Şuşa: Qarabağın döyünən ürəyi
Azərbaycan bununla bağlı şərh verməsə də, Ermənistan döyüşlərin Şuşa meşələrində, ətrafında və dərələrdə getdiyini bildirib.
Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün “böyük qələbə”, azərbaycanlılar üçün “ən ağır itki” sayılıb.
Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir.
Tarixi
Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.
Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb.
Qarabağ xanlığı Rus-Fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib.
Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib.
Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülüb.
Əhalisi
Xanlıq və sovet dövründə şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olub.
Tarixçilərin bildirdiyinə görə, Rus İmperiyası dövründə Dağlıq Qarabağın demorafiyasını dəyişmək üçün 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi köçürülüb.
19-cu əsrdə Şuşada azərbaycanlılarla yanaşı ermənilər də yaşayıblar, tarixçilər qeyd ediblər.
Mədəniyyəti
Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından Sovet illərində kurort şəhəri hesab olunub.
Burda kilsə və məscidlər, karvansaralar, muzeylər vardı. Şuşa teatrının tarixi 19-cu əsrin axırlarından başlayıb.
Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.
Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliiyət göstərib.
Şəhər işğal olunana kimi orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar olub.
İşğalı
Azərbaycan paytaxtından 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
İşğaldan sonra şəhərin əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib.
Azərbaycanın rəsmi məlumatına görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb.
Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb.
İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.
İkinci Qarabağ müharibəsindən qabaq
Ermənicə “Şuşi” adlandırılan bu şəhər onlar üçün də əhəmiyyətli hesab olunur.
Lakin Birinci Qarabağ müharibəsindən sonra ermənilərin daha çox Xankəndinə kökləndiyi görünürdü. Tanınmamış “Dağlıq Qarabağ Respublikasının” mərkəzi də Xankəndi idi.
Amma Ermənistanda Nikol Paşinyan Baş nazir vəzifəsinə seçildikdən sonra Şuşa daha çox vurğulanmağa başladı.
Keçən il 9 mayda Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün düzənlənən məclisdə yallı gedənlərə qoşuldu.
Bu, Bakının qəzəbinə səbəb oldu. Artıq indi, müharibə dövründə, Azərbaycan Prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibələrinin birində bu epizodu xatırlamışdı: “Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.
Bu il mayın 21-də Şuşada separatçı “DQR”-in yeni “prezidenti”nin andiçmə mərasiminin keçirilməsi Azərbaycanda kəskin reaksiya yaratdı.
İkinci Qarabağ müharibəsində Şuşa
Azərbaycan əsgərlərinin Şuşaya çox yaxın olduğu və hətta artıq şəhərin içərisində olduqlarına işarə vuran məlumatlar yayılmaqdadır.
Noyabrın 7-də Fransanın Le Monde nəşri Şuşa uğrunda döyüşlərdə “erməni qüvvələrinin darmadağın olduğunu və Azərbaycan qüvvələrinin tarixi şəhərə çatdığını” yazıb.
Ancaq Azərbaycan hələ ki, Şuşa uğrunda döyüşdüyünü rəsmi bəyan etməyib.
Prezident İlham Əliyev xarici mediaya verdiyi bəzi müsahibələrində işğaldan azad edilmiş ərazilərlə bağlı danışarkən Şuşanın Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.
Məqalə bbc-nin səhifəsindən götürülüb.
Şərhlər bağlıdır.