Bizimlə həyatınız həmişə işıqlı olacaq!

YENİ ŞEİRLƏR

Halal eylə

(Məmməd Araza)

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman halal eylə, dağ halal eylə.

Bu əziz süfrədə yeyib içdiyim,

Kabab, lavaş, pendir, yağ,

halal eylə.

***

Keçdim gədiyini, aşdım belini,

Dərdim çiçəyini, üzdüm gülünü,

Tapdadım yolumu kəsən kolunu,

Əzdiyim o körpə zoğ, halal eylə.

***

Uca zirvələrə ələnən yağış,

Axıb dərələrdə sellənən yağış,

Ey köhnə dost kimi

dillənən yağış,

Bu odlu sinəmə yağ, halal eylə.

***

Göründü buluddan göyün bənizi,

Coşdu ürəyimin sevda dənizi,

Dinlədiyim şirin, şən nəğmənizi,

Bülbül, kəklik, turac, vağ,

halal eylə.

***

Gətirdi qoynuna yolun Yusifi,

Basdı öz bağrına qolun  Yusifi,

A dağlar bu doğma oğlun Yusifi

Var ikən dünyada sağ, halal eylə.

 

Mat qal, gülüm!

(“Mat qalmışam” kitabımın müəllifi Mahitəvan xanıma)

 

Mat qalası dünyadı bu,

Əl çatmayan xülyadı bu,

Yozulmayan röyadı bu,

Mat qal, gülüm!

***

Bu dünyada bir qız yaşar,

Gecəsində gündüz yaşar.

Özündən də yalqız yaşar,

Mat qal, gülüm!

***

Bir qönçəsən xar içində,

Yar çölündə, yar içində,

Ölüm, olum var içində,

Mat qal, gülüm!

***

Bir ümmansan sahilin yox,

Gülüstansan, bülbülün yox,

Haqsız cansan, adilin yox,

Mat qal, gülüm!

***

Bürünüb qəm libasına,

Düşmüsən eşq səhrasına.

Bu hikmətin mənası nə?

Mat qal, gülüm!

Yusif Rzayev

Şərhlər bağlıdır.