“Söz verirəm ki, başladığımız bu işlər davamlı olacaq”
Mingəçevir şəhərində İcra Hakimiyyəti başçısının səyyar görüşləri sakinlər tərəfindən rəğbətlə qarşılanır. Çünki illərdən bəri yığılıb qalan problemlərin əksəriyyəti hər görüşdən sonra həllini tapır.
9 oktyabr 2019-cu ildə İH başçısı İlham İsmayılov Ərəş küçəsi 1, 2 və N.Nərimanov küçəsi 13, 15/1 saylı ünvanların sakinləri ilə görüşüb, mövcud ərazidə görülən işlərlə yaxından tanış olub və aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verib. O, şəhərin “Dostluq” parkında, Xaldan şossesi istiqamətindəki seyrəngahda, eləcə də bir sıra məhəllələrdə həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açıb: “Artıq 20 məhəllədə abadlıq-quruculuq işləri başa çatdırılıb. Bu quruculuq işləri çərçivəsində həyətlər abadlaşıb, binaların fasad hissələri rənglənib, bloklar təmir olunub, girişlərə qapılar qoyulub. Biz çalışırıq ki, yaşadığınız məhəllələrdə rahatlıq tapasınız. Söz verirəm ki, başladığımız bu işlər davamlı olacaq”.
Görüşdə çıxış edən məhəllə komitəsinin sədri Sahibə Rəsulova yaşadığı Ərəş küçəsində də abadlıq işləri aparılmasını xahiş edib. Digər sakinlər isə istilik sistemi, suvarma suyu, həyətlərin işıqlandırılması, xeyir-şər mağarının təmiri ilə bağlı məsələlərə diqqəti yönəldiblər.
Şərhlər bağlıdır.