Uşaqları aldatmayın
Uşaqlar inanmağı bacarırlar, bu, onların ən təbii, ən mükəmməl bacarıqlarıdır. Kimsə bunun fərqindədirmi? Siz, bəli siz, bu sətirləri oxuyanlar, əgər valideynsinizsə, övladınızın inanmaq bacarığını nə zamansa dəyərlədirmisinizmi? Axı siz də vaxtilə uşaq olmusunuz, siz də inanmısınız, sizi necə dəyərləndiriblər? Bəli, məsələ də elə bundadır, əgər sizin inanmaq bacarığınızı görən, dəyərləndirən olmayıbsa, siz də övladınızda bunu görə bilməyəcəksiniz… Sadəcə təəssüf etmək azdır, bu nöqsanı düzəltmək lazımdır. Uşaqlarınızın sizə inamında nələr var, bilirsiniz? Sizin hamıdan güclü olmağınıza, hamıdan ağıllı, hamıdan bacarıqlı və ən əsası isə sizin onları hamıdan çox sevdiyinizə olan inamıdır.
1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü idi və bu münasibətlə, işlədiyim məktəbdə kiçik bir təşəbbüs etdim. Dərs dediyim iki sinfin uşaqlarına bildirdim ki, valideynlərinizə müraciət etmək istəyirəm. İstəyim isə ondan ibarətdir ki, həmin gün münasibətilə sizə kitab alsınlar. Uşaqlar buna çox sevindilər, valideylərinin telefon nömrələrini gətirmələrini tapşırdım. Səhər uşaqlar nömrələri mənə verdilər. 1 iyuna bir-iki gün qalmış valideynlərə mesaj göndərdim. Təbii ki, bir həftə əvvəldən artıq onların xəbəri var idi, çünki uşaqlar sevincini gizlətməzlər. Mesajım belə idi:” Hörmətli valideyn, 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günüdür, bu gün münasibətilə övladınıza kitab hədiyyə etməyinizi xahiş edirəm, bu gün onun həyatında unudulmaz bir gün olacaq”. Bəzi valideynlər söz verdilər ki, kitab hədiyyə edəcəklər. Bir iyundan iki-üç gün sonra, mən çox ehtiyatla, sözarası uşaqlardan bu haqda soruşdum və nəticə məni məyus etdi. Valideynlər uşaqlarına kitab almamışdılar və ən pisi odur ki, mən bu məyusluğu uşaqların gözlərində də gördüm. Bu cür insafsızlıq etmək, onların sizə olan inamını zədələmək çox pisdir. Belə valideynlər uşaqlarını, onların hisslərini, bacarıqlarını lazım olduğu kimi dəyərləndirə bilmirlər. Onlar haqqında özləri qərar verirlər, uşaqlarla sanki şəxsi malı kimi davranırlar. Təəssüf ki, belə düşünən valideynlər çoxdur. Uşaqlarını, sadəcə ona baxmalı, onun qayğısına qalmalı, gələcəkdə onu saxlamalı və buna borclu kimi böyütməyə çalışırlar, amma yanılırlar. Çünki valideynin bu cür davranışı əslində eqoistlikdən, özünüdüşünməkdən başqa bir şey deyildir. Odur ki, bu xüsusiyyət uşağa da təsir edir və uşaq da valideyni kimi eqoist olur, özünü düşünməyə çalışır. Fürsət düşən kimi isə ailəni tərk edir, valideyn isə bunu nankorluq, əziyyətinin itməsi olaraq qəbul edir və əsl səhvini görə bilmir. Valideyn anlamaldır ki, o, uşağını anlamaq istəmədikcə, onu həqiqətən sevmədikcə, əgər sevirsə, bunu ona göstərmədikcə, uşaq da eyni davranışları valideynə qaytaracaq, çünki uşaq nə görürsə, onu da göstərir. Ona görə də uşaqlarınıza, hamının qayğısına qalmağı, insanları sevməyi, onlara dəyər verməyi öyrədin ki, onlar da ilk olaraq sizi-valideynlərini sevsinlər, sizə dəyər versinlər. Yay tətili başlayıb, hava çox isti keçir, uşaqların həqiqi dincəlməyə, istirahət etməyə ehtiyacı vardır. Hörmətli valideynlər, uşaqlarınızın qayğısına qalın, onlara dincəlmək fürsəti verin və bunu ən yaxşı necə bacararsınızsa elə də edin. Onlar sizə inanırlar və siz buna layiq olmağa çalışın.
Mehparə Rəhimqızı
Şərhlər bağlıdır.