Yerli siyasətin həyata keçirilməsinə yerli QHT-lər töhfələrini verirlər
2017-ci il oktyabrın 14-də Bakıda Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “İnkişaf və İdarəetmədə Strateji Əməkdaşlıq və Əlaqələndirmə“ layihəsinin icrasına həsr olunmuş yekun konfransı keçirilib. Avropa Birliyinin Proqram Meneceri xanım Aleksandra Nerisanu və BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisinin müavini xanım Cəmilə İbrahimova görülən işləri yüksək qiymətləndirərək, layihənin yerli inkişaf proseslərində, vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsində mühüm rol oynayacağı qənaətində olduqlarını bildiriblər.
Avrasiya Əməkdaşlıq Fondunun proqram rəhbəri Gülnarə İsmayılova layihə haqqında qısa məlumat verib. O bildirib ki, layihə regionda yerləşən qeyri-hökumət təşkilatlarının (QHT) ehtiyaclarını təmin etmək və bacarıqların inkişaf etdirmək (institusional, ictimai siyasət və effektiv vəkillik istiqamətində) üçün müxtəlif fəaliyyətləri özündə ehtiva edib. Bundan əlavə olaraq, regiondakı QHT şəbəkə üzvlərinə təmsil olunduqları bölgələrdə kiçik miqyaslı yerli ehtiyacları qarşılamaq üçün təşəbbüsləri icra etməyə imkan yaradıb. Layihə çərçivəsində həmçinin yerli QHT-lərin fəaliyyət imkanlarının öyrənilməsi məqsədilə tədqiqat aparılıb və uyğun tövsiyələr hazırlanıb, yerli QHT-lərin və yerli hakimiyyət orqanlarının əməkdaşlıq platformasının formalaşdırılmasına yönəlik fəaliyyətlər həyata keçirilib.
Tədbir iştirakçılarına layihə çərçivəsində 9 yerli QHT tərəfindən həyata keçirilmiş kiçik təşəbbüslərdən 4-nün nəticələri də təqdim olunub. Çingiz Nəzərov Mingəçevir şəhərində kommunal xidmətlər, Vəli Turan Xaçmaz rayonunda suvarma suyu, Dilşad İlyasova Mingəçevir şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri və Əlibəy Zeynallı Şirvan şəhərində mənzil kommunal xidmətləri ilə bağlı tədqiqatların nəticələrini təqdim ediblər.
Layihənin icraçı ekspertləri Rövşən Ağayev və Abil Bayramov QHT-lərin yerli sosial-iqtisadi inkişafda iştirakçılıq imkanlarının qiymətləndirilməsi üzrə tədqiqatın nəticələrini açıqlayıblar. Onlar qeyd ediblər ki, tədqiqat sənədində yerli səviyyədə fəaliyyət göstərən QHT-lərin yerli sosial-iqtisadi inkişaf, yerli idarəetmə və yerli ictimai xidmətlərlə bağlı siyasətə təsirinin və onun həyata keçirilməsində iştirak imkanlarının araşdırıılmasının nəticələri öz əksini tapıb. Tədqiqat çərçivəsində QHT-lərin bu prosesdə iştirakını çətinləşdirən problemlər müəyyənləşdilib və iştirakçılıq səviyyəsinin artırılmasına yönəlik təkliflər hazırlanıb.
Sonra təqdimatlar ətrafında müzakirələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Şərhlər bağlıdır.