Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Valideynin “çamadanı”, yaxud ata-analı “yetimlər”

Atasını gözləyən beş yaşlı oğul

Nəsiminin vətəndaş nikahı ilə yaşadığı Səmayədən olan oğlu artıq 5 yaşına çatıb. Hər gün xırda barmaqları ilə məktəbə gedəcəyi günləri sayır, tez-tez də anasına tərəf başını çevirib: “Məni məktəbə atam özü gəlib aparacaq, eləmi?”

Rusiyada “pul qazanan” ata uzun illərdir ki, orada  başqa millətdən olan  qadınla qanuni nikahdadır. Hətta qızını köçürüb, oğlunu da evləndirb.  Yaşlı vaxtında Səmayə ilə qeyri-rəsmi ailə qurması da sadəcə qocalığını təmin etmək düşüncəsindən irəli gəlib: “Onsuz da gec-tez vətənə qayıdasıyam. Heç olmasa gələndə ailəm olsun, mənə baxan olsun”.

Beş yaşlı Natiq isə hər dəfə telefonda atasının səsini eşidəndə az qalır quş kimi pərvazlanıb uça: “Atam deyir ki, sən məktəbə gedənə qədər evimizə gələcəm. Bircə məktəbə tez gedəydim…”

Nəsiminin Azərbaycanda evi, maşını, kafesi və maşınyuma məntəqəsi var. Burdan gələn gəlir hesabına ailənin xərclərini ödəmək mümkün olur. Amma artıq Səmayə xanımda bu rahat günlərinin uzun davam edəcəyinə şübhələr yaranıb. Onun dediyinə görə, rəsmi nikahı olmadığı üçün rahat  güzəranının əlindən çıxacağından, övladının kirələrə sığınacağından narahatdır: “Ərimin qardaşları deyirlər ki, o, bura qayıdası deyil. Hər yerdə onun neçə arvadı və uşağı var. Yaxşısı budur üzüsulu qayıdasan dədənin evinə…”

Uşağı yaratmısansa, ona borcunu verməyə borclusan

“Kişi qadını mənzildən çıxara  bilər, amma uşağın saxlanması ilə bağlı xərcləri çəkməyə məcburdur. Hətta rəsmi nikah olmadan belə qadın ərindən aliment tələbi ilə məhkəmədə iddia qaldıra bilər”- Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cianşa Ömərov belə deyir. Onun sözlərinə görə, qadın uşağın atalığının rəsmən tanınmasına nail olmalıdır: “Çünki gələcəkdə əmlak bölgüsündə uşağın  əli boşda qala bilər. Nəzərə alsaq ki, atanın sağlığında ona məxsus əmlakın bölüşdürülməsində çətinlik yoxdur. Amma bu, sonradan çox ciddi əngələ çevrilə bilər. Əgər atanın doğrudan da vərəsələri çoxdursa, bu uzun-uzadı məhkəmə çəkişmələrinə gətirib çıxaracaq. Məsuliyyətli və ciddi insanlar özlərindən sonra uşaqları üçün ciddi problemlər saxlamır, arzu olunmaz valideynə çevrilmirlər”.

Uzun illər Oğuz rayon İcra Hakimiyyətində qəyyumluq məsələləri ilə məşğul olmuş Yusif Rzayevin dediyinə görə, ata-ana ayrılarsa, yaxud bir yerdə yaşamazsa, adətən uşaq valideynlərindən birinin yanında qalır: “Hər iki valideyni yoxdursa, qəyyumluq orqanının razılığı ilə uşağın xüsusi körpələr və uşaq evlərinə, internat məktəbə verilməsi mümkün olur”.

Yusif müəllimin fikrincə, bütün hallarda uşağın şəxsiyyəti müəyyənləşdirilməlidir:  “Bu yaxınlarda bir uşağın atalığını təyin  etdik.  Ana uşağı doğub, çıxıb getmişdi, ata da ortalıqda yox idi. Uşağın 16 yaşı olanda ata gəlib çıxdı, onun ərizəsinə əsasən uşağa atalıq verildi, şəxsiyyət vəsiqəsi yazıldı. Ümumiyyətlə, atalığın və analığın  müəyyən olunması vacibdir. Əgər valideynlərdən biri bunu könüllü etmək istəmirsə, məhkəmə qarşı tərəfin iddiası ilə DNT analizi keçirə bilər. Yəni övladına sahib çıxmağı həm mülki, həm də şəriət qanunları tələb edir. Uşağı yaratmısansa, ona baxmağa, borcunu verməyə,  mülkündən miras payı ayırmağa borclusan”.

Məktəb yaşlının əməyi istismar olunursa…

“Bəzən valideynlər deyirlər ki, ay müəllim, uşağı sizə tapşırmışıq, sözünüzə baxmasa, oxumasa, döyə də bilərsiniz. Çox təəssüf ki, belə ailələrdə böyüyən uşaqların əksəriyyəti ailədaxili zorakılğın qurbanına çevrilirlər. Biz valideynləri başa salmaq istəyirik ki, övladınızla bir fərd, şəxsiyyət kimi davranmalısısnıız, əks təqdirdə onları atalı-analı yetimə çevirirsiniz”.

Bu fikirləri bizə Mingəçevir Valideynlər Assosiasiyasının icraçı direktoru Yeganə Nəbiyeva deyir. O,  həm də əlavə edir ki, bir çox ailələr uşaqlarının tərbiyəsi ilə demək olar ki, məşğul olmurlar: “Bütün yükü məktəbin öhdəsinə atırlar, çağırışlara gəlmirlər, hətta valideyn iclaslarına da qatılmırlar. Səbəb kimi də işlərinin çox olduğunu bəhanə gətirirlər. Bizim  psixoloqlarımız bu uşaqlarla söhbət edəndə məlum olur ki, onlar öz ata-anaları tərəfindən hər cür təzyiqə məruz qalırlar. On iki yaşlı  oğlunu  təhsildən yayındırıb, məhəllələrdən dəmir toplamağa göndərən valideyn onun əməyini istismar etməklə cinayət törətdiyini bəlkə də başa düşmür. Amma qanunu bilməmək  heç kimi məsuliyyətdən azad etmir”.

Yeganə xanımın fikrincə, uşaqlara qarşı istismar və məişət zorakılığı çox vaxt gizlədilir: “Uşaq hansı yükü qaldıra blər, hansı işi görə bilər.  Qanunla, 15 yaşınadək uşaqla əmək sazişi bağlamaq yasaqdır. Bu sazişin yazılı və ya şifahi qaydada  uşağın yaxınları və ya  kənar adamlar tərəfindən bağlanması mahiyyəti dəyişmir. Əgər valideyn uşağını istismara məruz qoyursa,  nənə və baba iddia qaldırıb, valideyni valideynlik hüququqndan məhrum etdirə bilər.Təəssüf ki, praktikada bunların əksəriyyəti  üzə çıxmır. Azərbaycan mentalitetində heç kim bunu açıb-ağartmır”.

Eyni hal üzrə fərqli normalar

Qarabağ veteranı Əbülfət Babayev deyir ki, Dövlət Statistika Komitəsinin məlumatına  görə, 2015-ci ildə 18 yaşına qədər 181 qadın rəsmi nikaha girib: “Hələ qeyri-rəsmi məlumatları demirik. Ailə Məcəlləsinin 10.1 maddəsində birmənalı şəkildə göstərilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Yəni həm qızlar, həm də oğlanlar üçün evlilik yaşı 18-dir. Üstəlik Cinayət Məcəlləsinə 176.1 maddəsi əlavə edilib. Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Amma Ailə Məcəlləsi ilə (10.2 maddə) nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bunu ailə vəziyyəti, qızın hamilə olması və s. ilə əsaslandırırlar. Cinayət Məcələsinə görə azyaşlının  cinsi əlaqəyə girməsi qadağandırsa, Ailə Məcəlləsi bu faktı ört-basdır etməyə niyə  şərait yaratmalıdır? “

Müsahibimizin qənaətinə görə, əslində eyni hal üzrə həm Ailə, həm də Cinayət məcəllələrində fərqli normanın olması son halda sui-istifadəyə gətirib çıxarır: “Bir tanışımın azyaşlı qızı hamilə qalmışdı. Əvvəl oğlanı həbs etsələr də ailəsi hökumət məmurları ilə dil tapdı, cinayəti qanuniləşdirdi. Amma nə qədər insanlar tanıyıram ki,  eyni vəziyyətdə həbsə atılıblar”.

Uşaq öz haqqınının müdafisinə nə zaman qalxa bilər?  

Azərbaycan Hüquq İslahatları Mərkəzinin hüquqşünasl Tahir Əliyev deyir ki, uşağın hüququ qanunla 7 yaşından başlanır: “7 yaşına qədər uşağın heç bir hüququ yoxdur. O, hətta mağazadan nə isə ala bilməz.  Bəs belə olan halda 7 yaşdan aşağı olan uşaqdan dediş haqqı hansı əsasla alınır?  Hətta avtobuslarda belə bir elana rast gəlinir: “6 yaşından yuxarı uşaqlara bilet alınmalıdır”. Bununla bağlı mövcud qanunvericiliyi əsas götürüb,  avtoşirkətlərə qarşı iddia qaldırmaq olar. Əslində bu gün 7 rəqəmi müəyyən qədər mübahisəlidir. Sovetlər dövründə məktəbə uşaqları 7 yaşında göndərirdilər,  yəqin ki, 7 rəqəmi də o zamandan qanunvericiliyə salınıb və yeni qanunvericilikdə də dəyişdirilməyib. Çünki bu gün məktəb yaşı 6-dan başlayır. Həmin yaşda uşaq müstəqil halda nəqliyyat vasitəsinin sərnişininə, mağazanın alıcısına çevrilir və müəyyən əqdləri həyata keçirir. Əgər bu artıq reallıqdırsa, bu normanın qanunvericiliyə gətirilməsi  də zərurətə çevrilir”.

Tahir Əliyev bəzi məsələlələrə də aydınlıq gətirdi: “18 yaşınadək uşaq valideynin “çamadanıdır”. Valideyn hara gedirsə, uşaq da ora getməyə borcludur. Lakin 14 yaşından sonra uşağın məhkəmədə iddiası qəbul edilir. Uşağın ad-soyadının dəyişməsi ilə bağlı 10 yaşından sonra valideynin, 18 yaşından sonra isə özünün qərarı vacibdir. Uşaq 10 yaşdan sonra . məhkəmə qaydasında valideynlərindən imtina edə bilər. Məhkəmə işinə baxılarkən qəyyumluq orqanının rəyi olmalıdır.”

Ekspert onu da uzah etdi ki, hələ də Azərbaycanda valideynlər elə hesab edirlər ki, uşağa baxan tərəf aliment hesabına öz xərclərini də qarşılamalıdır: “Bəzən qadınlar məhkəməyə şikayətə gəlirlər ki, atanın verdiyi pulla uşağı güc-bəla ilə dolandırır, onun özünə heç nə qalmır. Yəni bu adamlar o fikirdədirlər ki, boşanmadan sonra da kişi və ya qadın qarşı tərəfin bütün xərclərini çəkməlidir. Qanunda aliment yalnız uşağın saxlanması üçün onun birgə yaşadığı ataya və ya anaya verilir. Əksər ölkələrdə isə uşaq 14 yaşına çatdıqdan sonra aliment onun  özünə verilir. Lakin Azərbaycan qanunvericiliyi buna da yol vermir”.

Şərhlər bağlıdır.