AktualMingəçevirYerli Qurumlar

Şəhidlər Xiyabanı – Müqəddəs ziyarətgahımız

Qəbirlərin ətrafına plakatlar yapışdırılması, bayraq dirəkləri qoyulması Xiyabanın memarlıq ansamblına xələl gətirir

1990-cı ildən başlayaraq formalaşan, insanların müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı artıq böyük ərazini əhatə edir. Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan bu məbədgaha, ziyarətgaha gəlir, Vətən uğrunda döyüşlərdə öz müqəddəs borclarını layiqincə yerinə yetirərək şəhid olmuş igidlərimizin məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxudurlar. Əlbəttə, bunlar yaxşı əlamətdir, vətəndaşlıq borcudur. Vətən oğullarına göstərilən ehtiram və məhəbbətin təzahürüdür. Unutmaq lazım deyil ki, şəhidlər xiyabanının formalaşmasının özü xalqın istək və tələbinin sayəsində mümkün olmuşdur. Bu gün Mingəçevir Şəhidlər Xiyabanında ümumilikdə 258 nəfər igid oğullarımız uyuyur. Onlardan 205 nəfəri I Qarabağ müharibəsində,  4 nəfəri Aprel döyüşlərində, 49 nəfəri ikincivətən müharibəsi dövründə torpaqlarımızın azadlığı naminə sinələrini sipər edənlərdir. Bununla bərabər Şəhidlər Xiyabanında yerləşən “İtkinlər” kompleksində 106 nəfər vətən oğlunun xatirə lövhəsi vardır. Haqq sözdür, torpaq uğrunda ölən varsa, Vətəndir. Vətən igid oğulları ilə tanınar. Mingəçevir igidləri dəelədir, öz qəhrəmanlıqları ilə tanınır, seçilir, gələcək nəsillərimizə nümunədirlər. Biz onlarla fəxr edirik.
İstər birinci, istərsədə ikinci vətən müharibəsi dövründə şəhid olan qəhrəman oğullarımızın şücaəti ölkə rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilmiş, onlar ölümlərindən sonra fəxri adlara, Vətənin yüksək mükafatlarına layiq görülmüşlər. Hazırda Mingəçevirin Şəhidlər Xiyabanında dörd Milli Qəhrəman, yeddi “Azərbaycan Bayrağı” ordenli, onlarla müxtəlif medallarla təltif edilmiş şəhidlərimiz uyuyur. Onlar şəhər ictimaiyyəti və şəhər rəhbərliyinin iştirakı ilə Şəhidlər Xiyabanında dəfn olunmuşlar.
Böyük iftixar hissi ilə qeyd edirik ki, bu igidlər Vətən müharibəsi dövründə torpaqlarımızı əsarətdə saxlayan düşmənə sarsıdıcı zərbələr endirmiş, onu diz çökməyə məcbur etmişlər. Nəhayət 30 il düşmən əsarətində qalmış torpaqlarımız azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlanan  Vətən müharibəsi dövründə Azərbaycan ordusu44 gün ərzində zəfər qalibiyyətini qeyd etmişdir. Məhz dəmir yumruğun təsiri ilə işğal altında olan torpaqlarımız azad edilərək öz sahiblərinə qaytarılmış, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Vətən torpağı uğrunda müharibədə Şəhidlər Xiyabanında uyuyan igidlərimizin şücaəti dastanlara çevrilmişdir. Bu böyük iftixar hissidir. Belə igidlər böyüdən valideynlər hər cür alqışa layiqdirlər.
Son zamanlar Mingəçevir Şəhidlər Xiyabanının abadlaşdırılması, müasir memarlıq üslubunda qaydaya salınması istiqamətində bir sıra mühüm işlər görülür. Burada şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına şəhid qəbirlərinin üstü götürülmüş və ətrafında abadlıq işləri aparılmışdır. İşıqlanma dirəkləri qoyulmuş,  xatirə bulağı yenilənmiş, xiyabanın girişində yenidənqurma işləri görülmüşdür. Bu gün bizim məqsədimiz şəhərimizin ən müqəddəs ziyarətgahı olan şəhidlərxiyabanımızı qorumaq, onun səliqə-səhmanına nəzarət etməkdir.
Ancaq bəzən burada görülən işlərdə təəssüfedici hallara rast gəlirik. Qəbirlərin ətrafına plakatlar yapışdırılır, bayraq dirəkləri qoyulur, bayraqlar asılır, qəbirlərin üstü müxtəlif formada güllərlə bəzədilir. Bildirmək istəyirik ki, söhbət Şəhidlər Xiyabanından gedirsə bu cür fərdi işlərə yol verilməməlidir. Bu fərdiliklərə yol verilməməsi üçün bir xahişimiz var. Gəlin müqəddəs ziyarətgahımız olan Şəhidlər Xiyabanımıza diqqəti artıraq, çalışaq ki, orada memarlıq qaydalarına uyğun işlər aparılsın, bir ziyarətgah kimi diqqətdə saxlanılsın və həmişə səliqə-səhmanlı olsun. Bu sahədə aidiyyəti qurumlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sahib ƏLİYEV,
ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları 
və  şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close