“Üçüncü Bahar” Mingəçevirdə təqaüdçüləri bir araya topladı
“Üçüncü Bahar” təşəbbüs qrupu 2017 -ci ildən fəaliyyət göstərən və təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkilinə yönələn sosial layihədir. Təşəbbüs qrupu tərəfindən layihə çərçivəsində YAŞA mərkəzi yaradılıb. Məqsəd təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan insanların asudə vaxtlarının səmərəli təşkilinə, onların cəmiyyətə inteqrasiyasına kömək göstərməkdir. Təqaüdçülər mərkəzə üzv olmaqla, maraq dairələrinə uyğun, maarifləndirici, sağlamlıq və yaradıcılıq istiqamətlərində keçirilən tədbirlərə qatıla bilirlər. Tədbirlərdə iştirak təqaüdçülər üçün sərbəst və ödənişsizdir.
Bunlar barədə məlumat verən Nərmin Qəniyevanın dediyinə görə, layihə BMT–nin Əhali Fondunun və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşir: “Maraqlı layihələrimiz içərisində “Könüllülər” xüsusi yer tutur. Bizim fikrimizcə, yaşlı insanların bir müddət müxtəlif təşkilatlarda könüllü qismində çalışmaları həmin insanlar və təşkilatlar üçün faydalıdır. Bu səbəbdən biz bir neçə təşkilata müraciət etdik və onlardan müsbət rəy aldıq. Beləliklə, mərkəzimizin üzvlərindən bəziləri “Kapital Bank”, “DOST” xidməti, “ASAN” mərkəzləri və “Hilton” hotelində 3 aylıq könüllülük proqramında iştirak etdilər. Biz təşkilatların “heç bir işə uyğun olmaz” kimi düşüncələrdən əvvəl fərqli baxış bucağından yaşlı insanlara baxmasına və həmin insanların illərlə topladıqları təcrübədən faydalanmasına çalışdıq. Mövcud proqramlar əsasında anladıq ki, istəyimizə müəyyən mənada nail ola bilmişik”.
Mingəçevirdə isə layihə çərçivəsində təqaüdçülər üçün art terapiya mövzusunda seminar təşkil edilib. Təqüdçü müəllim, həkim, rəssam, musiqiçi və digər sahələrin peşəkarları asudə vaxtlarını musiqi sədaları altında maraqlı və mənalı keçiriblər.
Sonda Nərmin xanım iştirakçılara şad bir xəbər də verib: ”Üçüncü bahar” Mingəçevirdə öz dayaq nöqtəsini yaradacaq”.
Şərhlər bağlıdır.