Mayın 10-da Mingəçevir Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci rübü üzrə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İcra Hakimiyyəti başçısı İlham İsmayılov hesabat verərək bildirib ki, aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib: “İclası giriş nitqi ilə açan dövlət başçısı ölkə iqtisadiyyatının cari ilin birinci rübündə uğurla inkişaf etdiyini vurğulamış və müxtəlif sahələrdə əldə olunmuş nailiyyətləri təhlil etmişdir. Qeyd olunmuşdur ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 15,6 faiz artmışdır. Kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil etmişdir. 2019-cu ilin birinci 3 ayında əhalinin pul gəlirləri 5,5 faiz artmış, inflyasiya 2,1 faiz təşkil etmişdir. Ölkə istisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin 2,0 milyard dolları ölkənin qeyri-neft sektoruna yatırılıb. Dövlət başçısı iclasda yekun nitqində xüsusi vurğulamışdır ki, 2016-cı ilin dekabr ayında müvafiq fərmanla təsdiq edilmiş, 2017-2020-ci illəri əhatə edən Strateji Yol xəritələri uğurla icra olunur, aparılan islahatlar davam edir, hər bir sahə üzrə çox ciddi addımlar atılır”.
İ.İsmayılov deyib ki, şəhərimizdə də Strateji Yol xəritələrində icrası nəzərdə tutulan bütün bəndlər üzrə işlər aparılır: “Sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmış, vergi, gömrük və digər güzəştlərin verilməsində müvafiq köməkliklər göstərilir. Şəhərimizdə icbari tibbi sığorta sistemi pilot layihəsi tətbiq edilmişdir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməkdədir. Elektrik enerji sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqmətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir. Ölkə rəhbəri tərəfindən regionların dinamik inkişafına göstərilən diqqət və qayğı, şəhərimizin timsalında çox aydın görünür. Mövcud müəssisələrdə modernləşdirmə və yenidənqurma işləri aparılır, yeni sosial təyinatlı obyektlər inşa edilir, Strateji Yol xəritələrində nəzərdə tutulan geniş miqyaslı infrastruktur layihələr həyata keçirilir. 2019-cu ilin birinci rübünün təhlili göstərir ki, Strateji Yol xəritələrinə uyğun olaraq son 2 ildə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri cari ilin yanvar-mart aylarında daha da genişlənmiş və yüksək sürətlə davam etməkdədir”.
Başçı vurğulayıb ki, ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də yenidənqurma işlərinin növbəti mərhələsi başlanmışdır. Dövlət başçısının müvafiq sərəncamı ilə stansiyada görüləsi işlərə 48 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitin hesabına stansiyada yeni inzibati bina, idarəetmə mərkəzi, yeni kimya sexi, hava kompressor stansiyası, 330 kilovoltluq qapalı yarımstansiya, azot və kislorod sexləri, 500 kilovoltluq açıq paylayıcı qurğu, çirkab suların təmizlənməsi qurğusunun yenilənməsi nəzərdə tutulmuşdur. Cari ilin yanvar-mart aylarında “Azneftemaş”, “Akkord Mingəçevir Maşınqayırma zavodu”ASC-lər, “Mingəçevir Tekstil”, “ASK İzolit”, “Htech İnvest”MMC-lər mövcud imkanları daxilində sabit fəaliyyət göstərmişlər.
İ.İsmayılovun sözlərinə görə, hesabat dövründə sosial təyinatlı təşkilatların fəaliyyətləri daim diqqət mərkəzində saxlanılmışdır. Qeydiyyatda olan 17540 təqaüd alan şəxsə ödəniləsi 11,2 milyon manat vəsait hər ay vaxtında çatdırılmışdır. Mingəçevir şəhəri üzrə orta aylıq təqaüdün məbləği 212 manat olmuşdur. Bu ilin 3 ayı ərzində şəhər üzrə 6987 nəfər üzvü olan 1042 ailəyə ünvanlı sosial yardım ödənilmişdir. 2019-cu ilin 1-ci rübü ərzində şəhər Məşğulluq Mərkəzinə 797 nəfər qeyri məşğul şəxs müraciət etmiş, onlardan 562 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunmuşdur.
Müxtəlif təsərrüfat sahələrində aparılan uğurlu işlərdən danışan başçı eyni zamanda diqqəti nöqsan və çatışmazlıqlara da yönəldib. O, qeyd edib ki, hələ də şəhərin bəzi yeni yaşayış massivlərində şəbəkə olmadığı üçün elektrik enerjisi ilə təminatında problem yaranır. Şəhərin küçə və məhəllədaxili ərazilərində istifadəsiz beton-dəmir dirəklərin kifayət qədər olmasına baxmayaraq onların götürülməsi çox ləng aparılır. Eləcə də vaxtilə səliqəsiz çəkilmiş kabellər şəhərin estetik görünüşünə xələl gətirir. Digər bir problem küləkli havalarda elektrik enerjisinin etibarlılığının olmamasıdır. Ümumiyyətlə, şəhərdə elektrik sisteminin yeraltı kabellərlə əvəz edilməsi haqqında təkliflər hazırlanmalıdır. Şəhər ərazisində Dövlət proqramı çərçivəsində içməli su sisteminin yenidənqurulması üzrə işlər başa çatsa da, kohnə kanalizasiya şəbəkəsindəki qəzalar zamanı yaşayış binalarının zirzəmilərinə axan çirkab su axıntıları və bu səbəbdən antisanitar vəziyyət əhalidə ciddi narazılıq yaradır. Yol və səkilərdə çirkab su axıdılan quyuların asfalt səviyyəsindən aşağı olması nəqliyyat vasitələrinın, eləcə də piyadaların hərəkətinə maneə yaradır. Son dövrlərdə şəhər İcra Hakimiyyətinin qaz xidmət sahəsinin fəaliyyətinə olan iradları nəticəsində qaz sızıntılarının qarşısının alınması üçün qazıntılar zamanı asfalt örtüyünün bərpasında müəyyən irəliləyişlər olsa da vəziyyət hələ qənaətbəxş deyildir. Sahibsiz itlərlə mübarizə sahəsində işlər gücləndirilməlidir. Şəhərin küçə və məhəllədaxili ərazilərində qurumuş ağaclar kifayət qədərdir. Hələ də şəhərin ümumi bəlası olan müəyyən olunmayan yerlərə zibilin tökülməsi sahəsində aidiyyəti qurumun və yaranmış nəzarət qruplarının fəaliyyəti qənaətbəxş deyildir. Şəhərin yeni yaşayış massivlərini də əhatə etməklə müəyyən olunmuş yerlərdə mövcud zibil qutularının yararsızlarının yeniləri ilə əvəzlənməsinə və əlavə zibil qutularının qoyulmasına, şəhərin yagış sularını ötürən sistemin əsaslı təmirinə ehtiyacı vardır. Bu sistemin ayrı-ayrı hissələri təmir edilsə də hələ də güclü intensiv yağışlar zamanı şəhərin bəzi ərazilərində yagış sularını ötürən sistemin ötürücülük qabiliyyətinin zəifliyi səbəbindən problemlər yaşanır. Gələcəkdə ümumiyyətlə yagış sularını ötürən sistemin yenilənməsinə ehtiyac vardır. Növbəti dövrdə şəhərin Sag sahil, Az.İES yaşayış massivlərinin küçələrinin, məhəllədaxli işıqlanma sisteminin qurulması işlərinin davam etdirilməsi qarşiya qoyulan vəzifələrdəndir.
Başçı şəhər nəqliyyatında olan problemləri də qabardıb. Deyib ki, aidiyyəti qurumlara müraciətlərə baxmayaraq bu sahədə hələ də dönüş yaranmamışdır. Sərnişindaşımada sahibkarlar tərəfindən göstərilən nəqliyyat xidməti insanlarda haqlı narazılıqlar yaradır. Şəhərdaxili marşrutlarda normativlərə uyğun olmayan, texniki vəziyyəti bərbad olan, insanların həyat və sağlamlıqlarını təhlükə altına qoyan nəqliyyat vasitələrinin sayı kifayət qədərdir. Yeni salınmış massivlərə yeni marşrutların açılması və ya mövcud marşrutlarda dəyişikliklərin aparılması, xətlərə müasir avtobusların salınması, nəqliyyat vasitələrinin səriştəli sürücülər tərəfindən idarə olunması, sərnişinlərlə nəzakətli davranış münasibətləri yaradılması üçün regional bölmə tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir.
İlham İsmayılov qeyd edib ki, elektrik enerjisi, su, kanalizasiya, qaz və istilik təminatı sahələrində yenidənqurma işlərinin ləng aparılması, nəticədə bu sahələrdə baş verən qəzalar və ləngimələr əhalinin haqlı narazılığına səbəb olur. Yolların bəzi ərazilərində daş örtüklü olması, zirzəmi-kommunikasiya xətlərinin təmirə ehtiyacı, kommunal müəssisələrin müvafiq maşın və mexanizmlərlə təmin olunmaması da problem kimi qalmaqdadır.
Məruzə ətrafında müzakirələrdə Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, DSMF Mmingəçevir şöbəsinin rəisi Emil İsmayılov, Tərtər regional Qaz İdarəsinin rəis müavini Əbdül Qasımov, “Mərkəzi Xəstəxana” Publik Hüquqi Şəxsin direktoru Könül Ələkbərov, Mənzil Təsərrüfatı Kombinatının direktoru Ramiz Əliyev çıxış ediblər. Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov ölkə iqtisadiyyatının və digər sahələrin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində atılan addımlardan danışıb. O, xüsusilə vurğulayıb ki, Prezidentin tapşırığına əsasən ölkədə 40 min nəfər üçün sosial işçi yeri ayrılıb: “Onların 905 nəfəri də Mingəçevirdə kommunal sahələrdə çalışır. Bu işçilərin bir hissəsinin qəbiristanlıqlarda səliqə-sahman yaradılmasına cəlb olunması əhalinin razılığına səbəb olardı”.
Şərhlər bağlıdır.