Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaşasaydı,  20 yaşı olacaqdı…

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini Məmmədov Vasif Rafael  oğlunun cənnətindəki ilk doğum günü uyuduğu Mingəçevir Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub. Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edib və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib. Mövcud pandemiya qaydaları gözlənilməklə, şəhidin oxuduğu 18 saylı  Cəbrayıl orta məktəbinin müəllim və şagird kollektivi, döyüş yoldaşları, valideynləri və digər əzizləri  onun  məzarnı ziyarət ediblər.
2001 ci ildə Bakıda anadan olan, uşaqlıq illərindən ailəsi ilə birgə Mingəçevirə köçən Vasif yaşasaydı,  20 yaşı olacaqdı. Onun haqqında danışan məktəb psixoloqu Ulduz Nəcəfova deyir ki, Vasif üzündə həmişə təbəssümü olan şagirdlərdən biri idi.  Digərləri də Vasifin qısa, lakin  şərəfli ömür yolundan danışıblar. Qeyd ediblər ki, ailəsi Ağdam rayonundan idi, atası 1-ci Qarabağ müharibəsində iştirak edib. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının kəşfiyatçısı olan Vasifə isə milli ordumuzun əsgərləri ilə birgə Füzulini düşməndən azad etmək, həm də Füzulidə bulaqdan ilk suyu içmək nəsib olub. Hadrut döyüşlərində isə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”  medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Daha sonra şəhidin ruhuna dualar oxunub. Məktəbin şagirdləri onun xatirəsini  kiçik şeirlərlə yad ediblər.

Şərhlər bağlıdır.