Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xuan Rodrigo Labardini: “Meksika uzaq olsa da dostlar olanda daha yaxın olur”

Mayın 12-də Mingəçevirə səfərə gələn Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini öncə  İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Onlar ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Səfir vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın potensialı mövcuddur, xüsusən  mədəniyyət, mətbəx,  qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasında oxşarlıqlar vardır.

Səfir Meksikadan bəhs edən kitabçanı başçıya təqdim edib. Niyazi Bayramov isə Mingəçevirlə bağlı diski qonağa hədiyyə edib.

Mingəçevir Tarix Muzeyinə baş çəkən  Xuan Rodrigo Labardiniyə şəhərin qədim və müasir tarixi barədə ətraflı məlumat verilib. Səfir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Mingəçevir Dövlət Universitetində səfiri rektor Akif Hacıyev qarşılayıb. Rektor bildirib ki, burada 19 ixtisas  üzrə – əsasən pedaqoji və iqtisadi, ekologiya,  turizm və otelçilik, maliyyə və biznes sahələrinə  aid  bakalavr təhsili verilir. Eyni zamanda digər mərhələlər-magistr və doktorantura pillələri üzrə də kadr hazırlığına başlanıb: “Biz Almaniya və Çexiya universitetləri ilə “Tempus” layihəsi çərçivəsində əməkdaşlıq edirik. Bizim texniki imkanlarımız məhduddur-universitetimiz bir il əvvəl açılıb, uyğunlaşdırılmış binada yerləşir. 1-2 ilə universitet şəhərciyinə köçəcəyimizi düşünürük”.

Səfir deyib ki, Meksikada Azərbaycanla əməkdaşlıq etmək istəyən ali məktəblər var. Müəllim və tələbə mübadiləsi etmək mümkündür.

Görüş zamanı Meksikanın turizm imkanlarından danışan səfir deyib ki, Meksika dünyada turizm üzrə ən inkişaf etmiş ölkələrdən biridir. “Meksikada “Möcüzələr şəhəri” var. Burada  turizmin müxtəlif sahələri birləşib… İncəsənəti, mədəniyyəti, kulinariyası sizin üçün maraqlı ola bilər. Biz sizə bu sahədə çox şey öyrədə, təcrübəmizi sizinlə bölüşə bilərik. Əsas məqsədimiz oxşar və fərqli cəhətlərimizi axtarıb onların üzərində işləməkdir”.

Stolun üzərindəki çiyələyə diqqət yetirən səfir bildirib ki, Elepatro Meksikda çiyələyin paytaxtıdır:  “Orda çiyələk bir az böyükdür. Ləzzətli və dadlıdır. Mən burda çiyələyi görəndə özümü Elepatrodakı kimi  hiss etdim.  Biz burda Meksika festivalı keçirə,  hətta azərbaycanlılardan maryaçı hazırlaya bilərik. Hazırda Bakıda belə bir qrupumuz var. Bizim milli günümüzdə onları təqdim etdik. Hamı elə düşünürdü ki, onlar meksikandırlar. Sadəcə paltarları və papaqları bizimkidir. Bu, mədəniyyəti Azərbaycana gətirməyin bir növüdür. Biz indi bir sərgi keçirmək istəyirik ki,  Meksikanın rəsmlərini Mingəçevirdə tanıdaq”.

Səfir onu da vurğulayıb ki, Meksika Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edə bilər, eləcə də Mingəçevirlə əlaqələr qura bilər:  “Ölkələrimiz arasında o qədər də geniş olmayan ticarət əlaqələrini inkişaf etdirmək üçün hər iki tərəfin böyük imkanları var. Mən sizə Meksika ilə bağlı məlumatları gətirmişəm. Meksika iqtisadiyyatına görə dünyada 11-ci yerdə dayanır. 2030-cu ildə ilk beşlikdə olacaq.”.

Səfir “Mingəçevir işıqları”  qəzeti müxbirinin suallarına cavab verərkən bildirib ki,  o,  İcra Hakimiyyəti başçısı ilə görüşdə əməkdaşlığın müxtəlif sahələrini müzakirə edib: “Azərbaycanla Meksika arasında ticarət çox böyük olmasa da, onu genişləndirməyə və böyütməyə imkanlarımız var. 2014-cü ildə sizinlə ticarət əlaqəmiz cəmi 2 milyon dollar olub. Keçən il Meksika statistikasına görə bu rəqəm 11-12 milyona qalxıb. Azərbaycan statistikasına görə, 7 milyondan 23 milyona yüksəlib. Meksika səfirliyinin burda olması əlaqələrin artmasına böyük yardım edib.  Mən Azərbaycana gələndə bu 2 ölkə arasında çox oxşar şeylər tapdım. Məsələn,  burada da tərxun gördüm. Siz ondan limonad düzəldirsiniz, amma biz ədva kimi istifadə edirik. Pərpətöyünü də gördüm. Siz onun kötüyündən şoraba kimi istifadə edirsiniz. Biz onun yarpaqlarını yeməyə qatırıq. Biz lazım olan insanları bura gətirmək istəyirik. Əgər kimsə burada  çiyələk istehsal edirsə və ona Meksikada ehtiyac varsa, bununla da iş birliyi alınacaq. Sadə şeylərdən başlamalıyıq”.

Azərbaycanda yeni dostlar qazandığını deyən səfirin fikrincə, Meksika  uzaq olsa da dostlar olanda daha yaxın olur.

Şərhlər bağlıdır.