İdman

“Kür” OTİM-də yaradılan şərait avropalı idmançıların ürəyincədir

Mingəçevirdə hava şəraiti yaxşıdı, isti və günəşli hava, eləcə də küləyin olmaması avarçəkmə yarışları üçün daha əlverişli hesab olunur

“Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında iştirak edəcək avropalı idmançılar Mingəçevirə gələrək təlim-məşqlərə başlayıblar/ “Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarının başlanmasına bir gün qalıb. 37 ölkədən 295 tanınmış idmançı bu mötəbər yarışlarda iştirak edərək mükafat qazanmaq üçün artıq Mingəçevirə gəlib. Komandaların üzvləri və onları müşaiyət edən nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər kəndində yerləşdirilməsi təmin olunub”.

Bu sözləri müsahibəsində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov bildirib. O, hazırda avropalı idmançıların Kür çayında yarışlara son hazırlıq məşqlərini keçdiyini deyib: “Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdiriblər. İdmançıların Atletlər kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədir. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər”.

Natiq Abbasov Mingəçevir şəhərinin bu mötəbər yarışlara tam hazır olduğunu bildirib. “MDB məkanında bənzəri olmayan “Kür” Olimpiya Tədris İdman Mərkəzində yaradılan şərait avropalı idmançıların ürəyincə olub. Onlar eyni fikiri söyləyirlər ki, bu avarçəkmə mərkəzi Avropada su idman kompleksləri arasında ən adaptasiya olunmuş, yəni düzgün planlaşdırılaraq inşa olunmuş idman mərkəzidi. Çünki, burada hər bir məsələyə kompleks şəkildə yanaşılıb. Yəni Kür çayının sahilində 7 hektar ərazidə otel, trenajor zalı, üzgüçülük hovuzu, fitnes zalı və digər məşq və istirahət yerləri, eləcə də yarış yerləri mövcuddur. Başqa ölkələrdə isə bu idman qurğuları ayrı-ayrı yerlərdədir ki, bu da idmançıların məşq və yarışlar zamanı narazılığına səbəb olur”.

Natiq Abbasov Azərbaycan idmançılarının da bu mötəbər yarışlara yüksək səviyyədə hazırlaşdığını bildirib. O, yığma komandamızın üzvlərinin artıq Mingəçevirdəki Atletlər kəndinə gələrək olimpiya ailəsinə qoşulduğunu vurğulayıb: “Avarçəkənlərimiz yarışlara hazırlıq məqsədilə bir müddət Qəbələdə təlim-məşq toplanışında iştirak ediblər. Mingəçevirdə keçiriləcək Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri olimpiya oyunlarının mükafatçısıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir. Bu gün birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə keçiriləcək yarışlarda 100-ə yaxın olimpiya çempionu iştirak edəcəksə, onlardan 20-si məhz avarçəkəndir. Bu, başqa idman növləri ilə müqayisədə avarçəkmə yarışlarının ən böyük göstəricisidir. “Kür” Olimpiya Tədris İdman Mərkəzi artıq Avropada avarçəkmə yarışlarının keçirilməsi üçün nəzərdə tutulan ən yaxşı idman komplekslərindən biri hesab olunur. Ona görə də Mingəçevir tanınır, qəbul olunur, bura gəlmək istəyirlər. Hazırda Mingəçevirdə hava şəraiti yaxşıdı, isti və günəşli hava, eləcə də küləyin olmaması avarçəkmə yarışları üçün daha əlverişli hesab olunur. İnanırıq ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçəcək və əcnəbi idmançılar, rəsmi qonaqlar, eləcə də turistlər Mingəçevirdən xoş təəsüratlarla gedəcəklər”.

Daha çox

Oxşar yazılar

Close