AktualAraşdırmaAzərbaycanCəmiyyətElm və təhsilIKTMaraqlıMədəniyyətOrta və ali təhsil

Uşaqları niyə aldadırıq?

Beynini işlət, o sənə lazımdır!

Uşaq anadan olanda anası ona süd verir, qayğı, nəvaziş göstərir, çünki uşağın məhz bunlara ehtiyacı olur. Sonrakı  günlərdə, həftələrdə, aylarda, hətta illərdə uşaqlara onların ehtiyacı olanları vermək valideynin, onlara qayğı göstərən insanların vəzifəsi və borcudur. Uşağa süd verərkən ana uşağına xoş sözlər, layla deyir, onun rahat yeməsi və yatması üçün lazım olanları edir, çünki etməlidir! Təsəvvür edin ki, ana körpəsinə süd vermir,  uşağa ancaq südün faydaları haqqında danışır, onu yemək məcburiyyətində olduğunu anladır, bu haqda uzun-uzadı faktlar, fikirlər səsləndirir, sizcə nə baş verər? Təbii ki, uşaq ac qalar və Allah qorusun, tələf olar..

Deməli, körpə uşağın bütün bu nəzəri məlumatlara hələ ki, ehtiyacı yoxdur, onun ehtiyacı olan, sadəcə, süd əmib mışıl-mışıl yatmaqdır. İki yaşından sonra uşaqlara həm də böyüklərin yediyi qidalardan, amma suda bişmiş, bir qədər də yağsız yemək veririk, sizcə niyə? Bəlkə də bu haqda düzgün məlumatı olanlar bilirlər, bilməyənlər üçün onu demək olar ki, uşaqların hələ körpə vaxtlarından beyinləri yavaş-yavaş inkişaf edir və formalaşır, odur ki, onların enerjisinin daha çoxu beynin inkişafına sərf olunmalıdır. Lakin körpəyə  çox kalorili qida verilərsə o zaman uşağın bədəninin enerjisi həmin qidaları parçalamağa və həzm etməyə yönəlir. Bu isə uşağın beyninin formalaşması üçün sərf olunan enerjinin azalmasına səbəb olur və uşağın beyninin inkişafına mənfi təsir edərək bu inkişafı ləngidir. Çox adam elə fikirləşir ki, uşağa güclü qida versək o daha yaxşı və tez böyüyər, lakin bu çox yanlış fikirdir. Ona görə də hətta xəstə və yaşlı adamlara da sulu və nisbətən həzmi asan olan yeməklər  verilir ki, bədənin enerjisi xəstənin sağalmasına sərf olunsun və əlavə enerji itkisi olmasın. Yəni, hər yanlış hərəkət daha bir yanlışı özü ilə gətirə bilir.

Əslində bu yazının məqsədi beyinlə bağlı olsa da uşaqların qidalanması ilə bağlı deyil, onların ehtiyacları və bizim onlara etdiyimiz yanlışlar, “məsləhət gördüklərimiz”, onların fəsadları haqqındadır. Uşaqlar böyüyür, bizi anlamağa başlayır, eyni zamanda özünü anlatmağa çalışır. Onlar beyninin imkanları ilə hərəkət edir, baxır, hiss edir, toxunur, eşidir, qoxlayır, anlayır və düşünür. Uşaqlar daim hərəkət etməyə çalışırlar, çünki hərəkət həyatın, varlığın özüdür. Uşaqlar bir ömür boyu yaşamağa bəs edəcək enerjiyə sahibdirlər, odur ki, bu enerjidən qorxmaq, onu yavaşıtmağa çalışmaq mənasız və təhlükəlidir. Böyüklərin ağıllı və fərasətli olduğunun göstricisi isə bu enerjinin önünü açmaq və onu düzgün yönlədirməkdən ibarətdir.

Əgər bunu bacarırsansa yaxşı valideyn olursan,  bacaramırsansa həm pis insan, həm də pis valideyn olursan.Uşaqların fiziki imkanları onların beyin fəaliyyəti ilə bağlıdır, beyin onlara hansı imkanları verirsə, uşaqlar da həmin imkanları həyata keçirməyə çalışırlar. Yaşın və deməli zamanın keçməsi ilə uşaqlarda həyat tərzinin dəyişməsi, cinsi xüsusiyyətlərin yaranması, bəzi şeyləri tədricən anlaması beynin yaratdığı imkanların növbə ilə açılması, yaxud da indiki dillə desək, bizim ətraf aləmlə ünsiyyətimizi təmin edən ağlın-əməliyyat sisteminin müəyyən proqramlarının zamanla aktivləşməsi ilə bağlıdır. Bəzən istisnalar olur, lakin isitsnalar ümumi olanları inkar etmir, yəni istedadlı və vunderkind, yaşından daha qabaq böyüyən uşaqlar da olur.

Uşaqların beyninin imkanlarına uyğun olaraq onlar üçün evdə yaradılması mümkün olan bütün yaradıcı  imkanlar və şərait uşaqlara lazımdır, özü də hava və su kimi. Evdə bu imkanlar olmadıqda  və valideynlər uşaqları anlamaq istəmədikdə,  onlar valideynlərin qadağa və danlağına məruz qalan zavallı bir varlığa çevrilirlər. Belə uşaqların nə arzuları olmur, nə içindəki gücü, bacarıqları tanıya və anlaya bilmirlər, eyni zamanda valideynini sadəcə qorxu altında sevirlər və nə öz həyatları, nə də onu əhatə edən insanların həyatı üçün məsuliyyət hiss etmirlər. Bizim cəmiyyətdə isə belə uşaqlar çoxdur( həm də artıq böyümüş, valideynlərini  təqlid və təkrar edən valideynlər olaraq): arzusu olmadığı və valideynlərini qorxu altında “sevdiyi” üçün,  böyüdüyü zaman onlardan bacardığı qədər uzaq olmağa, qaçmağa çalışan, sevgiyə inanmayan və onu anlamayan, heç kimə etibar etməyən uşaqlarla.  Bu, onillərdir ki, belədir, xüsusilə işğalçı və istismarçı sovet dönəminin yaratdığı avtoritar rejimin acı nəticələridir. Onunla qulluqçu kimi davranan rejimi təqlid edən valideynlər də uşağı ilə qul və kölə kimi davranır və üstə gəl bu cür idarəetmə hələ də davam edirsə…

Beynin imkanları olduğunu az-çox anlayan valideynlər övladlarını da məhz öz bacarıqları ilə: anlayaraq, düşünərək böyüməsi üçün evdə onlara müxtəlif imkanlar, şəraitlər yaradırlar və övladları da müstəqil düşüncəli, yaradıcı böyüyürlər(mən də belə şanslı uşaqlardan olmuşam). Bu imkanlardan xəbəri olmayan, ya da bu imkanları yaratmağı anlamayan, bacarmayan və ya tənbəllik edənlər isə, övladlarını hər zaman özləri idarə etməyə çalışdılar, çünki bu daha “asan və zövqlüdür”.

Bəzi valideynlər də fikirləşir ki, “uşağı qorxutmasaq qudurub başımıza çıxar”…

Ağıllı insanlar yaradıcı övladlar böyüdür və cəmiyyətə faydalı olurlar, ağlından istifadə etməyi bacarmayanlar isə əmr edərək, gələcəkdə də özündən zəiflərə əmr edən bacarıqsız, həm də acgöz, nəfsinin qulu olan, dövlət büdcəsinə tamah salan övladlarları ilə cəmiyyəti qorxunc hala gətirirlər. Belə böyüyən uşaqlar gələcəkdə də başqalarının əmri altında yaşamağa məcbur və məhkum olurlar.

                Jan Piaje nə deyir?

“Məktəbdə tədrisin əsas məqsədi özündən əvvəlki nəslin etdiklərini təkrarlayan deyil, yeniliklər etməyi bacaran nəsil yetişdirmək olmalıdır”. Jan Piaje

Jan Piaje İsveçrədə doğulub(1896-1980), dövrünün bəlkə də  ən yaxşı alimi və  zehni inkişafı sistemli şəkildə araşdıran ilk psixoloq olub. Məqsədim Piajenin araşdırmalarını təqdim etmək deyildir, bunun üçün ətraflı bir yazıya ehtiyac vardır. Mənim diqqətimi cəlb edən odur ki, adi bir müəllim olsam da uşaqlarla və təhsillə bağlı düşüncələrimdə onun fikirləri ilə ortaq qənaətlərimiz varmış. İllərdir apardığım müşahidələr, gəldiyim nəticələrdə onunla eyni fikirdəyəm .

Təxminən 17 ildir ki, təhsildəki çətinliklərlə bağlı müəyyən qənaətlərimi müntəzəm olaraq mətbuatda yazıb bildirmişəm, amma nə bir münasibət, nə bir cavab, nə də hansısa fikirlərə hələ ki, rast gəlməmişəm, təəssüf ki…Bu günə qədər də rast gəldiyim və cəmiyyət olaraq qarşısında çarəsiz qaldığımız problemləri və onlardan  çıxış yollarını dəfələrlə yazıb paylaşmışam. Görünür adi bir müəllimin doğru bildiyi nəticə başqalarına inandırıcı və əhəmiyyətli gəlmir. Çünki bizim cəmiyyətdə insanların sənə inanmağını istəyirsənsə, ya vəzifədə olmalısan, ya xarici vətəndaş olmalısan, ya da tanınmış biri səni tərifləməlidir. Mənimsə bu şərtlərin heç biri ilə əlaqəm yoxdur, lakin Piajenin bu fikrinə rast gələndə vicdanlı bir müəllim kimi fikirlərimi yazmağın vacib olduğunu anladım. İnanan da inamayan da, sadəcə, itirdiklərinin fərqində olmalıdır, çünki beynini işlətmədən yaşamaq insanın öz geriliyi, düşüncədən, təsəvvürdən özünü məhrum etməsidir.Tanrının bəxş etdiyi imkanlardan  istifadə etməyən  insan uduzur. Sonra da əllərini göyə uzadıb Tanrıdan imdad diləyir, ya da gündə üç dəfə namaz qılıb günahlarını sığortalamağa çalışır. Sizcə məntiqidir, yoxsa ironik?

Sual budur ki, problem nədədir?

Problem ondadır ki, biz uşaqlara onların ehtiyacı olanı vermirik, biz  nəyi “doğru hesab ediriksə” uşaqları da onları etməyə məcbur edirik. Evdə bu yanlışı valideynlər edir, məktəbdə isə təhsil sistemi. Uşaqlara dərsliklər yazılır, bu dərsliklər isə çoxlu  informasiya ilə doldurulur və bu informasiyalar da  uşaqlara əzbərlədilir, bunun nəticəsində isə uşaqlar düşünmək imkanlarından məhrum edilir. Südə ehtiyacı olan uşaqlara süd vermək əvəzinə, südün faydalarından bəhs edirik. Ona görə də uşaqlar hər barədə “ac” və “yoxsul” böyüyürlər, həyatının xilasını isə yalnız ali məktəbə qəbul olmaqda və bunun üçün test tapşırıqlarını həll etməkdə görürlər. Bəli, test həll etməkdə, amma arzularla yaşamaqda, düşünməkdə,  bacarıqlarını və dünyanı kəşf etməkdə yox…

Sanki uşaqlar üçün lazım olanlar haqqında heç kim düşünmək istəmir. O da aydın olur ki, düşünməyin nə olduğunu bilməyənlər, bunu uşaqlara necə öyrədə bilər, yaxud bu şəraitin nə olduğunu necə bilər, deyilmi?

Bəziləri deyər ki, dünya gör-götür dünyasıdır, insanlar bir-birindən öyənir, bizdən əvvəlkilər necə öyrənibsə biz də elə öyrənirik. Lakin düşünmək lazımdır ki, bu cür kor-koranə öyrənmək bizə nə verir? Bu vaxta qədər yazılanları oxumaq, onlardan faydalanmaq olar və təbii ki, bu lazımdır, ancaq problem ondadır ki, biz faydalanmaq əvəzinə o məlumatları, bilikləri olduğu kimi uşaqlara əzbərlədirik, hansı ki, onların bu biliklərə, nəzəri məlumatlara ehtiyacı olmayan vaxtlarında. Onların öz həyatını yaşamağa ehtiyacı olanda, biz onlara  nəzəri biliklər öyrətməyə çalşırıq. Halbuki, 13 yaşa qədər, hər bir uşağın həyatını təbii olaraq yaşamağa, bu həyatı anlamağa və öyrənməyə, yenidən kəşf etməyə ehtiyacı vardır. Nəzəri məlumatları isə o, gələcəkdə, ehtiyacı olduqca yuxarı siniflərdə və müstəqil həyatında öyrənməyə çalışacaqdır.

Lakin bizim təhsil sistemində çalışanlar belə fikirləşir ki, illər keçdikcə yaranan bütün elmi, nəzəri məlumatları sonrakı nəsillər əzbərləməlidirlər. Amma bu çox yanlışdır, belə çıxır ki, insanlar bir-birini təkrar və təqlid etməlidirlər, bu isə onların müstəqil düşünüb  düzgün qərar vermək bacarıqlarını, həmçinin düşünmək azadlğını məhv etməkdir, lakin insanlar düşünmə azadlıqlarından belə asanlıqla əl çəkməməlidirlər.

Bu mənim şəxsi fikrimdir, yəni razılaşmaya bilərsiniz, mənə belə gəlir ki, İlk  1000 ilin insanları daha yaradıcı, daha düşüncəli və ağlından daha çox istifadə edən insanlar olublar. Çünki onlar həyatı özləri  yaşamağa çalışıblar, necə yaşamaq və nə etmək lazım olduğunu özləri fikirləşib tapırmışlar. İnsanlar çoxaldıqca isə bir-birini təqlid etməyə, hazır məlumatlardan istifadə etməyə daha çox maraqlı olublar. Əslində, kölə psixologiyası dediyimiz də elə budur, insanlar özləri düşünüb tapmaq əvəzinə, başqalarını təqlid etməyi daha asan və “əlverişli” hesab edirlər, çünki düşünüb tapmaq vaxt aparır. Lakin onu da anlamaq lazımdır ki, düşünmədən etdiyimiz hərəkətlər, təqlid edərək yaşadıqlarımız bizə nələri qazandırır, sadəcə vaxtmı? Bəs o vaxt bizi nədə irəli aparır? Belə görünür ki, heç nədə, hətta ilk insanlar belə, bu qədər imkanların içində bizim qədər aciz olmazdılar və yəqin ki, olmayıblar.Odur ki, düşünmək və doğruların fərqində olmaq heç vaxt gec deyildir. Uşaqları isə aldatmayaq, onlar bizim şəxsi mülkiyyətimiz yox, Tanrının əmanətləridirlər!

Mehparə Rəhimqızı       Mingəçevir     14.02.2021

 

 

 

 

Daha çox

Oxşar yazılar

Close