Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yenə o bağ olaydı”

“YARAT” Müasir İncəsənət Məkanı oktyabrın 31-də Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib. Açılış mərasimində  “YARAT”-ın ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova diqqətə çatdırıb ki, bu, sayca dördüncü sərgidir. 2016-cı ildə Qaxda “Zamanın izləri”, 2018-ci ildə Qazaxda, 2019-cu ildə isə Gəncədə  “Yenə o bağ olaydı” adı ilə səyyar sərgilər təşkil edib. Budəfəki sərginin proqramına “YARAT”ın əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayənəsi Tofiq Əskərov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimli elm və mədəniyyət mərkəzlərindən olan şəhərdə belə sərginin təşkilinin əlamətdar hadisə olduğunu vurğulayıb. Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli isə vurğulayıb ki, bu sərgidə “Üçüncü cənnət” nəzəriyyəsindən söhbət gedir: “Bununla da müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürmək, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışmaq məqsədi güdülür”.

Sərginin kuratoru Anna Fech bildirib ki, məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir.

O da diqqətə çatdırılıb ki, sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edib.

Açılış zamanı ziyarətçilər “Üçüncü cənnət” simvolunu canlı əks etdiriblər. Simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

***

Ekspozisiyadakı Mikelancelo Pistolettonun büzməli kartondan hazırlanmış məşhur labirint instalyasiyası ziyarətçiləri öz daxili “mən”ini, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə olunub. Burada rəssam öz yaradıcılıq metoduna sadiq qalaraq, əsərlərinin bir hissəsi olan ziyarətçiləri seyrdən yayındırmamaq üçün sadə materiallardan istifadə edib.

Rəssam Etibar İsmayılov əsərində “arzular quyusu” yaradıb və onun istifadəsinə dair şifrələnmiş dildə təlimat təqdim edib. Hərflər düzgün ardıcıllıqla yazılmasa da, insan beyni bu sözləri düzgün formada qavraya bilir. Rəssam bu əsərdə quyunun formasını neft çəlləyi ilə əvəzləyir və bu quyuya atılan “qəpiklər” qara mayeyə düşərək yox olur.

Rəssam Mousa Bəyzadənin əsərində XVIII əsrdə öz gizli dövrünü yaşamış, bahalı fotoşəkil və portret rəsmləri ilə müqayisədə sevilən alternativ olan kağız kəsimi sənətindən istifadə edilir. Nüfuzlu konqresmenlərdən adi fəhlələrə qədər portret hamı üçün əlçatandır.

Rəssam Nəzrin Məmmədova “Dağlarla söhbət” video və səs instalyasiyası əsərində Altıağac-Xızı bölgəsi boyunca təbiət mənzərələrinin araşdırılması, təbiət səslərinin dinlənilməsi və yazılmasını əhatə edən eksperimentin aparılmasına xeyli vaxt sərf edib. Bu əsər dağların həmişə mövcud olan təbii geofoniya (bioloji olmayan) və biofoniya (bioloji) səsləri ilə yanaşı, təyyarə səs-küyü kimi xarici təsirlərin birləşərək, həmin ərazi üçün xüsusi akustik mühitin əldə edildiyi “rezonans” konsepsiyasına əsaslanır.

Vüsalə Ağarazıyevanın “Tərəzi” əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz “balansı”nı və konsepsiyanı vizuallaşdırır.

Günay Əliyevanın “Həyat market” əsəri İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız etiraflarımızdan daha çox özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.

Rəssam Leyli Qafarovanın “Qılman” adlı multimedia layihəsi hollandiyalı filosof Mixael Lizinberqin fəal siyasi və ya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, tolerantlığı ilə təmsil olunan İslam dünyasının “sakit qüvvəsi” ilə bağlı nəzəriyyəsinə istinad edir.

Şərhlər bağlıdır.