Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Xocalı: Ədalətin zəfəri”

Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfransı açıq elan edən moderator Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının on illiyi ilə əlaqədar xalqımıza müraciətində qeyd etdiyi kimi, bu amansız və qəddar soyqırım aktının insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu qeyd edib.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi müavini Anar Şahbazov Xocalı soyqırımının tarixi, ermənilərin Xocalı şəhərini hədəf almaqdakı əsas məqsədi ilə bağlı məqamlardan danışıb. Bu gün Zəfər çalmış, qalib bir ölkənin vətəndaşı olmaqla qürur duyduğunu deyən A.Şahbazov bu dəhşətli hadisəni və erməni vəhşilərinin törətdikləri soyqırım aktı ilə bağlı gənclərin maarifləndirilməsi və həqiqətlərin dünya icimaiyyətinə çatdırılması məqsədilə işlərin il ərzində davam etməli olduğunu vurğulayıb.

Mingəçevir Gənclər Evinin “Elm və Təhsil” dərnəyinin rəhbəri Humay Baxışova xilas olmaq istəyən bir çox soydaşımızın öncədən hazırlanan pusqulara düşdüyünü və amansızcasına qətlə yetirildiyini qeyd edib. Ermənilərin Xocalıda həyata keçirdikləri dəhşətli soyqırım aktı ilə bağlı çıxışlarından nümunələr gətirən H.Baxışova bu epizodların insanı dəhşətə gətirdiyini söyləyib.

Hər il soyqırım qurbanlarının xatirəsinin anılması məqsədilə silsilə tədbirlər həyata keçirildiyini deyən Mingəçevir ASAN xidmət Mərkəzinin Könüllülər üzrə məsul şəxsi Əli Qurbanov bu istiqamətdə görülən işlərdə könüllü və gənclərin aktiv olduğunu bildirib. Sosial mediada və arxa cəbhədə xüsusi fəallıq göstərən gənclərimizin bilik və bacarıqlarını ölkəmizin inkişafı, Azərbaycan həqiqətlərinin təbliğinə səfərbər etdiklərini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun tarixi Qələbə qazandığı Vətən müharibəsi dövründə də öz fəallıqları ilə seçildiyini vurğulayıb.

Konfransda iştirak edən Xocalı hadisələrinin canlı şahidi Süleyman Orucov Xocalı soyqırımı zamanı soydaşlarımızın başına gətirilən dəhşətli hadisələr və yaşadıqları çətinliklərdən danışıb. Öz doğmalarını itirən Süleyman Orucov ilk günkü qədər ağrılı olan xatirələri, Xocalının təbiəti, insanları və adət-ənənələrindən söhbət açıb. İllərin həsrətinə son qoyulduğunu deyən qonaq Xocalı soyqırımının 30-cü ildönümündə öz doğma torpaqlarında olmağı arzu etdiyini qeyd edib.

Konfrans iştirakçıların suallarının cavablandırılması və fikirlərinin dinlənilməsi ilə davam edib.

Şərhlər bağlıdır.