barədə aidiyyəti üzrə YSTİ və MİS rəhbərliyi ilə əlaqə saxlayır və həmin qurumlar bununla bağlı müəyyən tədbir görsələr də, bu hallar yenə təkrarlanır. Gün ərzində süpürülməmiş ərazi qalmamalıdır. Buna heç bir əsas yoxdur. Çünki möhtərəm Prezidentimizin bilavasitə qayğısı nəticəsində şəhərimizin kommunal qurumlarında “DOST” iş mərkəzi MMC-nin xətti ilə 1000-ə yaxın işçi çalışır. Və yaxud küçədə, məhəllələrdə zibilin yerə tökülməsi barədə. Şəhər İcra Hakimiyyətinin diqqət və qayğısı nəticəsində ötən illərdə kifayət qədər yeni zibil qabları alınıb gətirilib. Eləcə də YSTİ tərəfindən çox sayda zibil qutusu təmir olunub.Lakin heç də hər yerdə zibil qabı qoyulmayıb. Nümayəndəliyin təşəbbüsü ilə 1,2,4,5,7, 12№-li MİS-lərin ərazilərində bir neçə yerdə yeni zibil qabları qoyuldu. Çox təəssüfedici və təəccüblü haldır ki, bir sıra məhəllələrdə sakinlər zibil qabı qoyulmasına etiraz və narazılıq edirlər. Məsələn götürək 1№li, 5№li, 12№li  MİS-nin ərazilərini. Həm M.Maqomayev küçəsi 4№li binanın qarşısında, həmdə M.F.Axundov küçəsində məhəllə daxilində  zibil qabları qoyuldu. Sakinlər narazılıq etdilər. Mənzil-İstismarı Sahələri onlarla izahlı söhbət aparmaq əvəzinə seyrçi mövqe tutdu və bu gün həmin məhəllələrdə bir neçə nöqtədə zibil yenə yerə atılır. Bu isə bağışlanmazdır. Yeri gəlmişkən bir məsələni də qeyd edim. Keçiridiyimiz reydlər zamanı bir sıra ünvanlarda  – M.Ə Sabir küçəsi 6, H.Əliyev prosepkti 30, 84, 20 Yanvar küçəsi 23, M.Şəhriyar küçəsi 3 və digər binaların arxalarına həmişə mətbəx zibilli tökülmüş olur. Müşahidələrimiz onu göstərir ki, bir sıra sakinlər mənzillərində mətbəxi eyvana çıxardıqlarından həmin zibilləri eyvandan çölə atırlar. Qeyd olunan ünvanların aid olduğu MİS-lərin rəhbərləri bundan nəticə çıxarmalı və təsirli tədbirlər görməlidirlər.

Zibillərin daşınmasından da yaşayışçıların narazılıqları var. Belə ki, xüsusi texnika azlıq təşkil etdiyindən əksər hallarda zibil qutudan yerə tökülür, sonra maşına yığılır. Odur ki, xüsusi tipli zibil daşıyan müasir avtomobillərin alınmasına və parkın yenilənməsinə ehtiyac vardır. Çünki günü- gündən gözəlləşən şəhərimizə köhnə, daşınarkən tullantıların yerə tökülməsinə səbəb olan ehtiyac üzündən istifadə olunan üstü açıq zibil daşıyan avtomobillər  yaraşmır.

Yuxarıda qeyd etdiyim kimi il ərzində Nümayəndəliyə inzibati ərazidə 20 halda elektrik enerjisinin, bir neçə dəfə mavi qazın verilməsində əhalinin narazılığına səbəb olan fasilələrlə bağlı yaşayışçılardan müraciətlər daxil olmuşdur. Hələ yay aylarında Şəhər İcra Hakimiyyətində idarə, müəssisə və təşkilatların, xüsusilə kommunal xidmət  idarələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı geniş məsələ müzakirə olunaraq onlara konkret tapşırıqlar verilmişdir. Düzdür, son illərdə şəhərin elektrik və qaz təsərrüfatlarında xeyli işlər görülüb. Məhəllədaxili hava elektrik veriliş  xətləri SİPləşdirilmiş, yeni transformatorlar quraşdırılmış, mövcud olanlarda təmir-sazlama işləri aparılmış, köhnə dirəklər yeniləri ilə əvəz olunmuş, yeraltı qaz xətlərindəki sızmalar aradan qaldırılmışdır. Lakin yay aylarında həll olunası işlərin  payız-qış mövsümündə görülməsi haqlı olaraq insanların narazılığına səbəb olur. Şəhər Elektrik Şəbəkəsi və Qaz İstismarı Sahəsi bunu nəzərə almalıdırlar. Eləcə də zirzəmilərin təmiz saxlanması barədə. Düzdür bu sahədə də vaxtaşırı müəyyən işlər görülür. Lakin bu insanları tam qane etmir. Zirzəmilər təmiz olmalıdır. Çünki onlar bilavasitə baş verə biləcək və ya ehtimal olunan fövqəladə hadisələr zamanı əhalinin ilkin sığınacaq yeri kimi nəzərdə tutulmuşdur.  Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma  və Su-kanal İdarələri öz fəaliyyətlərinə uyğun olaraq zirzəmilərə qulluğu və nəzarəti, kommunikasiya xətlərinin sazlığına  diqqəti  artırmalıdırlar.

Hörmətli yığıncaq iştirakçıları, şəhərimizin park və xiyabanlarında, məhəllələrdə son dövrlərdə yüksək zövqlə, müasir və milli üslubda aparılan təmir-tikinti və yenidənqurma, abadlıq, yaşıllaşdırma, səliqə-səhman işləri  hamımızın zövqünü oxşayır.Əhalinin istirahətinin daha da yaxşılaşdırılması üçün 1941-1945 meydanında, M.Mirzəyev adına “Dostluq” istirahət parkının II hissəsində əsaslı yenidənqurma işləri, Dövlət rəmzləri muzeyinin tikilməsi, şəhərin şərq girişində Nəsimi parkının salınması, Nəsimi küçəsi və A.Qurbani dairəsinin əsaslı şəkildə yenidən qurulması, eləcə də, H.Əliyev adına parkda, şəhərimizin mirvarisi hesab olunan “Sahil” bulvarında unikal üslubda uşaq əyləncə mərkəzinin, yeni iaşə obyektlərinin  inşası və inzibati ərazi hüdudlarımızdakı digər kütləvi istirahət yerlərinə göstərilən xüsusi diqqət sakinlərimizə, xüsusilə şəhərimizə gələn qonaqlara xoş təsir bağışlayır. Parklara, bağlara və xiyabanlara müasir görkəm verilməsi, mövcud fəvvarələrin təmiri və yenilərinin qurulması, yolların genişləndirilməsi,küçə və məhəllələrdə, yollarda  asfalt örtüyünün yenilənməsi, səkilərin salınması və s. buna misaldır. Prospekt və küçələrdə yollara, 127-128-ci məhəllələrdə 58 000 m² yeni asfalt örtüyü salınmış, xeyli ərazidə səki daşları yenilənmiş, bir neçə yerdə uşaq əyləncə qurğuları quraşdırılmış, xeyli abadlıq işləri aparılmışdır. Park və xiyabanlarda, məhəllələrdə rahat və yaraşıqlı oturacaqlar və müasir işıqlanma sisteminin quraşdırılması, N.Nərimanov küçəsindəki 4,6,8,10,12,13,14,1, 20 Yanvar küçəsindəki 27/16, 156/11, 166, 168, H.Əliyev prospektindəki 48/18, 50, 52/11, A.S.Puşkin küçəsindəki 7,9, Ərəş küçəsindəki 1№li binaların fasad hissələri və pilləkən qəfəsləri əsaslı şəkildə təmir olunaraq qapı və pəncərələri dəyişdirilərək onlara yeni görkəm verilməsi, inzibati ərazi daxilində 52 çoxmənzilli  yaşayış binasının, o cümlədən 26 yumşaq örtüklü binanın dam örtüyünün əsaslı təmir olunaraq metalkeramika ilə əvəzlənməsi, asbest şifer dam örtüklü 24 binada (180 m²) və  yumşaq dam örtüklü binaların dam örtüyündə (3251 m²)  cari təmir işlərinin aparılması, 228 binanın yağışötürücü su borularının cari təmiri, yenidən quraşdırılması və su novlarının təmizlənməsi, 2000-ə yaxın halda mənzil daxili kommunkasiya xətlərində baş vermiş nasazlıqların aradan qaldırılması, küçə və məhəllələrdə yaşıllıqların artırılması və s. bu qəbildən olan  işlərdəndir. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Mingəçevirə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində 2019-cu ildə Şəhər İcra Hakimiyyətinin məqsədyönlü və prinsipial rəhbərliyi altında aparılan genişmiqyaslı işlərin bir hissəsi olmaqla doğma şəhərimizin daha da gözəlləşməsi, onun müasir görkəm alması, insanların daha rahat yaşamaları və çalışmaları, onların məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Hər il 2-3 məktəb, uşaq bağçası və körpələr evlərində əsaslı tikinti və keyfiyyətli təmir işlərinin aparılaraq istifadəyə verilməsi artıq ənənə halını almışdır.

Hörmətli yığıncaq iştirakçıları, ötən ilki hesabat yığıncağında vurğulandığı kimi şəhərdə çoxmənzilli yaşayış binalarının istiliklə təchiz edilməsi nədənsə ləngiyir ki, bu da haqlı olaraq insanları narahat edir. Məlumunuz edim ki, şəhər rəhbərliyi aidiyyəti qurumlar qarşısında bu mühüm məsələni ciddiliyi ilə qaldırmışdır. Ümid edək ki, bu məsələdə cari ildə əhəmiyyətli dönüş olacaqdır.

Hörmətli yığıncaq iştirakçıları, bütün bu qeyd olunanlarla yanaşı Nümayəndəliyin əsas vəzifələrindən biri də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və həllinə köməklik göstərilməsindən ibarətdir. Bu iş mövcud təlimata uyğun aparılır. Belə ki, təsdiq olunmuş qəbul qrafikinə əsasən Nümayəndəlikdə vətəndaşların qəbulu həftənin çərşənbə günü saat 15:00-dan 18:00-dək nümayəndənin müavini, cümə günü isə saat 15:00-dan 18:00-dək nümayəndə tərəfindən keçirilir. Qeyd edək ki, bu yalnız rəsmi vaxtdır. Həftənin bütün iş günlərində vətəndaşlar həm nümayəndə, həm də onun müavini tərəfindən qəbul edilərək müraciətləri dinlənilir və qaldırdıqları məsələlərlə bağlı aidiyyəti qurumlarla əlaqə yaradıb həllinə çalışılır. Ötən ildə Nümayəndəlikdə 317 nəfər, o cümlədən nümayəndə tərəfindən 242, müavin tərəfindən isə  75 nəfər qəbul olunmuşdur. Qəbul olunmuş şəxslərin müraciətləri əsasən su və kanalizasiya qəzaları (53), zirzəmilərin təmizlənməsi (14), dam örtüyünün təmiri (18), məişət tullantılarının ləng götürülməsi (9), nəzarətsiz ev heyvanları və quşları, sahibsiz itlərlə bağlı (27), elektrik enerjisinin verilməsində fasilələrlə bağlı (17), mavi qazın təzyiqinin aşağı olması ilə bağlı (7), yaşıllıqların suvarılması ilə bağlı (5), məhəllənin işıqlandırılması ilə bağlı (10), təhlükəli ağaclarla bağlı (14), məhəllələrdə yeni oturacaqların qoyulması və mövcud kölgəliklərin təmiri ilə bağlı (6), ünvanlı dövlət sosial yardımı almaq üçün ailə tərkibi və yaşayış yeri haqqında arayışla bağlı (98) olmuşdur. Lakin ümumiyyətlə götürdükdə isə Nümayəndəlikdə il ərzində 1000 nəfərdən yuxarı şəxs qəbul olunmuşdur. Belə ki, 2017-ci ilin yanvar ayından etibarən  az təminatlı ailələrə ünvanlı dövlət sosial yardımı ilə bağlı ailə tərkibi və yaşayış yeri haqqında arayışların verilməsi Nümayəndəliklərə həvalə olunduğundan 2019-cu ildə aztəminatlı ailələrə 668 arayış verilmişdir. Bununla yanaşı qeyd olunan müddətdə məzuniyyətə gəlmiş 26 nəfər hərbçi də qəbul olunmuş, onlarla bağlı müvafiq sənədləşmə işləri aparılmışdır. Vətəndaşların qəbulu xüsusi kitabda qeydə alınır və əsas vəzifələrimizdən hesab olunur.

Nümayəndəlikdə kargüzarlıq işləri də müvafiq təlimata uyğun aparılır. Hesabat dövründə ünvanımıza 674 ərizə, 161 məktub daxil olmuş və 165 sənəd isə göndərilmişdir. Daxil olan sənədlərə baxılmasında müddət pozğunluğuna yol verilməmiş,  mövcud təlimatla müəyyən olunmuş vaxtda icra olunmuşdur.

Nümayəndəlik olaraq vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı digər qurumlarla yanaşı Şəhər Bələdiyyəsi ilə də sıx əlaqə saxlayır və qaldırılan məsələlərin həllində onların köməyini yüksək qiymətləndiririk. Məhz bunun nəticəsi olaraq sakinlərin arzularına uyğun olaraq müraciətimiz əsasında inzibati ərazi daxilindəki 3 xeyir-şər mağarına müxtəlif tikinti materialları ilə köməklik göstərilib, məhəllələrdə yeni oturacaqlar quraşdırılmışdır. Ötən ilin sonlarında Mingəçevir kəndi yaşayış sahəsinin bir qrup sakini M.Fərruxov və Şəfəq küçələrinin yollarındakı narahatlıqlarla bağlı müraciətlərinə uyğun olaraq şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyi tərəfindən orada təmizlik və səliqə-sahman işləri aparılmış, yollara qum-çınqıl kütləsi tökülərək yayılmışdır. Bu küçələrdə cari ildə yenidənqurma və asfaltlanma işlərinin də aparılması sakinlərin arzusudur və ümid edirik ki, şəhər İcra Hakimiyyətinin diqqət və qayğısı nəticəsində yaxın vaxtlarda bu məsələ də həllini tapacaq. Biz isə çalışacağıq bundan sonra da tərəfimizdən vətəndaşların müraciətlərinə daha diqqətlə yanaşılaraq və onların arzu və təkliflərinin yerinə yetirilməsini təmin edək.

Hörmətli yığıncaq iştrakçıları

Həmçinin Mingəçevir Bələdiyyəsi və digər aidiyyəti qurumlarla birgə inzibati ərazidə, eləcə də, Kür çayının mühafizə zolağında sqanunsuz zəbt olunmuş torpaq sahələrinin aşkar olunması ilə bağlı reydlər keçirmiş, tərtib olunmuş aktlar tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur. Şəhər ərazisində ayrı-ayrı sahibkarlar tərəfindən onlara məxsus və ya icarəyə götürdükləri obyektlərdə icazəsiz aparılan təmir-yenidənqurma işləri ilə bağlı şəhər İcra Hakimiyyəti aparatının Memarlıq şöbəsi və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə birgə apardığımız reydlər və daxil olmuş müraciətlərlə bağlı aktlar tərtib olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur.

2019-cu ildə Nümayəndəliyin saxlanması və normal fəaliyyəti üçün şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 62 807 manat smeta vəsaiti öz təyinatı üzrə xərclənmişdir. Xərclərin  təsnifatı aşağıdakı kimi olmuşdur. İşçilərin əmək haqqına və əməyin ödənilməsi ilə bağlı ödənişlərə 37 118 ,Dövlət Sosial Müdafiə Fonduna ayrılmalara 8432.6, Nümayəndəliyin saxlanmasına – 3244, o cümlədən cari təmir işlərinə – 1038 kommunal, kommunikasiya və bank xidmətlərinin ödənilməsinə1600.8, dəftərxana, mətbəə, qeyri-maddi aktivlər (elektron imza) və avadanlıq alınmasına 604.8 manat xərclənmiş, 14013.7 manat vəsaitə isə qənaət edilərək büdcəyə qaytarılmışdır. Nümayəndəliyin heç bir təşkilatla debitor və kreditor borcu yaranmamışdır. 2020-ci ilin xərcləri üzrə proqnoz-layihəsi də tərəfimizdən vaxtında işlənib şəhər  Maliyyə İdarəsinə təqdim olunmuşdur.

Hesabat ili ərzində nümayəndəliyin əməkdaşları şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etmişlər.

Hörmətli yığıncaq iştirakçıları, bütün bunlarla yanaşı qeyd edim ki,  Nümayəndəliyin fəaliyyətində nöqsanlar da vardır. Bunlar özünü əsasən inzibati əraziyə yeni gələn, xüsusilə müvəqqəti yaşayan sakinlərin, yeni yaranan ev təsərrüfatlarının qeydiyyatında, mövcud və aşkar olunan nöqsan və çatışmazlıqların bir sıra hallarda aradan qaldırılmasındakı ləngimələrin olmasında göstərir. Çalışacağıq ki, gələcək fəaliyyətimizdə bu sahələrə daha çox diqqət yetirək.

Hörmətli xanımlar və cənablar, bununla mən Nümayəndəliyin 2019-cu ildə gördüyü və iştirakçısı olduğu işlər barədə hesabatı Sizlərə təqdim etdim. Ola bilsin ki, hansı sahəyə və məsələyə toxunmadım. Buna Sizlərdən obyektiv və tənqidi şəkildə yanaşmağınızı,həmin məsələlərlə bağlı öz fikir və təkliflərinizi bildirməyinizi xahiş edirəm. Sözsüz ki, irəli sürdüyünüz bu fikir və təkliflər gələcək fəaliyyətimizdə bizə yardımçı olacaq və işimizi daha səmərəli qurmağa kömək edəcək.

Mən,yığıncaqda şəhərin əksər idarə, müəssisə və təşkilat rəhbərlərinin, geniş ictimaiyyət və mətbuat nümayəndələrinin və məhəllə komitələri sədrlərinin, fəal yaşayışçıların iştirakından istifadə edərək Sizləri öz səliqə-səhmanı, yaraşığı ilə göz oxşayan, nümunəvi təmizliyi, yaşıllıqları, nizam-intizamı ilə seçilən doğma şəhərimizin  daha da gözəlləşməsi, inkişaf etməsi, adamların rahatlığı üçün Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan hər bir şəraitə qayğı göstərməyə, bu istiqamətdə həyata keçirilən işlərdə yaxından iştirak etməyə, bir sözlə, üzərimizə düşən vətəndaşlıq borcu və vəzifələrinə daha məsuliyyətlə yanaşmağa, böyüklərimizin qurub yaratdığı və bu gün möhtərəm prezidentimiz  İlham Əliyev cənablarının “Mingəçevir gözəl və müasir şəhərdir” deyərək xüsusi diqqət və qayğı göstərdiyi, şəhər İcra Hakimiyyətinin uğurlu fəaliyyəti ilə daha da inkişaf edən Mingəçevirə öz layiqli töhfənizi verməyə çağırıram.

Sonda icazə verin şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlham müəllimi və Sizləri əmin edək ki, Nümayəndəlik olaraq bundan sonra da “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının qarşımıza qoyduğu vəzifələri, Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının tapşırıq, göstəriş və tövsiyələrini özünün gündəlik fəaliyyətində rəhbər tutaraq inzibati ərazi dairəsi sakinlərinin arzu, təklif və qaldırdıqları məsələlərin yerinə yetirilməsinə çalışacağıq.

Daha çox

Oxşar yazılar

Close