Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsil və idman sahəsində fərqlənən şagirdlər mükafatlandırıldı

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təhsil və idman sahəsində yüksək nəticə göstərən orta məktəb şagirdləri, onların müəllim və valideynləri ilə görüşüb. Ötən ilki məzunların ali məktəblərə qəbul imtahanlarında, olimpiada və bilik yarışlarında qazandıqları uğurlardan ətraflı söz açılan tədbirdə məktəblilərə dəyərli tövsiyələr verilib.
Gənc və yeniyetmələrin elmə olan marağını daha da artırmaq, onları təhsil sahəsində böyük uğurlar əldə etməyə ruhlandırmaq məqsədi ilə təşkil olunan görüşdə İH-nin başçısı Niyazi Bayramov milli təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, şagirdlərin bilik səviyyələrini yoxlamaq, test kitabçaları ilə işləmək vərdişlərini möhkəmləndirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsi orta məktəblərdə sınaq imtahanları keçirir. Nəticələrə görə, ali təhsil almaq arzusunda olan gənclərin böyük əksəriyyəti bu sınaqlarda uğurlu nəticələr əldə edirlər.
Şəhər rəhbəri məktəblərin əsaslı təmiri, müasir inventarlarla, informasiya kommunikasiya texnologiyaları ilə təminatı istiqamətində görülən işlərdən də söz açıb.
Görüşdə Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov şagirdlərin 2014-2015-ci tədris ili ərzində əldə etdikləri nailyyətlərdən danışıb. Məlumat verib ki, bu il mingəçevirli məktəblilər respublika fənn olimpiadalarında 11 medal qazanıblar. Bir məktəbli isə hazırda Çində fizika üzrə beynəlxalq olimpiadada iştirak edir. 15 nəfər məzun qızıl medal almağa namizəddir. Gənc və yeniyetmələr idmanın müxtəlif növləri, xüsusilə şahmat üzrə turnirlərdə böyük uğurlara imza atıblar. Eyni zamanda “Şahin” hərbi idman oyunları üzrə də uğurlar əldə olunub.
Tədbirdə çıxış edən müəllim və valideynlər diqqət və qayğıya görə minnətdarlıq ediblər. Şagirdlər onlara yaradılan şəraitdən razılıq edərək bəslənən ümidləri döğruldacaqlarına söz veriblər. Sonda təhsil və idman sahələrində fərqlənən məktəblilərə, eləcə də səmərəli pedaqoji fəaliyyətlərinə görə də bir qrup müəllimə hədiyyələr təqdim olunub.

Şərhlər bağlıdır.