QarabağSiyasət

Üçrəngli bayrağımız tezliklə Şuşada dalğalanacaq

Otuz ilə yaxın dövr ərzində torpaqlarımızda dəfələrlə təxribatlar törədən, beynəlxalq qətnamələri icra etməkdən boyun qaçıran ermənilərin cavabı qətiyyətlə, cəsarətlə verilib və verilməkdədir

Ermənistan işğalçı dövlətdir. Illərdir ki, torpaqlarımıza atəşlər açmaqla insanların rahatlığını pozur, evlərə, inzibati binalara, əkin sahələrinə ziyan vururlar. Düşmən xislətindən əl çəkmir. Sentyabrın 27-də sübh tezdən növbəti təxribatı, həm də silahlı hücumlar edən erməni hərbi birləşmələri yenə sərhəd bölgələrimizdə böyük xəsarət törədib. Azərbaycan xalqı artıq yorulub. Düşmənin dinc durmamasından  bəlli olur ki, torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılması mümkün deyil. Hərbin cavabını hərb yolu ilə, hücumun cavabını əks hücum ilə  vermək və daha  güclü formada işğalçılara zərbə vurmaq yeganə yoldur. Azərbaycan dövləti illərdir ki, danışıqlar aparır, amma faydası yoxdur. Düşmən işğal etdiyi torpaqları geri qaytarmaq niyyətindən uzaqdır. Bu məqsədlə erməni silahlı qüvvələrinin döyüş aktivliyinin qarısını almaq,  mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Sentyabrın 27-də  düşmən təxribatına  Milli Ordumuzun qəhrəman əsgər və zabitləri cəsarətlə cavab verməklə  tariximizin növbəti şərəfli səhifəsini yaratdılar. Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası  aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır.

Həmin gün həyəcanımız böyük idi. Azərbaycan telekanallarını dəyişə -dəyişə hadisələr barədə məlumatlanmaq üçün tez-tez dəyişirdik. Bu zaman məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanacaq. Təbii ki,  dövlətimizin başçısı qayğılı baxışları  və xalqa inamı, ehtiramını ifadə edən müraciəti ilə  bizlərə ruh və inam verdi. Dövlət başçımızın müraciətində düşmənin azğınlıqlarından söz açmaqla xalqı paniklərə uymamağa, təxribatçıların, sosial şəbəkələrdə ara qarışdırmaq məqsədi ilə yalan məlumatlar yayan dələduzlara inanmamağa səslədi. Azərbaycanı sevməyən, Ordumuzun  güclənməsini istəməyən, iqtisadiyyatımızın  inkişafını, Azərbaycanın dünyaya inteqrasiyasını , insanların həyat tərzinin yaxşılaşmasını, regionların sosial-iqtisadi inkişafını  qəbul etmək istəməyən qüvvələr insanların fikirlərini  qarışdırmaq üçün yalan məlumatlar yaymağa cəhd göstərirlər. Onlara inanmamalı, cavabları yerindəcə verilməlidir. Biz dövlətimizə, Ordumuza güvənməliyik və güvənirik. Öz işimizdə, fəaliyyətimizdə dəstəyimizi ifadə etməliyik. Belə bir gərgin dövrdə əsgər və zabitlərimizin düşmənlə üz-üzə,  ölümün gözünə dik baxaraq əks hücumlar etməklə torpaqlarımızı qoruduqlarını, azad etdiklərini bilə-bilə təxribatçıları dinləməməli, onlara  ancaq lənətlər yağdırılmalıdır.

Hadisələri ilk başlayan ermənilərdir. Və bu səbəbdən Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistan müxtəlif istiqamətlərdən,  Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən isə Gədəbəy  rayonunun Zamanlı kəndində  və adsız  yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altındakı olan Giləbürt, Azdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, bu dəfə ordumuzun cavabı daha sərt və amansız olub. Düşmənə böyük zərbə vurulub.

Hər kəsə bəllidir ki, uzun illərdir siyasi danışıqlar aparılır və nəticəsiz qalır. Azərbaycan xalqı, torpaqlarımız düşmən təcavüzünə məruz qalır. Biz erməni torpağa bir addım belə atmamışıq. Bizim özgə torpağında gözümüz yoxdur. Onlar bizim torpaqlarımızı işğal ediblər, indi də qondarma Dağlıq Qarabağ Respublikası adı altında qeyri-qanuni çıxışlar edir, köç planı qururlar. Azərbaycan dövlətinin tək bir istəyi və tələbi var: Ermənilər torpaqlarımızı qeyd şərtsiz geri qaytarsın, ədalət bərpa olunsun. Lakin sülh məramlı danışıqlar bəhrəsiz qalır. Düşmənə öz əməli, öz dili ilə cavab verilməli, torpaqlarımız  işğaldan azad olunmalıdır. Hücuma əks hücum, döyüş, müharibə !

Dünən ilk zəfər xəbərlərini eşitdik. Hamı bir-birinə gözaydınlığı verməyə başladı.  Otuz ilə yaxın dövr ərzində torpaqlarımızda dəfələrlə təxribatlar törədən, beynəlxalq qətnamələri icra etməkdən boyun qaçıran ermənilərin cavabı qətiyyətlə, cəsarətlə verilib və verilməkdədir. Işğal altında qalan yaşayış məntəqələriniz sıra ilə geri alınır. Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti sayəsində, gecə gündüz sərhədlərimizi qoruyan vətənpərvər övladlarmızın ayıq-sayıqlığı sayəsində Azərbaycan qələbələr əldə edir. Zəfər bizimlədir. Dövlətimizin başçısı, Ali Baş Komandan  İlham Əliyevin Ordumuzun şəxsi heyətinə təlqin etdiyi ruh, inam və  qətiyyət sayəsində Azərbaycan düşmənin bütün həmlələrini dəf etməklə işğal altında qalan digər torpaqlarımızı da geri qaytaracaq. Xalqımız buna inanır və  əmindir ki, qələbə bayrağımız  tezliklə Şuşada, digər yurd yerlərimizdə dalğalanacaqdır.

Mirzə Cavadov,

YAP Mingəçevir şəhər təşkilatının Siyasi Şurasının üzvü

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close