Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Vətənə olan sevgimi-düşmənə olan nifrətimi Şuşa səhnəsində hayqırmaq istəyirəm”.

245

Əliyeva Afət Məmməd qızı 1969-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində doğulub. Kənd məktəbində orta təhsil aldqdan sonra mədəniyyət sahəsini seçib. Bir müddət Yevlaxda çalışıb. 19 ildir ki, Mingəçevir teatrında işləyir. Ailəlidir.

Afət xanımla müsahibəni qələm dostumuz Qabil İbrahimli aparır.  

-Afət xanım, bu ay sizin ad gününüzdür, 50 illik yubileyinizdir. Gəncliyinizdən teatrla bağlısınız. Geriyə baxanda nə düşünürsünüz: teatr sizə nə verdi?

-Deyərdim ki, çox şeyi. Lap uşaq yaşlarımdan mədəniyyət işçisi olmaq istəmişəm. Aktirisa olmaq isə heç ağlıma belə gəlməyib. O vaxtlar mənim üçün klub, yaxud özfəaliyyət işçisi olmağın heç bir fərqi yox idi Təki mədəniyyət sahəsində çalışım. Odur kki, orta məktəbi bitirib, Şuşa Mədəni-Maarif Texnikumuna qəbul oldum. Təyinatla Yevlağa gəldim, şəhər Mədəniyyət şöbəsində metodist işlədim. Yevlax xalq teatrında rejissorluq da elədim.Bir neçə kiçik həcmli tamaşalar hazırladım. 2000-ci ildən taleyimi Mingəçevir Dövlət Dram teatrı ilə bağladım və aktirisa oldum.

-O illərdən bu illərə nələri gətirmisiniz?

-Heç vaxt dəyişməmişəm. Həmişə səmimiyyətimi, insanlara olan münasibətimi saxlamışam. Duyğu və düşüncələrimi də o illərdən bu illərə gətirmişəm. Arzularımın bir çoxu, şükürlər olsun ki, bu illərdə reallaşıb. Reallaşmayanları da olub…

-Arzulayaq ki, bunlar da reallaşsın! Mən biləni siz əvvəllər ümumitifaq festivallar laureatı adına layiq görülmüsünüz? 2018-ci ildə isə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiniz.

-Ümumitifaq festivallar laureatı adını hələ tələbə ikən qazanmışam. O ki qaldı “Tərəqqi” medalına, bu, hər bir yaradıcı insan kimi mənim üçün mənim üçün də böyük şərəfdir. Bu təltif həm də mənim məsuliyyət hissimi artırıb.

-Tamaşaçı zövqü və repertuar seçiminə münasibətinizi bilmək istərdim?

-Düzünü desəm, repertuar seçiminə münasibətim heç de yaxşı deyil. Tamaşaçı zövqünə gəldikdə isə, təbii ki, biz onu korlamamalıyıq. Mövsümün əvvəlində hansı tamaşaların hazırlanması barədə məlumat alırıq. Sonralar işin gedişatında biz tamam başqa piyesləri hazırlayırıq. Niyə? Bilmirəm, ola bilər ki, bu da bir zərurətdən doğur. Aktyorlar arasında yaxşı bir deyim var: “Qonaq qabağına çıxan tamaşa”. Bax, bizdə bu yoxdur. Təsəvvür edin ki, birdən bizə deyilsə ki, Bakı şəhərinə qastrolumuz var, onda bir-iki tamaşa ilə hesabat verəcəyik və yaxud nazirlik və ya şəhərimizin rəsmiləri bir tamaşaya baxmaq istəyir, bir monemental sənət əsərimiz yoxdur ki, onu nümaiş etdirək.

-Bu, teatrın ən qlobal problemlərindən biridir. Onun həlli üçün nə etməliyik?

-Çıxış yolu var. Bu yaxınlarda bədii şuranın sədri, teatrın direktoru Səxavət Məmmədov teatrın ümumi yığıncağında bu məsələyə toxundu. Qeyd etdi ki, bədii şura təcili şəkildə yenidən formalaşmalıdır. Pyeslər səhnəyə qoyulmazdan əvvəl şura üzvləri tərəfindən oxunub, dərindən müzakirə edilməlidir. Biz hazırda müharibə şəraitində yaşayırıq. Belə olduğu halda repertuarda əsas yeri vətənpərvərlik mövzusu tutmalıdır. Biz vətənə olan sevgimizi, yağı düşmənə olan nifrətimizi dövlətin tirbunasından – səhnədən tamaşaçılarımıza aşılamalıyıq. Bu bizim vətəndaşlıq və vəzifə borcumuzdur. Tamaşaçı zövqünün korlanması da bizdən asılıdır.Yaxşı repertuar, gözəl oyun tərzi heç vaxt zövqü korlamaz.

-Rol bölgüsü və rejissor işi sizi qane edirmi?

-Bu da yaxşı sualdır. Bildiyimiz kimi, teatrı yaşadan əsas simalar rejissor və aktyorlardır. Onlardan biri bizdə yoxdur, rejissorumuz yoxdur. Bizə təcili rejissor lazımdır. Tamaşaların hazırlanmasına Bakıdan mütamadi olaraq rejissorlar dəvət edirik. Bunun da mənfi və müsbət tərəfləri var. Müsbət tərəfi budur ki, hər bir rejissorun özünün öz dəst-xətti, öz yozumu var. Çox öyrənirsən, çox səhnə yozumlarında oynayıb püxtələşirsən, yeniləşirsən. Mənfi tərəfi budur ki, hər bir dövlət teatrının özünün yarandığı gündən öz yaradıcılıq ənənəsi, öz dəsti-xətti olur. Belə olan halda bu ənənə,  bu dəst-xətt pozulur, teatr çaşbaş qalır.

-Sizcə dəvətlə gələn rejissorları ən çox keyfiyyət maraqlandırır yoxsa alacağı qonarar?

-(Gülür). Əksər hallarda məncə qonorar. Siz rol bölgüsünə də toxundunuz. Rol bölgüsündən o qədər də narazılığım yoxdur. Amma dəvət alan hər bir rejissor yaxşı olar ki, rol  bölməzdən əvvəl bir neçə tamaşaya baxsın, aktyorları qismən də olsa tanısın və sonra rolları bölsün. Bu xüsusi tapşırıqla olanda yaxşı alınmır. Düzdür, elə rejissorlar var ki, onlar burada bir neçə tamaşa hazırlayıblar, aktyorları yaxşı tanıyırlar, ona görə də işləri normal alınır.

-Afət xanım, hər bir aktyorun həmişə oynamaq istədiyi, amma hələ oynamadığ  bir obraz olur. Sizdə necə, varmı?

-Var! Nə qədər ki, gec deyil Hüseyn Cavidin Afət pyesində Afəti oynamaq istərdim.

-Oxşar obrazlarda nələri təkrarlamaq istəmirsiniz?

-Oxşar obrazlarım çoxdur. Ancaq həmişə çalışmışam ki, onlar bir-birinə oxşamasın. Bunun üçün çox əziyyət çəkmişəm. İstər danışığımda, istər yerişimdə, istərsə də yeni-yeni jestlərlərimdə onları bir-birindən fərqləndirməyə çalışmışam. Nə qədər nail olmuşamsa, artıq bunu tamaşaçılar deyə bilər.

-Rollarınız həyat tərzinizə, xarakterinizə təsir edirmi?

-Əksər hallarda, bəli. Birdən xoş əhval-ruhiyyədə oluram, bəzən bədbinləşirəm. Bu da ki, oynadığım obrazların xarakterindən asılıdır. Heç vaxt özümdən razı qalmıram, rollarımla öz-özümə həmişə hesabat verirəm.

-Afət xanım, Mingəçevir teatrında gənclər ilbəil artır. Sizcə gənc aktyorlara ümid bəsləmək olarmı?

-Teatrımızın yaradıcı heyətini əsasən gənclər təşkil edir. Hələ teatrda studiya fəaliyyət göstərəndə mən də onlara dərs demişəm. Bu gənclərin püxtələşməsində qismən də olsa payım var. İndi onlar səhnədə peşəkar aktyorlarla çiyin-çiyinə çalışır, nümunə götürürlər. Nargiləni, Paşanı, Hüseyni, Eyvazı ümidverən aktyor hesab etmək olar .

-Sizcə, onların sənətə məhəbbəti daimidir?

-Nə deyim, vallah, mən erkən yaşlarımdan sıravi mədəniyyət işçisi olmaq istəyirdim. Ancaq təhsil aldığım illərdə müəllimlərim – respublikanın əməkdar artistləri Yadigar Muradov və Teymur Məmmədov mənə teatrın əhəmiyyətini, aktyor sənətini mahiyyətini, ucalığını elə aşıladılar ki, teatrı öz evim, öz ailəm kimi sevdim və sevəcəyəm də. Gənc aktyorlara gəldikdə isə bu tək onlardan asılı deyil. Biz də bu işdə onlara dəstək olmalıyıq və oluruq da! Bir də sizə bir söz deyim: təhsil almaq, savadlı olmaq həmişə vacibdir. Təbii ki, istedad olmalıdır. İstedadı isə həmişə savad, dünyagörüşü istiqamətləndirir. Mən çox təəssüflənirəm ki, teatrımızda təhsilli aktyorlar barmaqla sayılır. Amma ona da sevinirəm ki, hazırda Səxavət Məmmədov Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi ilə danışıqlar aparır. Ümid edirəm ki, gələcəkdə bu məsələ öz həllini tapacaq.

-Siz əvvəlcədən də vətənpərvərlik mövzusunda çox ehtirasla danışdınız. Əsl azərbaycanlı kimi vətən eşqiniz tükənməzdir…

-Şairin təbiricə desək, “Vətəni sevməyən insan olmaz.” Mən özüm şəhid ailəsiyəm. Qardaşım Elşad Məmməd oğlu Məmmədov Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Şəhid bacısı olmağımla fəxr edirəm. Həm də bilirsiniz ki, ixtisas təhsilimi Qarabağın ürəyi sayılan Şuşada almışam. İstərdim ki, günün birində Şuşaya qastrol səfərinə gedək. Vətənə olan sevgimi, düşmənə olan nifrətimi Şuşa səhnəsində hayqıram…

Şərhlər bağlıdır.