Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham İsmayılov: “O ki qaldı Mərkəzi bazarın ətrafında yaranmış xoşagəlməz vəziyyətə, buna son qoyulmalıdır”

Yanvarın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirakilə 7 saylı məktəbin iclas salonunda baş tutan tədbirdə ərazi nümayəndəsi Faiq Mustafayev hesabat verib (hesabat dərc olunur).

Məruzə ətrafında sakinlərdən İbrahim Ələkbərov, Akif Heydərov, Mənzil Kommunal Təsərrüfatı Kombinatının baş mühəndisi Fariz Quliyev çıxış edərək, nümayəndəliyin fəaliyyətini kafi qiymətləndiriblər. Onlar bildiriblər ki, yük maşınları kənar yolla deyil, şəhərin içərisi ilə hərəkət edirlər, nəticədə həm yollar dağılır, həm də səs-küy yaranır. Kommunal işlərin icrası üçün şəhərə yeni maşın və avadalıqların gətirilməsinə, Niyazi (Keçmiş Tunel) küçəsinin asfaltlanmasına  ehtiyac var.

Qarabağ qazisi, Nizami Gəncəvi adına məhəllə komitəsinin sədri Əbülfət Babayev diqqəti bir neçə məsələyə yönəldib. O, Bələdiyyə bazarının münasib yerdə tikilmədiyi və buna görə də işləmədiyi, adamların Mərkəzi bazarın ətrafında küçə ticarəti ilə məşğul olduğu, tez-tez və xəbərdarlıqlar edilmədən enerji fasilələrinə yol verildiyi, həyətyanı torpaq sahələri üçün suvarma suyunun ayrılmadığı, son illər Mingəçevirdə şəhid ailələrri və əlillər üçün mənzillər tikilmədiyi barədə danışıb.

Çıxışları dinləyən İcra Hakimiyyəti başçısı İlham İsmayılov şəhərdə davamlı şəkildə və mərhələ-mərhələ aparılan abadlıq-quruculuq işlərindən, bir italyan şirkətinin Mingəçevirdə 2 müəssisə açmaq niyyətindən bəhs edib, eyni zamanda qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, əvvəlki su xətləri DRES qəsəbəsində və Samux küçəsində şəhərə təhvil verilib, digər ərazilərdə də iş davam etdirilir: “Lakin suvarma suyunun verilməsi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məşğul olur. Bizim onlara və digər dövlət qurumlarına müraciətlərimiz var. İndi bizə deyirlər ki, ASC-nin Yevalxdakı 5 qurumundan birini Mingəçevirə köçürəcəklər”.

Başçı deyib ki, Bələdiyyə bazarının tikintisi üçün küllü miqdarda vəsait xərclənib və bu gün çalışmaq lazımdır ki, qonşu rayonlardan kənd təsərrüfatı məhsullarının münasib qiymətə bazara gətirilməsi təşkil olunsun: “O ki qaldı Mərkəzi bazarın ətrafında yaranmış xoşagəlməz vəziyyətə, buna son qoyulmalıdır. Bazarın rəhbərliyi mənə söz vermişdi ki, yeni ildən səliqə-sahman yaradacaq. Biz bazarın yanından keçən Puşkin küçəsini də bir azdan əsaslı təmirə saxlayacağıq, buna görə də həmin küçədəki səyyar obyektlər də yığışdırılmalıdır”.

İ.İsmayılov şəhərə yeni maşın və mexanizmlərin alınması üçün baş nazirin birinci müavin Yaqub Eyyubovla danışdığını, mənzilə ehtiyacı olanlarla bağlı araşdırma apardıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət olunacağını deyib, qaldırılan problemlərin həlli üçün aidiyyatı qurumların-Mingəçevir Bələdiyyəsinin, Mərkəzi bazarın, şəhər elektrik şəbəkəsinin rəhbərlərinə və ərazi nümayəndəliyinə göstərişlərini verib.

***

 Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında hesabat məruzəsi

 Hörmətli yığıncaq iştirakçıları, xanımlar və cənablar! Sizlərin hamınızı salamlayır və 2 nömrəli SİƏD-in bugünkü hesabat yığıncağında iştirak etdiyinizə görə öz təşəkkürümü bildirirəm.

2020-ci il yanvarın 13-ü tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.2019-ci il  ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən aslı olmayaraq Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir.Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur.Ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir.

2019-ci ildə bölgədə və dünya ölkələrində baş verən proseslərə, böhranlara baxmayaraq, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir.

Məşğulluq məsələsinin həlli üzrə şəhər və rayonlarda sənaye zonalarının parkların yaradılması istiqamətində iş aparılır. 2017-cı ildə Mingəçevir şəhərində yüngül sənaye kompleksinin texnoparkın tikinti təməli qoyulmuşdur. 2018 ci ildə isə həmin  bu texnoparkın və Asan Həyat mərkəzinin cənab prezidentimiz İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsirini göstərmiş və gələcəkdə  çox böyük, yeni sənaye mərkəzinin parkların yaradılacağı qarşıya məqsəd kimi qoyulmuşdur.

Ölkə başcısının əsas diqqəti, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi,davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə, yeni-yeni emal müəsisələrinin yaradılmasına,ölkədə turizmin inkişaf etdirilməsinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönələn addımlardan biri olmasıdır.

Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Qeyri neft sektorunun,o cümlədən kənd təsərrüfatını,turizmi inkişaf etdirmək məqsədi ilə,vizalarla bağlı problemlər də aradan qaldırılmış “ASAN viza” xidməti yaradılmışdır. Bu gün regionda elə bir layihə yoxdur ki, o Azərbaycanın iştirakı olmadan həll edilsin. Bu ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığı və beynəlxalq nüfuzunun genişlənməsi ilə əlaqədardır.

Sevindirici hal odur ki, bu inkişaf respubikamızın hər bir regionunda hər bir ucqar kəndində və qəsəbəsində hiss olunur. İnsanların maddi rifah halı artır və sosial problemləri həll olunur. Azərbaycan artıq mədəniyyətlərin, dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul olunur.

Mingəçevir bu gün sözün əsl mənasında möhtərəm prezidentimiz cənab İ.Əliyevin xüsusi diqqət və qayğısı, nəticəsində müasir gözəl və yaraşıqlı geniş küçələrə, yollara malik göz oxşayan yaraşıqlı bir şəhərə çevrilmişdir.

Hörmətli yıgıncaq iştirakçıları Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi yarandığı gündən etibarən,Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələri Şəhər İcra Hakimiyyəti Başcısının tapşırıq və göstərişlərini yerinə yetirmək,vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair inzibati ərazidə yaşayan əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənib təkliflər verməkdir. Bundan başqa inzibati ərazi dairəsində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini yerli İcra Hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməkdən ibarətdir.

2 N-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik 2013-cü ildən fəaliyyətə başlamış və artıq 6-cı dəfədir ki hesabatla çıxış edir. Nümayəndəliyin inzibati ərazisi 121,20 km2 (yəni 12 353 hektar – Ondan quru sahəsi 12 119.6 hektar və su sahəsi 233.4 hektar) müəyyən edilmişdir ki, burada 12 884 təsərrüfat qeydə alınmışdır. Əhalinin sayı isə 45 541 nəfər olmuşdur. Nümayəndəlikdə təlimata görə hər il yanvar ayında bu sahədə dəqiqləşmələr, dürüstləşmələr aparılır. 2019-cu ildə nümayəndəlikdə ev təsərrüfatlarının uçotu  kitablarında aparılmış dəqiqləşmə və dürüstləşmələrə görə hazırda ərazimizdə 12343 təsərrüfat var və əhalinin sayı 50133 nəfər təşkil edir. Nümayəndəliyin ərazisində 2019-cu  ildə 227 nəfər yeni doğulan uşaq qeydə alınmış,199 nəfər yeni qeydiyyata düşmüş,170 nəfər ərazi daxili qeydiyyat ünvanlarını dəyişmişdir.81 nəfər başqa ünvana köçməsi,101 nəfər vəfat etməsi,35 nəfər məhkəmə qərarına əsasən qeydiyyatdan çıxmışdır,2 nəfər isə Azərbaycan Respublikası Prezidentinin 27.09.2019-cu il  tarixli 1436 №-li sərəncamına əsasən vətəndaşlıqdan məhrum edilmişdilər.

Nümayəndəlik hər il , ilin əvvəlində, MİS-lərin, MKT İB-in,  Yataqxanaların və Kooperativ binaların nümayəndələri ilə birgə ev təsərrüfatlarının uçotu  kitablarının dəqiqləşmə və dürüstləşmə  işlərini  aparmışdır. Hər il olduğu kimi bu ilin əvvəlindən yenə də ev təsərrüfatlarının uçotu  kitablarının dəqiqləşdirilməsi və dürüstləşdirilməsi işlərinə başlanılmışdır.Bu yanvar ayının sonuna qədər başa çatdırılacaqdır.

Hesabat ilində Nümayəndəliyin fəaliyyət göstərdiyi xidməti ərazisində il ərzində müxtəlif vaxtlarda Şəhər İcra Hakimiyyətinin başcısının  rəhbərliyi ilə, şəhərdə fəaliyyət gostərən kommunal təsərrüfatı müəssisələri və digər aidiyyatı qurumlarla,və onların rəhbər şəxsləri ilə birlikdə 18-dəfə ayrı-ayrı məhəllələrdə səyyari görüşlər keçirmişdir.Görüşdə vətəndaşların problemləri açıq mikrofon vasitəsi ilə dinlənilmiş onların həlli istiqamətində ünvanlanmış tədbirlər aidiyyatı qurum rəhbərlikləri tərəfindən elə yerindəcə araşdırilaraq öz həllini tapmışdır.Bəzi vaxt tələb olunan məsələlər isə nəzarətə götürülmüşdür.

Bildirmək istəyirəm ki,məişət tullantılarının daşınması məsələsindən də yaşayışçıların narazılıqları vardır. Beləki payız qış aylarında köhnə üstüaçıq maşınlarda zibil tullantıları və xəzəllər daşındıqda yol boyu xəzəlləri və bəzi tullantıları  maşından külək vurub yerə tökür. Baxmayaraq ki, son 3 ildə kommunal müəssisələrdə texnika parkı genişlənib. Lakin xüsusi tipli zibil daşıyan müasir avtomobillərin alınmasına yenə də ehtiyac vardır.Xüsusilə MKTK-da xüsusi tipli belə zibil daşıyan maşınların alınmasına çox böyük ehtiyac vardır.

Son illərdə şəhərdaxili elekrik təsərrüfatında xeyli işlər görülmüşdür.Belə ki köhnə işıq xətləri yeni sib kabellərlə əvəzlənmiş, transformatırların hamısı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.Lakin bəzi hündür mərtəbəli çoxmənzilli binaların əksəriyyətinin giriş qapılarının, zirzəmisindəki elektrik şitləri baxımsız vəziyyətdədir. Buna görədə zirzəmilərdə üstü açıq şəkildə olan şitlər az yaşlı uşaqlar üçün təhlükə mənbəyidir. Həmin yerlərdə təmir  və təmizlik işləri aparılması təhlükəlidir.

Binalırın zirzəmiləri fövqəlada hadisələr zamanı sakinlərin ilkin daldalanacaq yeri kimi nəzərdə tutulub.Odur ki,zirzəmilərin təmiz saxlanılması hər bir aidiyyəti qurumun ümdə vəzifəsidir.

2019-ci ildə də Dövlət proqramına uyğun olaraq şəhərin su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində də işlər davam etdirilmişdir. Parkların, bağların və xiyabanların yeni görkəm alması, yolların genişləndirilməsi, C.Əliyev  küçəsində yeni işıqlandırma dirəklərinin qoyulması,piyada səkilərinin və yolların yeni asfalt örtüyü ilə üzlənməsi, şəhərin muxtəlif küçələrində su-kanalizasiya sistemində yenidənqurma işləri,küçələrdə və piyada zolaqlarında müasir işıqlandırma sisteminin quraşdırılması, yeni oturacaqların qoyulması,C.Əliyev və Naxçıvan küçələrində yolların,səkilərin yeni asfalt örtüyünün salınması, çoxmənzilli yüksək mərtəbəli  binaların zirzəmilərinin və günlüklərinin təmizlənməsi, küçə və məhəllələrdə yaşıllıqların salınması və.s. 2019-ci ildə Şəhər İcra Hakimiyyəti başçısının  rəhbərliyi altında aparılan genişmiqyaslı işlərin yalnız bir hissəsi olmaqla doğma şəhərimizin daha da gözəlləşməsi, onun müasir görkəm alması üçün həyata keçirilən tədbirlərdəndir. Eləcə də, şəhərin giriş hissəsindəki yolun ətrafında yüksək zövqlə yeni salınan Nəsimi parkındakı aparılan abadlıq quruculuq işləri,Dövlət proqramına uyğun olaraq Kür çayının sağ sahilində tikilən Asan Həyat kompleksi, şəhərimizə xüsusi zövq, yaraşıq və gözəllik verməkdədir.

Diqqətinizə çatdırmaq istəyirəm ki, bəzi şəhər sakinləri, eləcə də şəhər ərazisində məskunlaşan məcburi köçkünlərin əksəriyyəti öz təsərrüfatlarında müxtəlif iri və xırda buynuzlu mal-qara, qaz və digər ev quşları saxlayırlar. Bəzən onları nəzarətsiz halda şəhərin küçələrinə, park və xiyabanlara buraxırlar. Nəticədə nəzarətsiz buraxılan heyvanlar və quşlar şəhərdə salınmış yaşıllıqları, yeni əkilmiş ağacları, gül kollarını zədələyərək şəhər təsərrüfatına maddi ziyan vurur, küçə və səkiləri, bağ və xiyabanları çirkləndirir, ümumi istifadə yerlərinin təmiz saxlanılmasına xələl gətirirlər.

Bu kimi  halların qarşısının alınması məqsədilə Mingəçevir şəhər İHB-sı 19.09.2014-cü il tarixdə 143 №-li Sərəncam imzalamışdır. Buna baxmayaraq bəzi məsuliyyətsiz şəhər sakinləri bu xəbərdarlıqlara məhəl qoymur, saxladıqları mal-qaranı və ev quşlarını nəzarətsiz şəhərin küçələrinə, park və xiyabanlarına buraxmışdır.Belə halların qarşısının alınması məqsədilə dəfələrlə aidiyyəti  qurumlarla  birlikdə  həmin heyvanların və ev quşlarının sahiblərinin müəyyən edilərək onlara xəbərdarlıq edilmişdir. Nəticədə şəhər ərazisinə nəzarətsiz buraxılan heyvanların sayı xeyli azalsada bu hallara hələdə rast gəlinir.

Vətəndaşlar tərəfindən edilən çoxsaylı müraciətlərlə bağlı digər qurumlarla yanaşı Şəhər Bələdiyyəsi ilə sıx əlaqə saxlayır və onların köməyindən də istifadə edirik. Məhz bunun nəticəsi olaraq bizim və yaşayışçıların  müraciəti əsasında Naxçıvan küçəsi ev 48/1  və H.Əliyev prospekti 35 nömrəli binaların  qarşısındakı xeyir şər mağarlarının təmiri üçün lazımı vəsait ayırmışdı.Sağ sahil qəbirstanlığına su xətti çəkilmişdir.Sakinlərin şoxsaylı xahişləri nəzərə alınaraq  A.Şaiq küçəsində Bələdiyyə bazarının açılışı olmuşdur.Naxçıvan küçəsi 29№-li binanın qarşısındakı dayanacağın üstü güclü əsən külək nəticəsində uçmuşdur. Bələdiyyə    tərəfindən həmin dayanacağın üstü təmir edilib,bərpa olunmuşdur.H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki fəvvarələr və meydan yenidən qurulmuşdur.

Eyni zamanda 2018-ci ilin hesabat yığıncağında irəli sürülən təkliflərin və nümayəndəliyin qarşısında duran problemlərin bir neçəsi öz həllini tapmışdır.Belə ki,”Vaqonlar” və “Borçalı”yaşayış massivinə yeni qaz xətti çəkilmişdir.”Vaqonlar” yaşayış massivinə gedən yol və “İncilli”yaşayış massivinin yolunun bir hissəsi asfaltlanmış,yerdə qalan hissəsinin də asfaltlanması plana salınmışdır.C.Əliyev küçəsi asfaltlanmış və küçəyə işıqlandırma dirəkləri çəkilmişdir.Savxoz ərazisində Bahar,Məktəb küçələri  və Pitomnikə gedən yolun asfaltlanması plana salınmışdır.Naxçıvan küçəsi 48№-li binanın yaxınlığında piyadalar üçün yeni avtodayanacaq qoyulmuşdur.

Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən, hesabat ilində nümayəndəliyin xidməti ərazisi olan Naxçıvan küçəsi 36,40A,46A, C.Əliyev küçəsi 1,3,5,9A,12,13,14,16,18,20,F.Əzimov küçəsi 7 №-li  binaların  ümümilikdə 1540 m2 sahə ruberoidlə işlədilmiş və işlər bu gün də davam etdirilir. İnzibati ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının yumşaq dam örtüyü metal keramitlə əsaslı təmir olunmuşdur. A.Şaiq küçəsi 5 və 7 saylı binaların qarşısında  kiçik  futbol meydançası salınmış,meydançaların kənarına uşaq əyləncə qurğuları quraşdırılmış və rənglənmişdir.Meydançaların ətrafına ağaclar əkilmiş,9 ədəd oturacaq qoyulmuşdur. F.Əzimov küçəsi bina 7-nin qarşısında salınmış futbol meydançası ,uşaq əyləncə qurğuları əsaslı təmir olunmuş, meydançanın  kənarına 10 ədəd oturacaq qoyulmuşdur,ümumilikdə həmin ərazilərdə abadlıq işləri aparılmış,əyilmiş,qırılmış səki daşları bərpa edilmişdir. C.Əliyev küçəsi 37/3;38/3, Y.Mansurov 15, Naxçıvan küçəsi 40№-li   yaşayış binalarının qarşısına uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış , ümumilikdə həmin binaların qarşısına 30 ədəd oturacaq qoyulmuş və rənglənmişdir. MKTK tərəfindən məhələlərdə quraşdırılmış 60 ədəd oturacaq rənglənmiş,təmir olunmuş,uşaqlar üçün yelləncəklər quraşdırılmışdır. və C.Əliyev küçəsində yeni salınmış piyada yolunun kənarına münbit torpaq tranzit üsulla daşınıb yayılmışdır.Magistral isti su kollektorunda 89 p/m 159 mm-lik metal borunun çürümüş hissəsi dəyişdirilmişdir. Naxçıvan küçəsi 46;48;42;36;40, C.Əliyev küçəsi 13;14;20;22;16;;18;26 №-li   yaşayış binalarının isti su xəttində müvafiq olaraq 120 p/m və 93 p/m76 mm-lik metal borular yenisi il əvəz  olunmuşdur.  C.Əliyev,Naxçıvan və Natavan küçələrində əkilmiş ağacların suvarılması üçün 270 p/m 15 mm-lik poletilen boru ilə suvarma xətti çəkilmişdir.Eyni zamanda ümümilikdə əraziyə 832 ədəd çinar ,1400 ədəd   eldar şamı, 2300 ədəd akasiya ,65 ədəd cökə,73 ədəd palıd ağacı və müxtəlif sayda  qızılgül tingi, əkilmişdir.Naxçıvan küçəsində yeni salınmış parka 4300 ədəd müxtəlif növ güllər və 14 ədəd dekorativ ağac əkilmişdir.

Hesabat ilində Mənzil Təsərrüfatı və Abadlaşma idarəsi tərəfindən nümayəndəliyin xidməti ərazisində yerləşən   3 binanın  şifer dam örtüyündə 27 m2 ,3 binanın yumuşaq dam örtüyündə cari təmir işləri aparılmışdır.Əsaslı təmir edilmiş 3 binanın dam örtüyü artıq tullatılardan təmizlənmişdir.25 binanın yağış su novları təmizlənib,48 binanın günlük və zirzəmiləri təmizlənmişdir.17 binanın sokal hissələri rəngli boya ilə rənglənib ,7 binanın qarşısındakı xeyir-şər mağarları və qarajların divarları ağardılmış,3,9,11 №-li MİS-lərin ərazisindəki 81 ədəd binada dezinfeksiya işləri aparılmışdır.Z.Həsənova küçəsi 2,3,Təbriz küçəsi 15/1№-li  binaların fasad və giriş hissələrində əsaslı təmir işləri aparılmış,9№-li MİS-in ərazisindəki qanunsuz zəbt olunmuş bağlar sökülmüşdür.Y.Muradov küçəsi ev 39,mənzil 20 və H.Əliyev prospekti 1/2,mənzil  36 –da əsaslı təmir işləri aparılmışdır.A.S.Puşkin küçəsi 20№-li yataqxananın 1-ci mərtəbəsində cari işləri aparılmış,H.Əliyev prospekti 1/2  №-li yataqxananın 2-ci girişində su təhzizatı sistemi yenidən qurulmuşdur.N.B.Vəzirov küçəsi 16№-li və M.Hüseyn küçəsi 12№-li binaların qarşısındakı  günlüklər (besetka ) təmir olunub.Ərazilərdəki binaların qarşısına ümumilikdə 30 ədəd yeni oturacaqlar qoyulmuş,3 ;9; 11№-li  MİS-lərin ərazisinə 225 ədəd müxtəlif növ ağaclar əkilmişdir.İ.Qayıbov 3,Təbriz 3,5,13,H.Əliyev PR,21,33,47/2,51,M.Ə.Rəsulzadə  8,11,13/31,M.P.Vaqif  10,12,M.Hüseyn  9,D.Əliyeva 16,M.V.Vidadi 5,6,S.Vurğun 22№-li binaların ərazisində yerləşən ağaclar tərtib olunmuş aktlara əsasən budanmışdır.

Yaşıllaşdırma Və Sanitar Təmizlik idarəsi tərəfindən ötən il xidməti ərazimiz olan H.Əliyev PR,39-49 №-li binaların arxasında,yol kənarındakı yaşıllıq zolağına 60 mtorpaq, 24 m2 peyin  tökülmüş ,930 m2 sahəyə çəmən otu toxumu səpilmiş,3 ədəd spiral şəkilli sərv,8 ədəd şar şəkilli tuya,16 ədəd xrezantema mövsümi çiçəklər əkilmişdir. Ərazinin ətrafına 220 pm səki daşı düzülmüşdür.Bayraq  meydanı  ətrafına  60 mtorpaq ,24 m2 peyin  tökülüb yayılmışdır.Samux küçəsinə 600 ədəd müxtəlif növ ağac tingi,Sağ Sahil  Təbriz,Y.Muradov küçələri,İncilli yaşayış massivinə  30  ədəd yapon əzgili,1200 ədəd həmşəyaşıl,406 ədəd küknar,30 ədəd şar şəkilli tuya,120 ədəd şam,18 ədəd limonu tuya və 180 ədəd müxtəlif növ ağac tingi  əkilmiş,360 m2  sahəyə çəmən otu əkilmişdir. Şərq qapısı Nəsimi parkına  445  ədəd küknar,26 ədəd yapon əzgili,60 ədəd çinar tingi əkilərək suvarılmışdır.Əraziyə  9800 m2  torpaq,68 m2   peyin tökülərək yayılmış, 680 mçəmən otu toxumu səpilmişdir.Parkın ətrafına 1200 pm qoryuyucu dəmir setkadan hasar,400 pm d-40mm, 400 pm d-32 mm, 400 pm d-25 mm plastik borudan su xətti çəkilmişdir.Samux küçəsi (Lakavarkanın arxası) 200 pm,F.Abdullayev küçəsinə 100 pmplastik borudan su xətti çəkilmişdir.H.Əliyev PR-də 6 ədəd,H.Aslanov küçəsində 4 ədəd,Tağıyev küçəsində 2 ədəd,Nəsimi parkında 5 ədəd söyüd ağacı,Samux küçəsində 4 ədəd tut,2 ədəd çinar,Xaldan şossesində 4 ədəd qurumuş küknar,Təbriz küçəsində 8 ədəd melniya,2 ədəd qovaq,4 ədəd çinar ağacı,Ü.Hacıbəyov küçəsində  4 ədəd, F.Abdullayev küçəsində 5 ədəd qovaq ağaclarının təhlükə törədən budaqları  və  qurumuş  ağaclar  kəsilərək ərazidən götürülmüşdür. Təbriz,Y.Muradov,Koroğlu, Niyazi,Samux,H.Aslanov,D.Əliyeva küçələrində il ərzində 252 baş sahibsiz küçə itləri qanunamüvafiq qaydada zərərsizləşdirilmişdir.H.Əliyev Pr,Gəncə şossesi,Samux küçəsi,F.Abdullayev küçələrində yaşıllıqlara buraxılan heyvan sahiblərinə xəbərdarlıq edilmiş,2 nəfər barəsində akt yaılaraq Ekologiya idarəsinə göndərilmişdir.

Nümayəndəliyin işçiləri tərəfindən aparılan reydlər və müşahidələr  zamanı məlum olmuşdur ki,əvvəlki illərdə ərazidə yaşayış massivinə uyğun infrastruktur olmadan, normativ qaydalara riayət edilmədən tikinti işləri aparılmış, kortəbii surətdə su, kanalizasiya xətlərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında evlər və sahibkarlıq obyektləri özbaşına tikilmişdir. Bütün bunların təkrarlanmaması üçün ərazidə çox ciddi nəzarət yaradılmışdır. Şəhər İHB-nın və Şəhər Bələdiyyəsinin Sərəncam və qərarları ilə sahibkarlıq məqsədilə vətəndaşlara verilən və tikilməsi nəzərdə tutulan obyektlərin əvvəlcədən sənədlərinin qaydaya salınması, təyinatı üzrə layihələndirilməsi işlərinə daima nəzarət aparılmışdır. Şəhər İcra Hakimiyyəti başçısının 73№-li 19 iyul 2018-ci il tarixli “Özbaşına tikintilərə yol verilməməsi məqsədi ilə komissiyanın yaradılması haqqında  “Sərəncam imzalanmışdır.Sərəncama əsasən yaradılmış komissiya şəhərin sağ sahilində, Azərbaycan İES-nın ərazisində reydlər və monitorinqlər keçirmiş,özbaşına və qanunsuz tikintilərlə bağlı 27 akt tərtib edilmişdir.Onlardan

-15-i zəbt olunma və qeyri-qanuni tikinti aparma faktı;

-3-ü küçə ticarəti ;

-1-i  qanunsuz qaraj  qoyulması;

-1-i qanunsuz köşk qoyulması;

-1-i müyyən olunmamış yerdə hasara alma;

-1-i eyvanın altının hörülməsi;

-1-i sahibkar obyektinin tikintisinə cəhd;

-1-i yaşıllıq zolağına kanalizasiya suyunun axıdılması;

-1-i istismara verilməmiş kanalizasiya xəttinə qanunsuz qoşulma;

-1-i obyektin ətrafını qanunsuz hasara alınması;

-1-i yüksək gərginlikli hava elektrik xəttinin altında qanunsuz tikinti ilə  əlaqədardır.

Tərtib olunmuş aktlar Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur.

Şəhər İcra Hakimiyyəti Başcısının 77 №-li 29 avqust 2017-ci il tarixdə Nəzarət Qrupunun yaradılması haqqında  sərəncam verilmişdir.Sərəncamda göstərilmişdir ki,bir sıra şəhər və rayonlarda müvafiq qurumlar tərəfindən yaşayış məntəqələrinin ərazilərindən məişət tullantılarının vaxtında daşınmaması səbəbindən magistral yolların kənarlarında, ictimai yerlərdə,turizm,iaşə obyektlərində,ərazinin ümumi görünüşünə,habelə əhalinin sağlamlığına və ekoloji tarazlığın qorunmasına cidi təsir göstərən iri zibilxanalar əmələ gəlmişdir.Göstərilən nöqsan və qüsurların aradan qaldırılması məqsədi ilə, həmin sərəncama uyğun olaraq şəhərin müxtəlif ərazilərində nəzarət qrupları yaradılaraq ayr-ayrı yerlərdə həftə ərzində iki dəfə monitorinqlər keçirilmişdir.Monitorinqlər zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqlar barədə aidiyyatı idarə və təşkilatlara dərhal xəbər verilmiş.Həmin noqsanlar,qüsurlar aradan qaldırılmış və yaxudda nəzarətə götürülmüşdür.Hər ayın yekununda bütün bunlar barədə Şəhər İcra Hakimiyyətinə Yekun arayış təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədi ilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu,əmək haqlarının ödənilməsi qaydalarının icrası və ümumilikdə bu sahədə neqativ hallara yol verilməsinin qarşısının alınması məqsədi ilə Komissiyanın yaradılması,haqqında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 45№-li 12 aprel 2019-cu il tarixli Sərəncamı imzalanmışdır.Sərəncama uyğun olaraq 2 nömrəli SİƏD üzrə nümayəndə komissiyanın tərkibinə salınmışdır.Komissiya işçilərin adına açılmış əmək haqların ödəniş kartlarının kənar şəxslərin istifadəsi hallarına yol verilməməsi ilə işə götürənlərlə fərdi izahat işini təşkil etmiş,müəssisələrə ayrılmış müvəqqəti işçilərin əməyindən səmərəli istifadə edilmə barədə müəssisə və təşkilat rəhbərlərinə ciddi xəbərdarlıq etmiş və bu məsəlinin daimi monitorinqini aparmışdır.

   Mingəçevir şəhərində icazə verilmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan şəxslər barədə məlumatların toplanması haqqında şəhər İcra Hakimiyyəti başçısının 85№-li 30 iyul 2019-cu il tarixli Sərəncamı imzalanmışdır. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə nümayəndə Komissiyanın tərkibinə daxil edilmiş və 2-ci işçi qrupunun rəhbəri təyin edilmişdir.İşçi qrupu yerlərdə mövcud vəziyyətin öyrənilməsi və operativ məlumatların hazırlanması üçün nümayəndəliyin ərazisində monitorinqlər keçirilmişdir.İşçi qrupu icazə verilməmiş yerlərdə səyyari halda yerdən, yük və minik maşınlarından,obyekt ətrafı sahələrdən satış aparılmasının  və iaşə xidmətinin göstərilməsinin qanunsuz olduğunu həmin şəxslərin nəzərinə çatdırılmış və fəaliyyətlərini dayandırmadığı onlara tövsiyə etmişdir.Nümayəndəliyin ərazisində 45 yerdə belə hallar aşkar edilmiş və görülən işlər barədə arayış yazılaraq İcra Hakimiyyətinə təqdim olunmuşdur.

Mingəçevir şəhərində yerləşən ümum təhsil məktəbləri,məktəbəqədər təhsil,səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində abadlıq,təmizlik işlərinin aparılması və yaşıllıq zolaqlarına qulluğun vəziyyətinə baxış keçirilməsi üçün işçi qrupunun yaradılması haqqında şəhər İcra Hakimiyyəti başçısının 86№-li 02 avqust 2019-cu il tarixli sərancamı imzalanmışdır.İşçi qrupunun tərkibinə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə nümayəndənin müavini salınmışdır.İşçi qrupu şəhər ərazisində yerləşən ümumtəhsil məktəbləri,məktəbəqədər təhsil,səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərinə baxış keçirməklə yaşıllıq zolaqlarına qulluq, aparılan təmizlik və abadlıq işlərinin vəziyyəti haqqında fotoşəkillər əlavə olunmaqla akt tərtib etmiş aktlar ictimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim olunmuşdur.

 Hesabat dövrü ərzində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Məhərrəmlik,Aşura  və digər dini mərasimlərin keçirilməsinə  hazırlıqla bağlı 2019-cu il tarixli Tədbirlər Planına uyğun olaraq məhərrəmlik ayı ərzində yığıncaqların yalnız məscidlərdə təşkil edilməsi,yaşayışçılarla məhərrəmlik mərasimlərinin tarixi və mahiyyəti barədə maarifləndirici söhbətlərin aparılması,Aşura günü şagirdlərin və tələbələrin məscidlərə gedişinin qarşısının alınması məqsədi ilə Sahə İnzibati Ərazi Dairəsi  üzrə nümayəndəlik maarifləndirici söhbətlər aparmışdır.

Nümayəndəliyin 2019-cu ildəki fəaliyyəti üçün Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış vəsait 62696 manatın təsnifatı aşağıdakı kimi olmuşdur: işçilərin əmək haqqına və əməyin ödənilməsi ilə bağlı ödənişlərə 48926 manat, dövlət sosial müdafiə fonduna ayırmalara 10595 manat, cari təmir işlərinə 1050 manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə 1370 manat,digər maddələrə 755 manat vəsait ayrılmışdır. Qeyd edirəm ki, ayrılmış büdcə vəsaitləri yalnız öz təyinatı üzrə göstərilmiş qənaət rejimi ilə xərclənmişdir. Heç bir təşkilata debitor və kreditor borc yaranmamışdır. 2020-ci il üçün büdcəyə proqnoz layihəmizi vaxtında şəhər Maliyyə idarəsinə təqdim etmişik.

Nümayəndəliyin fəaliyyətinin əsas sahələrindən biri də vətəndaşların təklifləri, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, təlimata uyğun olaraq sənədləşmə və kargüzarlıq işlərinin aparılmasından ibarətdir. Qeyd edim ki, təsdiq olunmuş reqlamentə əsasən vətəndaşlar Nümayəndəlikdə həftə ərzində iki gün – həftənin bazar ertəsi günü nümayəndə və cümə günü nümayəndənin müavini tərəfindən saat 15:00-dan 18:00-dək qəbul edilirlər. lakin buna baxmayaraq elə olur ki, vətəndaşlar digər günlərdə də qəbula gəlir və ya telefonla müraciət edirlər. Qeyd edim ki, çalışırıq ki, edilən bütün müraciətlər imkan daxilində əlaqədar qurumların köməkliyi ilə vaxtında öz həllini tapsın. Həlli vaxt tələb edən müraciətlər barədə müvafiq qaydada vətəndaşa məlumat verilir və onunla bağlı aidiyyəti qurumlara tərəfimizdən rəsmi müraciətlər olunur

Hesabat dövründə nümayəndəliyə 771  müraciət olunmuşdur ki ondan, nümayəndə tərəfindən 365, müavin tərəfindən 250 nəfər vətəndaş qəbul edilib və 156 müracət  telefon vasitəsilə dinlənilib. Edilən müraciətlərin :

  1. 523-ü ünvanlı sosial yardım üçün arayışların verilməsi;
  2. 81-i kanalizasiya sularının binaların  zirzəmisinə axması,su xəttinin siradan çıxması və bu səbəbdən baş verən qəzalar;
  3. 36-sı binaların, obyektlərin qarşısına,yol kənərlarında zibil yığınları və zibil qablarının dolub daşması;
  4. 19-u asfalt örtüyünün sıradan çıxması;
  5. 12-si qaz xəttinin çəkilməsi,sayğac quraşdırılmasına köməklik ;
  6.  20-si  sahibsiz itlər;
  7. 15-i  yaşıllıq zolaqlarının suvarılması;
  8. 10-u küçələrin işıqlandırılması,piyada səkilərinin təmiri;
  9. 10-u külək, yağış nəticəsində ağacların təhlükəli vəziyyətə düşməsi və qurumuş ağacların kəsilməsi;
  10. 10-u i işlə təmin olunma
  11. 6-sı yağış sullarının mənzillərə ziyan vurması;
  12. 4-ü pasport qeydiyyatına düşmə;
  13. 3-ü torpağına qeydiyyat vəsiqəsi alması;
  14. 2-si qonşu mübahisəsi
  15. 3-ü avtobus dayanacağının olmaması;
  16. 17-si müxtəlif yönümlü

İl ərzində eləcə də məhəllələrdə apardığımız reydlər zamanı yaşayışçılarla görüşmüş, onları maraqlandıran və narahat edən məsələlərlə bağlı söhbətlər aparmış, izahatlar vermişik.

Hesabat dövründə Nümayəndəliyə 523 ərizə, 136 məktub daxil olmuş və 27-si qanunsuz tikintilərlə bağlı akt olmakla 149  məktub göndərilmişdir. Daxil olan sənədlər mövcud təlimatla müəyyən olunmuş vaxtda icra olunmuşdur. Nümayəndəlik olaraq bundan sonra da vətəndaşların müraciətlərinə diqqətlə yanaşılacaq, onların təklif və arzularının həyata keçməsinə çalışacağıq.

    Nümayəndəliyimizin qarşısında duran problemləri diqqətinizə çatdırmaq isdəyirəm:

Əvvəlki illərdə olduğu kimi Təssərrüfatbaşına uçot kitabların qeydiyyatı zamanı bəzi çətinliklərlə üzləşirik. Belə ki,köhnə doğum evinin ətrafında,Yeni həyat,Günəşli və Baglar yaşayış massivlərində olan ərazilərdə “Kənar küçə”adlanan yerdə 550–600 – ə qədər fərdi ev tikintiləri aparılmışdır. Hal – hazırda ərazilərdə əhalinin yaşamasına baxmayaraq evlərin qeydiyyat sənədləri rəsmiləşdirilməmişdir. Ona görə də qeydiyyat aparmaq çətinləşmişdir.

Günəşli və baglar yaşayış massivində ,Mingəçevir şəhərinin ərazisi olmasına baxmayaraq,əvvəlki illərdə Yevlax rayonu Havarlı bələdiyyəsinin qeyri qanuni şəkildə şəxsi həyətyanı torpaq sənədləri verməklə bu günkü vaxtda böyük bir problem yaranmışdır. Beləki indi vətəndaşlar hənin torpaq sahələrinə çıxarış almaq problemi ilə üzləşib.Bundan başqa həmin evlərə də qeydiyyata düşə bilmirlər.

Az.İES və Tərəvəzçilik sovxozu yaşayış massivi ərazisində yaşayışçıların çoxsaylı müraciətlərini nəzərə alaraq

– Ərazidə yeni ayrılmış qəbirstanlıq sahəsinə gedən yolun abadlaşması və asfaltlanmasına.

– Magistral yolların kənarında olan marşrut avtobuslarının dayanacaqlarında ,insanların yağışdan və günəş şüalarından qorunması, oturub gözləməsi üçün dayanacaqların qoyulmasına və aşağıdakı digər işlərin görülməsinə  ehtiyac vardır;

-Təbriz küçəsində “Zəhra”məscidinin yanında salınmış parkda idman qurğuları və meydançanın quraşdırılmasına;

-Naxçıvan küçəsi ev 29 və 31-in qarşısında uşaqların istirahəti üçün əyləncə mərkəzinin quraşdırılmasına;

-Tərəvəzçilik savxozu adlanan yaşayış sahəsində  uşaq baxçasının tikilməsinə və uşaqların asudə vaxtının keçirilməsi üçün əyləncə mərkəzinin tikilməsinə ;

-Məhəllə daxili yolların işıqlandırılmasına;

Nümayəndəliyin əməkdaşları il ərzində Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bütün ictimai-siyasi və mədəni tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etmişlər.

Hörmətli xanımlar və cənablar, bununla mən Nümayəndəliyin il ərzindəki fəaliyyəti barədə hesabatı Sizlərə təqdim etdim. Ola bilsin ki, hansısa sahəyə heç toxunmamışıq. Odur ki, xahiş edirik çıxışlarınızda həmin sahələrlə bağlı öz fikir və təkliflərinizi bildirəsiniz. Sizin söyləyəcəyiniz bütün fikirlər bizim, gələcək fəaliyyətimizdə köməyimiz olacaq və həmin sahələrə diqqətimizi daha da artıracağıq. Sonda icazə verin Sizi əmin edim ki, Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi bundan sonra da öz fəaliyyətində “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının müddəalarını, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı, göstərişi və tövsiyələrini rəhbər tutacaq, eləcə də inzibati ərazinin yaşayışçılarının irəli sürdükləri təklifləri, fikirləri və qaldırdıqları təşəbbüsləri ilə bağlı üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə çalışacaqdır.

Şərhlər bağlıdır.