Pulu hara yatırmalı: banka, yoxsa sığortaya?
Mingəçevirdə yaşayan və taksi xidməti ilə ailəsini saxlayan Məhərrəm Musayev deyir ki, həmişə avtomobilini sığortalayıb, ödənişləri də hər ay həyata keçirib. Amma qəza baş verəndə sığorta şirkəti ödənişdən boyun qaçırıb: “Birinci dəfə uzun süründürməçilikdən sonra çox cüzi bir məbləği təklif etdilər, “qalanını özünüz ödəyin” dedilər. İkinci dəfə isə yolun narahatlığı üzündən idarəetməni itirdim və maşını aşırdım, gəlib ölçüb-biçdilər, məni borclu çıxartdılar. Dedilər ki, günah özünündür, ona görə də sığorta düşmür”.
M.Musayev kimi düşünənlərlə razılaşmayan Dövlət Sığorta Şirkəti Mingəçevir filialının direktoru Nazim Səfərov bildirir ki, bütün hallarda ödəniş müqaviləyə uyğun aparılır: “Bəzən vətəndaşlar nəyi və necə sığorta etdiklərinin o qədər də fərqində olmurlar. Məsələn, avtomobili sığorta etdirən zaman şəxsə 3 təminat növü təklif edilir: 1.Avtomobilə dəyən zərərin əvəzinin ödənilməsi; 2. Şürücünün və sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi; 3. Sürücünün təqsiri üzündən ətrafdakılara dəyən zərərin əvəzinin ödənilməsi. Bu təminatların arasından şəxs ən uyğun olanlarını və ya hər üçünü seçə bilər. Əslində avtomobilini sığorta etdirən şəxs maşınını, özünü, sərnişinlərini, eləcə də ətrafdakıları gündəlik baş verə biləcək qəzaların törətdiyi maddi zərərlərdən qorumuş olur”.
N.Səfərov onu da vurğulayır ki, sığortalı təhlükəsizlik və yol hərəkəti qaydalarına riayət etməyə borcludur: “Bəzən avtomobil sahibləri düşünürlər ki, sığortası varsa, maşını necə gəldi idarə edə bilər. Əgər araşdırmadan sonra məlum olsa ki, o, hərəkət qaydalarını pozaraq qəza törədib, bu halda sığortanı almaq hüququnu itirir”.
Hüquqşünas İnqilab Həsənovun fikrincə, sığorta – qəza, fəlakət, oğurluq və digər hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir : “Bu, «Sığоrtа hаqqındа» Аzərbaycan Respublikası Qаnunu ilə tənzimlənir. Qanunа əsаsən sığоrtа həyаt və qеyri-həyаt sığоrtаsı sаhələrindən ibаrətdir. Həyаt sığоrtаsı–sığоrtаlının ölümü, sаğlаmlığının, iş qаbiliyyətinin qоcаlığа yахud əlilliyə görə tamаmilə və yа qismən itirilməsi hаllаrı üçün аpаrılаn sığоrtаdır. Qеyri-həyаt sığоrtаsı isə sığоrtа hаdisəsi bаş vеrdiyi zаmаn sığоrtаçıyа vurulаn zərərin ödənilməsiylə оnun məsuliyyəti, əmlакı və əmlак mənаfеləri ilə bаğlı risкlərin sığоrtаsıdır”.
İ.Həsənov sığorta müqaviləsini imzalamazdan əvvəl onun şərtlərini diqqətlə oxumağı məsləhət bilir: “Sığortalı razılaşmadığı və ya başa düşmədiyi məqamları sığortaçının nümayəndəsindən soruşmalıdır. Çünki sığortalının özü və maşını haqqında hər bir xırda məlumat sığorta müqaviləsinin şərtlərinə təsir edir. Sığorta hadisəsi baş verdikdə ən qısa müddətdə sığortaçıya və Dövlət Yol Polisinə xəbər verilməlidir. Sığortaçının vaxtında və düzgün məlumatlandırılması araşdırma və sığorta ödənişi prosesini asanlaşdırır”.
İ.Həsənov bir məsələyə də diqqət yetirməyi vacib sayır: “Sığorta haqqı maşının dəyərindən, ödənişin maksimal həddindən, sürücülük təcrübəsindən, franşizadan və başqa detallardan asılıdır. Franşiza və ya azadolma məbləği dəyən zərər nəticəsində sığortalının özünün ödəyəcəyi məbləğdir. Sığortaçı zərərin yalnız bu məbləğdən artıq hissəsinə təminat verir. Yəni əgər hadisənin zərəri 6 300 AZN məbləğində müəyyənləşdirilibsə və franşiza 200 AZN olarsa, onda sığortalı 200 AZN ödəyəcək, qalan 6100 manatı (ödənişin maksimal həddi bu məbləği aşmırsa) sığorta şirkəti öhdəsinə götürəcək. Sığorta müqaviləsini bağlayarkən franşizanı artırıb-azaltmaq mümkündür. Lakin bu, sığorta haqqına təsir edir. Belə ki, franşiza azaldıqca, sığorta haqqı artır və əksinə, franşizanı artırmaqla sığorta haqqını azaltmaq olar”.
Audit fəaliyyət ilə məşğul olan Telman İsayev deyir ki, sığorta ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sığorta etdirənlərin sığorta haqları (mükafatları) hesabına formalaşır, normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərti və alqı-satqı obyekti kimi sığorta müdafiəsi, təklif və ona tələbat yaradaraq, pul münasibətləri formasında çıxış edir: “Könüllü və icbari formalarda həyata keçirilən sığortanın obyekti müxtəlif əmlak mənafeləri ola bilər. Şəxsi sığortaya sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı, əmlak sığortasına əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı, məsuliyyət sığortasına isə sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyanın, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi aiddir”.
Müsahibimiz sığortanın əsas etibarilə risk, xəbərdarlıq, yığım (əmanət funksiyası) və nəzarət funksiyası daşıdığını da qabardır: “Sığorta riski yenidən bölgü münasibətlərini həyata keçirir. Dəyərin pul formasında yenidən bölgüsü təsadüfi sığorta hadisələrinin baş verməsilə əlaqədar olaraq sığorta iştirakçıları arasında aparılır. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə əhalini və ya təsərrüfat subyektlərini öz mümkün itkilərinin nəticələrini aradan qaldırmağa sövq edir, bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə edir. Sığorta ayırmalarının sığorta fonduna cəlb olunmaqla yığılması maliyyə siyasətinə xidmət göstərir. Sığorta nəzarəti isə maliyyə nəzarətinin tərkib hissəsi kimi sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə birbaşa əlaqədardır”.
Son günlər sosial mediada kommersiya banklarına yatırılan əmanətlərin 50 faizinin sığortalanmadığı barədə xəbərlər yayılmaqdadır. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, cari ilin doqquz ayında fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat təşkil edib ki, onun 3,14 milyard manatı qorunmayan, 3,42 milyardı isə qorunan əmanətlərdir. Qorunan əmanətlərin 63 faizi manatın, 33 faizi ABŞ dollarının və 4 faizi Avronun payına düşür.
Sığortalanmayan əmanətlərin payı son bir ildə 34 faizdən 47,6 faizə yüksəlib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov mətbuata açıqlamasında bunu gözlənilən hesab edir: \”Sığortalanmayan əmanətlərin həcminin artması gözlənilən idi. O zaman sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salınarkən izah edilirdi ki, bu, kreditlərin faiz dərəcələrinin aşağı salınmasına xidmət edəcək. Amma bank sektorunda kreditlərin ucuzlaşmasının şahidi ola bilmədik. Əks proseslər baş verdi. Əmanətlərin sığortalanan hissəsinin həcmi azalmağa başladı. Vətəndaşlar əllərində olan pulları daha yüksək faizlə təklif edən banklara qoymağa üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, ölkədə real sektorda mənfəətlik daha yüksək qiymətləndirilir. Biznes sektorunda mənfəətlilik təqribən 50-60 faiz, hətta 80 faizə qədər olur. Belə olan halda, vətəndaşlar üçün əllərindəki pulu 9 faizlə banka yerləşdirməsi əlverişli görünmür. İnflyasiyanı da nəzərə alsaq, o zaman insanların əldə edə biləcəyi gəlir illik 4-5 faizdən də aşağı düşür. Ona görə də banklara depozit yatırmağa maraq azalıb\”.
Rumıniyanın “CREST-CM” sığorta şirkətinin partnyoru Florina Vizinteabunun fins.az-a müsahibəsində dediyinə görə, hazırda Avropada banka depozit qoymaq sərfəli hesab olunmur: “Faizlər çox aşağıdır. Əksər hallarda 1%, maksimumu isə 2% təşkil edir. Banklara yalnız mühafizəkar şəxslər depozit qoyurlar. Amma Qərbi Avropada və başqa inkişaf etmiş ölkələrdə əhalinin böyük hissəsi həyat sığortasında maraqlıdır və onun 80 %-ı bank-sığorta birgə xidməti ilə əhatə olunub. Bu sığorta növü əslində yenilik deyil, 1973-74-cü illərdə İspaniya və Fransada tətbiq olunmağa başlayıb. Yəni bank sektoru sığorta bazarı ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu, həm banklara, həm sığorta şirkətlərinə, həm də müştərilərə sərfəlidir”.
Florina Vizinteabunun müşahidələrinə görə, Rumıniyada bank, sığorta və sair fondlar üzrə ümumi orta gəlir 3, 2%-dir: “Avropada kimsə illik 4% gəlir əldə edəndə sevinir. Çünki bu, yüksək gəlir hesab olunur. Ona görə də insanlar daha çox həyatın yığım sığortasına yönəliblər”.
Müqayisə üçün deyək ki, bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda toplanan sığorta haqqı banka qoyulan əmanətlərdən 18 dəfə azdır. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətinin məlumatına görə, 2014-cü ilin 9 ayında fəaliyyət göstərən 28 sığorta təşkilatının yığdığı sığorta haqqı 355.976.975,06 manat (könüllü sığortalar üzrə 229.513.228,46 AZN, icbari sığortalar üzrə 126.463.746,60 AZN), ödədiyi məbləğ isə 131.405.432,60 manat (müvafiq olaraq, 96.762.028,47 və 34.643.404,13 AZN) olub.
Milli Məclisin üzvü Fəzail Ağamalı modern.az-a açıqlamasında sığorta şirkətlərinin vətəndaşların üzləşdiyi itkilərin əvəzinin ödənilməsi zamanı çox böyük problemlər, süründürməçilik yaratmasından danışıb: “Ödənişdən yayınma halları ənənə şəklini alıb, insanlar hədsiz dərəcədə incidilir, qazanan sığortaçılar olur. Sığortalılardan külli miqdarda vəsait yığılır, bu vəsaitin 10-15 faizini sığorta şirkətləri xərcləyir. Bütün bunların kökündə isə maddi maraqlar və sığorta şirkətlərinin insanları incitməsi üzərində pul qazanmaq məqsədləri dayanır”.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Avropadan fərqli olaraq, Azərbaycanda sığorta şirkətlərinə inam o qədər də yüksək deyil. O, musavat.com-a “Bir sığorta şirkətinin öz öhdəliyini yerinə yetirə bilməməsi və ya bundan boyun qaçırması, bütün sığorta sektoruna olan inamın azalmasına səbəb olur” fikrini də deyib: “Bu da bəzi sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməməsi və ya qismən yetirməsi, eyni zamanda ödənişlərin həyata keçirilməsi zamanı süründürməçiliyə yol verməsidir. Müşahidələrimiz göstərir ki, sığorta müqavilələrində əsas maddələr ya kiçik hərflərlə qeyd edilir, ya da vətəndaşa izah olunmur. Bu da nəticə etibarı ilə sığortalanan tərəfin şərtlərlə tanış olmamasına gətirib çıxarır. Müqavilələrin vətəndaşların başa düşə biləcəyi dildə yazılmasına və izah edilməsinə ehtiyac var. Sığorta müqavilələri üzrə standartları tətbiq etməyin vaxtı çatıb. Eyni zamanda sığorta hallarının qeydə alınması prosedurları yüngülləşdirilməlidir. Maliyyə Nazirliyi yanında sığorta şirkətlərinə nəzarət edən idarə bu istiqamətdə işlərini gücləndirməlidir”.
Şərhlər bağlıdır.