ÜZƏN MANATIMIZ
21 fevral 2015-ci ildə manat 33,8 faiz, 21 dekabr 2015-ci ildə isə daha 47,6 faiz devalvasiya olundu. 2015-ci ilə 1 dollar = 0.78 manat məzənnə ilə başlasaq da, ili 1 dollar = 1.55 manat məzənnə ilə yola salırıq. Yəni ilin əvvəli ilə müqayisədə ilin sonuna dollara nisbətən manat 2 dəfə ucuzlaşıb.
Manatın növbəti devalvasiyası gözlənilən idi. Son məlumatlara əsasən Mərkəzi Bankın valyuta ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. FED uçot dərəcələrini qaldıranda hökumətin devalyasiyaya gedəcəyi məlum idi. Əslində insanlar bunu gözləyirdilər. Amma güman olunurdu ki, bu, yavaş-yavaş olacaq, ciddi hiss edilməyəcək. Əslində Mərkəzi Bank manatın məzənnəsini tədricən ucuzlaşdırsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı.
Iqtisadçı Samir Əliyevin fikrincə, hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır: “Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq. Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devlavasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”.
Ekspertlər belə hesab edirlər ki, neft ucuzlaşdıqca və dollar bahalaşdıqca manatın üzməsi, yəni ucuzlaşması davam edə bilər.
Şərhlər bağlıdır.