Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Tanrım məndə olan gücü dəyərləndirdi”

Hər il oktyabrın 5-i bütün dünyada müəllim günü kimi qeyd olunur. Həmin gün Gülnaz Hacıyevanın həm peşə bayramı, həm də doğum günüdür.

1971-ci ildə Balakən rayonunun Şərif kəndində dünyaya göz açıb. 1977-1988-ci illərdə Şərif kənd orta məktəbində təhsil alıb. 10-cu sinifdə atasını itirib.
Atasının bir arzusu var idi: Gülnaz yaxşı təhsil alsın. Oğluna vəsiyyət etmişdi ki, qıza yardımçı olsun.
Uşaq vaxtı evlərində stulları düzər və onlara dərs keçərdi. Bu həvəslə də Azərbaycan Dövlət Dillər İnstitutuna gəldi. Birinci ili instituta qəbul ola bilməsə də həvəsdən düşmədi, yenidən imtahanlara hazırlaşdı: “Növbəti ildə mənə üç fənndən “3” yazdılar. Bu qiymətlərlə müsabiqədən keçmək mümkün deyildi. Ərizə yazıb, yenidən imtahan tələb etdim. On iki fakültə dekanının iştirakilə məndən təkrar imtahan götürdülər. Üç fənnin üçündən də 5 aldım”.
Gülnaz müəllimə deyir ki, birinci kursu bitirəndə Almaniyada bir illik təhsil almaq üçün seçilmişdi. Bunun üçün 1000 manat pul istəyirdilər: “Bizim ailə üçün bu böyük məbləğ idi. Qardaşım da ailəli olduğu açığı yük olmaq istəmədim, bu barədə heç nə demədim. Sonradan qardaşım bundan xəbər tutdu və məyus oldu”.
Gülnaz institutu bitirəndən sonra bir müddət doğulub boya-başa çatdığı Şərif kəndində çalışdı. Sonra Bakıya, təhsil aldığı ali məktəbə onu laborant kimi işləməyə dəvət etdilər: “Amma işə çıxdığım günlərdə ailə qurdum. Yoldaşım şəklimi qohumlarının evində görüb bəyənmişdi. Mingəçevirə gələsi olduq. Üç övladımız dünyaya gəldi. Bir müddət işsiz qaldım”.

2000-ci ildən 13 saylı məktəbdə çalışır. 2006-2008-ci illərdə 19 saylı orta məktəbdə də işləyib. Əslində dərsləri az idi və o zaman məktəbə rəhbərlik edən Tünzalə Əfəndiyevanın dəvəti ilə iş yerini dəyişməyə qərar vermişdi. 2005-ci ildə AMİ Migəçevir filialında AzETA (Azərbaycan ingilis dili müəllimlər) cəmiyyətinə üzv yazılıb. 2008-ci ildən isə həmin cəmiyyətə rəhbərlik edir: “Həmin ildə mən Polşa layihəsinə qoşulub, Polşa, Ukrayna, Slovakiyada və MDB dövlətlərində təlimlər keçdim”.
İşləməkdən, təhsil verməkdən yorulmayan müəllimə ardınca şəhərə EAMP (Aztəminatlı ailələrin uşaqları) layihəsini gətirib. O, burada aztəminatlı alilələrin uşaqları üçün təmənnasız ingilis dili fənnini tədris edib. 2011-ci ildə Şimali Kipr Doğu Ak Deniz Universitetində yeni texnologiya ilə bağlı 15 günlük kurslar keçib.
“Övladlarım körpə olduğu üçün bu işləri görmək mənə çətin olurdu. Həyat yoldaşımın dəstəyi olmasaydı, yarı yolda qalardım. Əldə etdiyim uğurlara görə ona çox borcluyam”.
Söyləyir ki, iş həyatına qoşulanda övladı 9 aylıq olub. Onu bağçaya qoyub işlərini görüb: “Mənim qızım xəstə idi. Həkimlər demişdilər ki, çox yaşamayacaq. Mən bu cür streslərdən keçərək bunları əldə etmişəm. Bütün bunlara baxmayaraq, Tanrım məndə olan gücü dəyərləndirdi”.
Son iki ili AMİ Mingəçevir filialında ingilis dili fənnindən dərs deyən Gülnaz müəllimə bu il iyunun 15-dən iyulun 30-dək ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni İşlər bürosu və Amerika səfirliyinin xətti ilə Amerikada olub. Məqsəd orta məktəb müəllimlərinə Amerika haqda daha geniş məlumat verməkdən ibarət idi. 30 ölkə içərisində Azərbaycanı Gülnaz müəllimə təmsil edib: “Yerli qurumlardan köməklik istədim. Belə ki, mənə ölkəmiz və şəhərimiz haqda kitablar, bukletlər, bayraqlar lazım idi. Lakin təəssüflər olsun ki, mənə köməklik edən olmadı. Bunların hamısını öz vəsaitimlə aldım və layiqincə ölkəmizi təmsil etməyə çalışdım. Azərbaycanın işğal olmuş rayonları, yeməkləri, milli geyimləri, adət-ənənələri haqda təqdimat hazırladım. Bu, hər kəsin marağına səbəb oldu. Bundan başqa bir-birimizlə təcrübələrimizi bölüşdük. Bir neçə ştatda olduq, orada maraqlı və gəzməli yerlərlə bizi tanış etdilər”.

Şərhlər bağlıdır.