31 may… Bu gün həqiqətən də möhtəşəm gündür. Şagirdlərin həyəcanla gözlədiyi, lakin məktəbdən ayrılmaq istəmədikləri bir gün.
Mingəçevir şəhərində son zəng gününü yüksək səviyyədə qeyd edən məktəblərdən biri də 14 saylı orta məktəb oldu. 4 sinfin 68 şagirdi məzun adını qazandı. Hər biri bir-birindən gözəl görünürdü. Hələ 1-ci sinifləri demirəm, Azərbaycanı Eurovision mahnı müsabiqəsində qalib edən “Running scared” mahnısının sədaları altında mələk görkəmində rəqs etdilər, bayrağımızı dalğalandırdılar.
Fərqli çıxışları ilə hamını sevindirən 11-lərin ən böyük arzusu tələbə adını qazanmaqdır. 11a sinif şagirdi Zaur məktəbdən ayrıldığı üçün həm kədərli, həm də xoşbəxt olduğunu bildirdi. 11b-nin məzunları sinif rəhbərləri Alidə Adıgözəlova ilə bərabər çox gözəl çıxış etdilər.
Məktəbin həyətində şagirdlərdən də çox sevinən valideynlər idi. 3 övladının bu məktəbi bitirdiyini söyləyən Səliqə nənə bütün məzunları təbrik etdi, övladlarının və kürəkəninin bu məktəbdə təhsil aldığını, hər birinin peşə sahibi olduğunu, gələn ilin bu vaxtı isə nəvəsi Türkanənin məzun olacağını və bu həyəcanı yaşayacağını dedi.
Direktor müavini Sariyyə Əliyeva keçən il 60 şagirddən 25-nin tələbə adını qazandığını, şagirdlərin iştirak etdikləri müsabiqələrdə fərqləndiklərini yada saldı: “Uşaqlarımız dövlət gerbimizi hazırlamaqla bağlı müsabiqədə I yerə çıxdı. Həmin gerb indi Fövqaladə Hallar Nazirliyinin foyesində nümayiş etdirilir. İnanıram ki, məzunlarımız məktəbimizin və valideynlərinin fəxri olacaqlar”.
…Məzunlar rəqs edir, mahnı oxuyurdular. Amma bu, uşaqlığın son nəğməsi idi. Amma hələ ki, onlar sabahın qayğılarından xəbərsizdilər.
Rufana Namiq qızı,
“Mingəçevir işıqları” qəzetinin Jurnalistika Məktəbinin dinləyicisi
Şərhlər bağlıdır.