Tibbi sığorta üzrə pilot layihə hansı səviyyədə icra olunur?
Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvləri aprelin 24-də Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrası ilə tanış olublar. Nümayəndə heyətinin üzvləri icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə şəhər Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə maraqlanıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan tibbi avadanlıqlara, yeni laboratoriya, təcili tibbi yardım avtomobillərinə baxış keçiriblər.
Sonra “Ağsaray” otelində Milli Məclisin Səhiyyə Komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta: görülən işlər, problemlər, perspektivlər” mövzusunda birgə iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın Azərbaycanda tətbiq edildiyi qısa vaxt ərzində çox böyük işlər görüldüyün bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiq edildiyi bütün ölkələrdə tibbin inkişafının əsasını qoyub. Tibbi xidmətin səviyyəsinin yüksəkliyinə görə fərqlənən ölkələrin hamısı buna məhz icbari tibbi sığortanın tətbiqi sayəsində nail olublar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiq edildiyi Mingəçevir və Yevlax xəstəxanalarında həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əmək haqları isə 80-130 manat arasında artırılıb. Cari ilin fevral ayında pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101 min 268 tibbi xidmət, mart ayında isə 163 min 29 tibbi xidmət göstərilib. Göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib, hər iki ay üzrə həyati vacib, dəyəri yüksək əməliyyatların sayı 118 təşkil edib. Hazırda Yevlax və Mingəçevirdə hər iki müraciətdən birinə ailə həkimi baxır.
Daha sonra millət vəkilləri icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.
Şərhlər bağlıdır.