Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fərdi repetitorlar qazanclarından niyə vergi ödəmirlər?

246

“Hələ ki, dəyib-dolaşan yoxdur”

Sevda xanım rus dilini tədris edir: “Məktəbdən gələndən 2 saat sonra hazırlığa gələn şagirdlərimlə məşğul olmağa başlayıram. Çox yoruluram. Normal əmək haqqım olsa, repetitorluqla məşğul olmaram. Hələ ev qayğıları bir yana, xeyir və şər məclislərinə getməliyəm. Vaxt tapıb əzizlərimi görməyə də gedə bilmirəm. Səhhətimdə problemlər var. Vaxtaşırı qazancımın bir hissəsini iynə-dərmana verirəm”.
Sevda xanımın hər qrupunda 8-10 nəfər olur. O, həftənin bazar günündən başqa qalan 6 günü uşaqlarla məşğul olur. Hər uşaqdan “təhsil haqqı” kimi 40 manat alır. Amma repetitorluq fəaliyyətinə görə vergi orqanında uçota dayanmayıb: “Bunu etmək vacib deyil. Hələ ki, dəyib-dolaşan yoxdur”.

“20 ildən artıqdır ki, vergi orqanları bir sıra vergiləri tutmurlar”

İJS hüquq firmasının partnyoru Əkrəm Həsənovun dediyinə görə, repetitorluğa görə müəllimlər əlavə gəlir qazanırlar və bu gəlirdən də vergi tutulması qanunauyğundur: “Vergi orqanlarının prinsipcə ixtiyarı var ki, gəlsələr, tutsalar, soruşsalar ki, kimə dərs deyirsiz, böyük ehtimal ki, sizi fiziki şəxsin gəlir vergisinə cəlb edəcəklər. 2500 manata qədər 14 faiz, 2500-dən artıq məbləğə 25 faiz. Mən düşünürəm ki, buna da gələcəklər. Çünki Azərbaycanda orta təhsilin səviyyəsini hamımız bilirik. Buna görə də repetitorluq fəaliyyəti çox geniş yayılıb. Hazırda vergi gəlirləri o müəllimlərdən tutulmur. Amma burada müəllim üçün ən yaxşı variant odur ki, o fərdi sahibkar kimi qeydiyyatdan keçsin. Sadələşdirilmiş vergi ödəyicisi kimi Bakıda 4, regionda isə 2 faizini ödəsin.
Vergi orqanı bunu hardan bilə bilər? O, şagirdlərin valideynləri ilə söhbət edib, müəyyənləşdirə bilər”.

Ə.Həsənovun dediyinə görə, qanunla istənilən gəlir, əgər o birbaşa Vergi Məcəlləsi (VM) ilə azad edilməyibsə, mütləq vergiyə cəlb olunmalıdır. Gəlir vergisi VM-nin 95-96-cı maddələrindən başlayır. İndiyədək nəinki bu sahə, bir çox sahələr unudulub. Məsələn, kimsə ev alqı-satqısı edirsə, mütləq vergisini ödəməlidir. Ancaq 20 ildən artıqdır ki, vergi orqanları belə alqı-satqıya görə vergini tutmurdu. Bunu ona görə etmirdilər ki, sosial gərginlik artmasın. Eynilə repetitorluq edən məktəb müəllimlərini də vergiyə cəlb etmək problem idi. Amma artıq dövlət büdcəsində pul çatışmadığı üçün buna güman ki, gələn ildən başlayacaqlar”.

“Repetitorluq fəaliyyətini nəzarətdə saxlamağa gücümüz çatmır”

Ərazi Vergilər İdarəsinin əməkdaşınin dediyinə görə, repetitorluq fəaliyyətini nəzarətə götürmək olmur: “Təxminən bilirik ki, müəllimlərin əksəriyyəti evlərində bu işlə məşğuldur. Amma düzünü deyim ki, repetitorluq fəaliyyətini nəzarətdə saxlamağa gücümüz çatmır. Valyuta alqı-satqısındakı kimi. Bizdə konkret məlumat yoxdur ki, hansı evdə kimi və neçəyə hazırlaşdırırlar. Bərkə düşəndə müəllim deyə bilər ki, öz şagirdlərimdir, pulsuz hazırlaşdırıram. Həm də məhkəmə qərarı olmadan kiminsə mənzlinə girməyə ixtiyarımız da yoxdur.Ümumiyyətlə, buna nəzarət etmək mümkün deyil. Adamlar da görürlər, amma demək istəmirlər. Kimsə gəlib desə ki, hansısa ünvanda bu işlə məşğul olurlar və filan qədər pul alırlar, biz o zaman yerində müəyyən edib, həmin şəxsi vergiyə cəlb edə bilərik. Ən azından o, sadələşmiş vergi ödəyicisi kimi qeydiyyata dura bilər. Zənnimcə, bu sahəni vergiyə cəlb edə bilsək, dövət büdcəsinə milyonlarla vəsait daxil olar”

Repetitorların qazandığı milyonlar vergidən yayınır

Təhsil Nazirliyinin internet səhifəsində ancaq 2013-cü ilin sonuna qədər olan məlumatları əldə edə bildik. Statistikaya görə, ölkə üzrə 161484 müəllim çalışır. Onlar əsasən Azərbaycan dili və ədəbiyyatı (20175), riyaziyyat (17282), ingilis dili (14338), tarix (10888), fizika (6880) və s. üzrə fənnləri tədris edirlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, orta məktəbləri 2013-cü ildə 119444 nəfər bitirib. Əksər şagirdlərin 8,9,10 və 11-ci siniflərdə hazırlıqlara getməsini (119444*4=477776) nəzərə alsaq, böyük bir rəqəm alınır. Təbii ki, imkansızlıq üzündən bu şagirdlərin hamısı repetitor yanına gedə bilmir. Müəllimlərin xidmətindən 70 % məktəblinin istifadə edərsə, bu, təxminən 334 min edir (477776*70%=334443,2).
“Təhsil haqqı” bölgələrə uyğun olaraq dəyişdiyindən bu rəqəmi orta hesabla 40 manat civarında, hazırlıq dövrünü 10 ay ərzində götürək (334443,2*40*10=133777280 manat edər). Təxmini hesablamamıza görə, ildə 133 milyon manatlıq gəlir vergidən kənarda qalır. Eyni zamanda sosial müdafiə ayırmaları da. Hələ biz magistr hazırlığı ilə məşğul olan müəlimləri bu siyahıya daxil etməmişik. Göründüyü kimi, ilk baxışda sadə və əhəmiyyətsiz görünən məsələnin arxasında böyük məbləğ gizlənir.

“Məhkəmə qərarı olmadan vergi işçisi mənzilə daxil ola bilməz”

Sual oluna bilər ki, repetitorun əldə etdiyi gəlir necə müəyyənləşə bilər? Axı bəzi müəllimlərin yanına hazırlığa az, digərlərinin isə çox uşaq gəlir. Düzgün mexanizm olmasa, onlar eyni məbləği ödəyəcəklər, bu isə balanslaşdırmanı pozur.
Ə.Həsənovun fikrincə, hər bir repetitora fərdi yanaşma lazımdır: “Valideynlərdən, şagirdlərdən bir-bir soruşacaqlar. Verdikləri məbləq öyrəniləcək. Yeganə problem ondadır ki, valideyn bunu demək istəməsin. O ki qaldı vergi orqanının obyektə girməsinə, bu, elə də asan deyil. Vergi orqanı yoxlamaya gəlməzdən 15 gün qabaq bildiriş göndərməlidir. Amma operativ vergi anlayışı da var. Müəyyən hallarda xəbərdarlıq etmədən də gələ bilər. Ona operativ məlumat daxil olubsa, kassada yeyinti olarsa və s. Amma bu, şəxsi evlərə, mənzillərə aid deyil. Vergi orqanı müraciət etməlidir məhkəməyə və onun qərarını alandan sonra kiminsə mənzilinə daxil ola bilər. Tək Azərbaycanda deyil, bütün sivil dünyada belədir”.

Qeyri-qanuni fəaliyyət məsuliyyət yaradır

Hüquq müdafiəçisi İnqilab Həsənov deyir ki, uçota durmadan repetitorluq fəaliyyəti ilə məşğul olma məsuliyyət yaradır. Belə ki, Vergi Məcəlləsinin 58.2 maddəsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunur, eyni zamanda uçota alınmalı olan dövrdən etibarən hesablanmalı vergilər yenidən hesablanır və ona uyğun hər ödənilməmiş gün üçün üzərinə 0,1 faiz həcmində müamilə gəlir. Külli miqdarda vergidən yayınma halı olduğu zaman maliyyə sanksiyasından əlavə cinayət məsuliyyəti də yaranır. Belə ki, vergi borcu 2000 manatdan artıq olduqda iş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir.

“Bu nizamnamədə olsa da, orada onun hüquqi əsası yoxdur”

Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, ümumtəhsil məktəblərinin nizamnaməsində məktəb öz daxilində repetitorluğu, yəni dərsdənkənar öyrətmə fəaliyyətini ödənişli tətbiq edə bilər: “Bu nizamnamədə olsa da, orada onun hüquqi əsası yoxdur. Əgər məktəb öyrətməlidirsə, o məktəbin dərsdənkənar bu işlə məşğul olmağa pedaqoji cəhətdən haqqı yoxdur, deməli həmin məktəb funkisyasını yerinə yetirə bilmir. Nizamnamədə yalnız repetitorluq fəaliyyyətinin təşkil edilə bilməsi haqqında məlumat verilir”.

Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyevin dediyinə görə, məktəblərə müstəqillik verməklə repetitorluq problemini biryolluq həll etmək olar: “Bütün vəsait məktəbin büdcəsində toplanar və vergi orqanlarının gəlirə nəzarət etməsi asanlaşar. Həm də bu hesaba müəllimlərə yüksək əmək haqqı ödəməklə dövlət gəlir vergisini və sosial müdafiə ayırmalarını itirməz”.

Əvvəl məlumatlandırma, sonra isə inzibati tədbirlər

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov mətbuata açıqlamasında bildirir ki, burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınma istəyilə bağlı deyil, onların vergi ödəməklə bağlı məlumatlarının olmamasıdır: “Bu istiqamətdə ciddi məlumatlandırma kampaniyası aparılmalıdır ki, proses qanunvericilik əsasında tənzimlənsin. Digər tərəfdən, repetitorların sayının çox olduğu da bəllidir. Bu mənada burada söhbət heç də kiçik məbləğin büdcəyə ödənilməsindən getmir… Repetitorların ödədiyi vergilər hesabına həm də müəllimlərin sosial vəziyyətinin müəyyən qədər yaxşılaşdırılmasına nail olmaq mümkündür…Yalnız məlumatlandırma tədbiri effekt vermədikdə inzibati tədbirlərdən istifadə olunması mümkündür\”.

Amerikada repetitorlar akkreditasiyadan keçirlər

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadənin bildirdiyinə görə, repetitorluğa qarşı ölkələrin təcrübəsi fərqlidir: “Cənubi Afrika Respublikası və ABŞ-da repetitorlar akkreditasiyadan keçir və keyfiyyət sertifikatı alırlar. Xarici təcrübəyə əsaslanaraq deyə bilərəm ki, fərdi müəllimliklə məşğul olanların bacarığı dövlət tərəfindən əvvəlcədən müəyyən olunan standartlara cavab verdikdən sonra qeydiyyata alınmaq şərtilə onlara repetitorluqla məşğul olmaq hüququ verilməlidir. Repetitorluq sahəsində Azərbaycanda mövcud olan mənzərə isə fərqlidir. Repetitorlar özlərini sosial şəbəkələr vasitəsilə, ya da tanış-biliş vasitəsilə reklam edib, şagird toplayırlar. Məktəblərdə əlavə dərs saatları repetitor kurslarına çevrilib. Valideynlər bu dərs saatları üçün əlavə pul ödəyirlər”.
E. Kazımzadə onu da deyib ki, repetitorluq xidməti verən kurslar vergi verirlər və onlardan keyfiyyətli təlim standartları tələb olunur: “Hesab edirəm ki, bütün bunlar fərdi repetitorlara da şamil edilməlidir”.

Şərhlər bağlıdır.