Xalq, dövlət, ordu birliyi sarsılmazdır
Azərbaycan xalqı əsrlər boyu yağı hücumlarına məruz qalsa da hər zaman qələbə qazanıb. Şərəfli tarixi olan doğma yurdumuzun fədakar, qorxmaz, vətənpərvər övladları hər zaman düşmən qarşısına cəsarətlə çıxıb. İyirminci əsrin son onilliyində illər boyu özünü dost, qardaş kimi göstərən, əslində isə Azərbaycana düşmən gözü ilə baxan, gizli təxribat planları quran, hətta yeni doğulmuş uşaqları belə türkə düşmən ruhunda böyüdən erməni daşnaklarının törətdikləri fitnə-fəsadlar yerə göyə sığmır. Yurdumuzun səfalı güşələrindən olan Dağlıq Qarabağ və ətraf rayonları işğal edən, sakinlərin ev eşiyindən məcburən köçkün düşməsinə səbəb olan işğalçılıq əməlləri, təxribatları ilə yüzlərlə azərbaycanlını qətlə yetirmiş, əsir götürmüşdür. Ötən illər ərzində davamlı olaraq təxribatlar törədən ermənilər sərhəd bölgələrimizi demək olar ki, hər gün, gecə-gündüz atəşə tutur, mülki əhalinin firavan həyatını pozur, zərbə vururlar. Dövlətimizin başçısı İlham Əliyev həmsədr dövlətlərin iştirakı ilə uzun illərdir düşmən dövlətin rəhbərliyi ilə danışıqlar aparsa da nəticə dəyişmir.
Düşmən sülh yox müharibə istəyir. Bu ilin 12 iyul hadisələri, düşmənin növbəti təxribatı zamanı vurduğu zərbəyə cavab olaraq Azərbaycan Ordusu əks hücum ilə düşməni susdurdu. Təxribatlarından doymyan erməni hərbi birləşmələrinin sentyabrın 27-də səhər tezdən yenidən sərhəd bölgələrimizə müxtəlif istiqamətlərdən güclü silahlı hücumlarına Azərbaycanın cəsur hərbçiləri daha güclü əks -zərbələr vurmaqla cavab verdilər. Artıq torpaqlarımızın müharibə yolu ilə geri alınması üçün ilk addımlar atılıb. Xalqımız da bunun tərəfdarıdır. Bunun üçün xalq prezidentimiz İlham Əliyevin verdiyi qərarları, imzaladığı Fərman və sərəncamaları dəstəkləməli, prezidentimizin yanında olmalı, dövlətimizin bu çətin günlərində vətənpərvərlik nümayiş etdirməlidir. Vəziyyət nə qədər gərgin olsa da ruhdan düşmək lazım deyil. Prezidentimizin dünən imzaladığı Fərman dövlətimizin ərazi bötövlüyünün, vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. İnsanlar qeyri-müəyyən addımlar atmamalı, şayiələrə inanmamalıdır.
Bəli, ölkəmizdə hərbi vəziyyət elan edilib. Bütün güc sahələrinin, dövlət və hökümət rəsmiləri ayıq-sayıqdırlar. Həyat davam edir. döyüşlər zamanı şəhidlərimiz olub, yaralılar da var. Amma zəfər də var. Bir sıra yaşayış yerləri, yüksəkliklər azad edilib və azad edilməkdədir. Vətənpərvər hərbçilərimiz qələbə əzmi ilə döyüşürlər. Bu onu göstərir ki, Azərbaycan övladı vətənini böyük məhəbbətlə sevir. Onun xilası üçün döyüşdən, ölümdən qorxmur. Bizim də vəzifəmiz vətənimizi qoruyanlara dualar etmək, Allahdan yardım istəməkdir.
Xalq, dövlət, ordu birliyi sarsılmazdır. Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Ölkədə hərbi vəziyyətin elan olunması həm də erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Ölkəmizdə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bu həm də təhlükəsizlik baxımından vacib bir vəzifədir. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. İllərdir düşmənin təxribatlarına dözsə də artıq bunun cavabının verilməsini ən düzgün yol hesab edir. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Hərbi vəziyyət həm də milli birliyə çağırışdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Bu eyni zamanda xalqın siyasi iradəsinin təcəssümüdür.
Seçim edilib, siyasi qərar qəbul olunub. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan höküməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.
Tək istəyimiz odur ki, torpaqlarımız işğaldan azad edilsin, vətənimizdə firavan həyat bərpa olunsun. O gün gələcək.
Sərdar Hüseynov
Ehtiyatda olan zabit,
“Azərbaycan ordusunun 100 illiyi” medalçısı
Şərhlər bağlıdır.