Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyənin Qazi Universitetinin doktoranturasına qəbul olan Mingəçevir Dövlət Universitetinin gənc müəllimi və məzunu ilə görüş keçririlib

174

2021-ci ilin 18 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Türkiyənin Qazi Universitetinin doktoranturasına qəbul olan gənc müəllim Nailə Allahyarova və məzun Mərhəmət Əhmədov ilə görüşüb.

“Zoom” platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor Ş.Bayramov, ilk növbədə, qardaş ölkənin zəngin ənənələrə və güclü akademik potensiala sahib qocaman ali təhsil müəssisələrindən biri olan Qazi Universitetində doktorantura səviyyəsində təhsil almaq imkanı qazanmaları münasibətilə hər iki gənci təbrik edib.

Cari ilin mart ayından etibarən MDU və Qazi Universiteti arasında yaranan əməkdaşlıq əlaqələrindən bəhs edən Ş.Bayramov qısa müddət ərzində universitetlər arasında rəhbər nümayəndələrin qarşılıqlı ziyarətlərindən, imzalanmış əməkdaşlıq müqaviləsindən və işbirliyinin təqdim etdiyi geniş imkanlardan danışıb.

MDU-nun Pedaqoji və Mühəndislik fakültələrinin potensialının inkişaf etdirilməsində Qazi Universiteti ilə əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayan rektor işbirliyi çərçivəsində yaxın gələcəkdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb.

Universitetin gənc akademik heyət üzvlərinin və magistr məzunlarının Qazi Universitetində doktorantura təhsili almasına müvafiq dəstəyin göstərilməsini əməkdaşlığın əsas prioritetlərindən biri olduğunu qeyd edən Ş.Bayramov artıq bu istiqamətdə ilk addımların atılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Gənclərin Qazi Universitetində doktorantura təhsili alacaqları “Təhsilin idarə edilməsi” və “Kompüter Elmləri” ixtisaslarının milli təhsilimiz üçün prioritet hesab edilməsindən söhbət açan rektor onların əldə edəcəkləri müasir bilik və bacarıqlar sayəsində ali təhsilimizin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Təhsil alacaqları müddətdə ölkəmizi və universitetimizi fəal və layiqli şəkildə təmsil edəcəklərinə inandığını bildirən Ş.Bayramov gələcək təhsil və elmi-tədqiqat fəaliyyətlərində gənclərə uğurlar arzulayıb və müvafiq tövsiyələrini qeyd edib.

Sonra doktorantlar N.Allahyarova və M.Əhmədov çıxış edərək sürətlə modernləşən MDU-da akademik kadrların yetişdirilməsi və inkişaf etdirilməsi istiamətində görülən işlərdən razılıqlarını bildirib və gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, Türkiyə Respublikasının 2020/2021-ci tədris ili üzrə elan edilmiş “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edən MDU-nun gənc müəllimi N.Allahyarova və magistr məzunu M.Əhmədov müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə Qazi Universitetində doktorantura təhsili almaq imkanı qazanıblar. Doktorantların qardaş ölkə tərəfindən təqaüdlə təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müvafiq dəstəyi sayəsində mümkün olub.

Şərhlər bağlıdır.