Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 6.3-cü bəndinin icrası olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədi hazırlanıb.
Sənəd Bakıda və regionlarda tibb müəssisələrinin ilkin dəyərləndirilməsinin nəticələri əsasında tərtib edilib. Dəyərləndirmə dörd müxtəlif istiqamət – mövcud maddi-texniki infrastruktur, tibbi xidmət imkanları, informasiya texnologiyaları və tibbi-statistik uçot üzrə aparılıb. Sənəd hazırlanarkən dünya üzrə statistik məlumatlar, ayrı-ayrı beynəlxalq təşkilatların hesabatları öyrənilib, müxtəlif ölkələrin təcrübələri nəzərə alınıb.
Sənəddə tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə bir sıra islahatların – tibb müəssisəsi şəbəkəsinin optimallaşdırılması, tibbi avadanlıqlarla təchizatın gücləndirilməsi, kadr resurslarının inkişaf etdirilməsi və ölkə üzrə düzgün paylanılması təklif olunur.
Təkliflərə əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Agentlik tərəfindən 2020-ci ildən etibarən 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulur. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə Agentlik tərəfindən ilkin mərhələdə 16 indikatorun tətbiqi nəzərdə tutulub. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.
Təkliflər arasında həmçinin həkimlərin əməkhaqlarının ödənilməsində tətbiq olunan vahid tarif-ixtisas cədvəlinin yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu yanaşmanın tətbiqi göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə və keyfiyyətinin artmasına səbəb olacaq.
Şərhlər bağlıdır.