Şuranın dəstəyilə Mingəçevirdəki “Yeni həyat” qəsəbəsində informasiya sessiyası keçirilib
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində birinci informasiya sessiyasını keçirib. Mingəçevirdə 412 ailənin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində bir qrup məcburi köçkünə “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlər, portaldan istifadə qaydaları barədə ətraflı məlumat verilib.
MVA-nın rəhbəri Fərman Nəbiyev layihənin əhəmiyyətindən danışıb: “İnsanlar üçün maraqlı idi ki, evdən çıxmadan, növbəyə durmadan müxtəlif xidmətlərdən necə də rahatıqla istifadə etmək mümkündür. Xüsusən pensiyaya çıxmağın, sürücülük vəsiqəsini dəyişməyin məmurun üzünü görmədən gerçək olduğu izah edildi. Adamlar artıq başa düşürlər ki, elektron hökumət portalı həm onların rahatlığı üçündür, həm də rüşvət və korrupsiyanın qarşısını kəsməyə imkan verir”.
F.Nəbiyev sözlərinə görə, “Məcburi köçkünlər arasında “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində eyni xarakterli informasiya sessiyalarının sentyabr ayında Ağdam və Bərdədə məskunlaşan məcburi köçkünlər üçün də təşkil ediləcəyi planlaşdırılıb.
İnformasiya sessiyasını layihəyə təlimçi kimi cəlb olunmuş Natəvan Mustafayeva aparıb.
Şərhlər bağlıdır.