AzərbaycanCəmiyyətMingəçevirQHT

Şuranın dəstəyi ilə Mingəçevirdə dini radikalizmlə mübarizə istiqamətində tədbirlər keçirilir

“Iqtisadi və Sosial Maarifləndirmə Mərkəzi“ İctimai Birliyi bölgə sakinlərini dini radikalizmə qarşı mübarizədə qərarlılıq nümayiş etdirməyə dəvət edir

İctimai Birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi çərçivəsində  davam edən ideoloji məzmunlu tədbirlər silsiləsi yekunlaşmaq üzrədir. Mövzunun aktuallığını və cəmiyyətin həyatındakı əhəmiyyətini nəzərə alan QHT üzvləri nəticə yönümlü fəaliyyət üsulunu tətbiq etmək üçün layihənin icra edildiyi dörd  ay ərzində mövcud ideoloj resurslardan maksimum səviyyədə faydalanmağa nail olublar. Belə ki,  cəmiyyətin fərqli zümrələri arasında keçirilən görüşlər, televiziya və media qurumlarında aparılan müzakirələr, eləcə də maarifləndirmə xarakterli digər tədbirlər zamanı fərdi yanaşma tərzi nümayiş etdirilərək biri-birini təkrarlamayan mövzu və məsələlər gündəmə gətirilib. Müxtəlifliyə baxmayaraq, məqsəd eyni olub:  Cəmiyyətin dini savadlılıq səviyyəsinin öyrənilməsi, yaşından və sosial zümrəsindən asılı olmayaraq vətəndaşların dini fanatizm, dini radikalizm və dini ekstremizm meyllərinin doğura biləcəyi potensial təhlükədən sığortalanması üçün marifləndirilməsi və insanların dini radikalizm meyllərinə qarşı mübarizə prosesinə səfərbər olunması.     Qeyd etmək lazımdır ki, marifləndirmə işlərinin ciddi təsir vasitəsinə çevrilməsi istəyi ilə “İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyi layihənin icrasında təcrübəli ekspert dəstəyindən istifadə edib. Onlar arasında ölkə miqyaslı tanınmış dinşünas alimlər və ictimai xadimlər yer alıb. “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev,  AMEA-nın Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin ARB Aran telekanalında İctimai Birlik nümayəndələri ilə bərabər iki müxtəlif proqramda “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusunda apardığı müzakirələr izləyicilər arasında geniş rezonans doğurub. Proqramların nümayişinin ardınca telkanala və “Iqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinə daxil olan vətəndaş zəngləri bu faktı təsdiq edir. Həmin müzakirələr zamanı dini radikalizm ocaqlarının yaranma səbəbləri, cəmiyyətə təsir gücü, dünyanın bir çox coğrafiyalarında bu kimi mənfi meyllərin yaratdığı terror və digər təhlükələr , Azərbaycan reallığında dini fanatizm və radikalizm meyllərindən uzaqlaşmağın ən doğru yolları və digər profilaktik xarakterli mübarizə üsulları barədə ətraflı söhbət açılıb.

Oxşar məzmunlu müzakirələr layihənin icra olunduğu dönəmdə digər fərqli ünvanlarda da davam etdirilib. Bu ünvanlar arasında dini cəmiyyətlərin ofisləri, gənclər evi, orta ümumtəhsil məktəbləri, kolleclər və ayrı-ayrı məhəllələr yer alıb. “Mənəvi saflıq”  Vətəndaş Maarifçiliyi Fondunda, Mingəçevir “Gənclər Evi”sosial xidmət müəssisəsində, Mingəçevir Tibb kollecində, 7 saylı Mingəçevir şəhər orta məktəbində və digər ünvanlarda keçirilən tədbirlər zamanı təcrübəli təlimçi və mütəxəssislərin imkanlarından istifadə olunub. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgə nümayəndəliyinin aparıcı mütəxəssisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin üzvü, komissiya sədri və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Dini komissiyanın üzvü Zahid Qasımlı, eləcə də “Iqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri Əliqismət Kərimov keçirilən təlimlərdə və görüşlərdə vətəndaşların dini məlumatlılıq dərəcəsinin zənginləşməsi və mübarizə əzminin möhkəmlənməsi üçün tərübə, bilik və bacarıqları ilə ciddi səy göstəriblər. Onların iştirakı ilə “Din iradikalizmə qarşı mübarizədə din xadimlərinin rolu”, “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu və iştirakı”, ”Dini radikalizmə qarşı mübarizədə ailə və məktəbin rolu”, ”Gənclərimizi dini radikalizmdən qoruyaq” və digər mövzular ətrafında keçən tədbirlər hər kəs üçün faydalı məqamları ilə yadda qalıb.

“Mənəvi Saflıq”  Vətəndaş Maarifçiliyi Fondunun sədri, din xadimi Əhməd Məmmədov, Mingəçevir “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Tural Kərimov , Mingəçevir Tibb Kollecinin təcrübə rəhbəri Azər Quliyev, 7 saylı orta məktəbin direktor müavini Ülviyə Allahverdiyeva və digər ictimaiyyət fəalları dini radikalizmlə mübarizə prosesində mütəşəkilliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Tədbirlərin gedişində və aparılan müzakirələrdə Azərbaycanda mövcud olan tolerant ənənələr və multikultural dəyərlərdən geniş söhbət açılıb. Azərbaycan Respublikasının qanunlarının və qəbul edilən hüquqi aktların dini dəyərlərin qorunması və vətəndaşların din və etiqad azadlığının təmin edilməsinə hərtərəfli şərait yaratdığı qeyd olunub. Bununla belə, bir çox faktorların, o cümlədən dini biliklərin azlığı, sosial-iqtisadi, psixoloji səbəblərin təsiri, qanunla yasaq edilmiş dini ekstremist təşviqatın əsassız iddialarının və digər məsələlərin insanlar arasında bəzi hallarda doğru olmayan meyllərin yaranmasına gətirib çıxardığı iştirakçıların diqqətinə çatdırılıb. Baş tutan hər görüş və aparılan müzakirələr iştirakçı tərəflərin fəal dialoqu ilə müşaiyət olunub. Ən əsası isə, “Iqtisadi və Sosial Maarifləndirmə Mərkəzi “ İctimai Birliyi müzakirələrin məntiqi yekunu kimi hər bir vətəndaşı cəmiyyətin gələcəyi üçün potensial təhlükə mənbəyi olan dini radikalizmə qarşı mübarizə prosesində daha da fəal olmağa və əsl vətəndaş qərarlılığı nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi noyabrın 15-dək davam edəcək.

Tag
Daha çox

Oxşar yazılar

Close