Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələri Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqları ziyarət ediblər. Tələbələr özləri ilə gətirdikləri ərzaq və geyim ləvazimatlarını balaca sakinlərə hədiyyə ediblər. Sevinclərinin həddi-hüdudu olmayan uşaqlar tələbələri qucaqlayıb, doğmaları kimi qəbul ediblər.
Şöbə müdiri Sevinc Abbasovanın verdiyi məlumata görə, sanatoriya 30 ildən çoxdur ki, fəaliyyət göstərir. 2015-ci ildən hazırda fəaliyyət göstərdiyi ünvana köçürülüb, 4 yataq, 2 dərs, 2 həkim, oyun, prosedur, masaj və iynə, mətbəx, anbar, hamam və ayaqyolu otaqları ilə təchiz olunub.
Burada 22 uşağa xidmət göstərilir. Onlardan 5-i məktəbə gedir, lakin nevroloji problemləri var. Digərlərinin isə yaşı və sağlamlığı təhsil almağa imkan vermir. Uşaqların ikisinin valideyni məlum deyil, digərlərinin isə valideynləri var, lakin uşaqlar nevroloji xəstəliklərdən əziyyət çəkdikləri üçün burada müayinə və müalicə olunurlar. Onlar 18 yaşına qədər burda qala bilərlər.
Uşaqlarla 58 nəfərlik heyət məşğul olur. Onlardan 4-ü həkim, 15-i tibb bacısı, digərləri dayə və xadimələrdir. Sevinc Abbasovanın sözlərinə görə tibbi sığorta tətbiq edilən regionlardan (Mingəçevir, Yevlax və Ağdaş) olan uşaqlar üçün sanatoriyada müayinə-müalicə aparılır, masaj, fizioterapik xidmət göstərilir. Sanatoriya Mərkəzi Xəstəxana PHŞ tərəfindən dərman, geyim və qida ilə təchiz olunur. Uşaqlarla əsasən pediator, psixoloq, loqaped, şahmat və ingilis dili müəllimləri məşğul olurlar.
Nazim Niftəliyev
MDU Mətbuat xidmətinin rəhbəri
Şərhlər bağlıdır.