“Sos” siqnalının verilməsinə az qalıb
Ekologiya biologiyanın bir bölməsi olmaqla canlı orqanizmlərin, ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir. Hazırda belə anlayış dar çərçivədən çıxıb və daha geniş izahatlar şərh olunmağa başlanmışdır. Müasir dövrdə insanların ətraf mühitə kortəbii təsirinin miqyası o qədər artmışdır ki, ekologiya həyati problem olmaqla, siyasi məsələyə çevrilmişdir. Ekoloji durumun kəskin pisləşməsi XX əsrin 50-ci illərinə təsadüf edir. Həmin dövrdən başlayaraq, alimlərin, siyasi və ictimai xadimlərin çıxışları dünyanın demək olar ki, hər bir ölkəsində müzakirə olunmağa başlandı.
25-30 il əvvəl dünyada ən çirkli havası olan şəhərlərin ardıcıllığı belə idi: London, Nyu-York, Milan, Tokio və s. 2011-ci ilin məlumatlarına görə isə, 30 şəhərin adları açıqlanıb. Təəssüflər olsun ki, həmin siyahıya Bakı şəhəri “başçılıq” edir. Belə hal bizim alimləri və məmurları dərindən düşündürməlidir.
Sanitar normalarına görə, 1 kub.santimetrdə 5 minə qədər tozcığaz olduqda, hava təmiz sayılır. Tozcığazların çoxalmasına küləkli havada yerdən qalxan tozların təsiri böyük olur. Ona görə də şəhər daxilində və kənarda torpaq eroziyasına qarşı mübarizə aparmaq lazımdır. Deməli, ətraf mühitin qorunmasında, elmlərin kompleks formada fəaliyyəti çox vacibdir.
Aqrar sahədə məhsuldarlığın artırılması üçün ziyanvericilər və alaq otları ilə mübarizə çox mühüm şərtdir. Əkin sahələrində, bağlarda, tərəvəz plantasiyalarında ziyanvericilərlə mübarizə aparmaq üçün zəhərli kimyəvi maddələr yaradılmış və indi də həmin proses davam edir. Onların istehsalı və istifadəsi dayanmadan artır. Həmin kimyəvi maddələrə mal-qaradan alınan süddə, okeanların sahil sularında və s. rast gəlinir. Sənayenin, aqrar sahənin və məskunlaşmanın olmadığı Antarktidada, quşların orqanizmlərində zəhərli kimyəvi maddələr tapılmışdır.
Məşhur italyan yazarı Enso Rava qeyd edir ki, kanalizasiya sularında çoxlu miqdarda yuyucu vasitələrin qalıqlarına və kimya istehsalının tullantılarına rast gəlinir ki, bu da öz növbəsində daxili sututarların və suaxarların çirklənməsinə, flora və faunanın məhv olunmasına səbəb olur. O, deyir ki, “nə qədər ki, biz paltarları sabunla yuyurduq, balıqlar ölmürdülər, ancaq bizim paltarları təmiz edib, ağartmağımız çətin idi”. Artıq suda yaşayan quşların tərk olunması, qırılması halları çoxalmışdır. Su vasitəsilə olan çirklənmə tədricən baş verir. Uzun illər ərzində insanların və heyvanların orqanizmdə yığılan zərərli maddələr öz təsirini göstərməyə başlayır.
Əksər alimlər belə nəticəyə gəliblər ki, ətraf mühitin çirklənməsi elmi-texniki inqilabın qaçılmaz nəticəsidir. Lakin elmi-texniki inqilabın zəifləməsi və ya dayandırılması bəşəriyyət üçün pis nəticələr verə biləcək durğunluqla müşayiət olunur. Gələcək prosesləri düzgün analiz və sintez etməyi bacarmayan alimlər elmi-texniki inqilabın mənfi təsirlərinin aradan qaldırılmasına inanmaq iqtidarında deyillər.
Müasir elm və texnika texnoloji proseslərin daha mükəmməl formalarını işləyib-hazırlamaq sahəsində çoxlu işlər görür. Hazırda ətraf mühitin çirklənməsini minimum səviyyəyə salınması mühüm bir problem kimi qarşıya qoyulmuşdur. Həmin məsələlərin həlli təkcə elm və texnikanın müasir durumundan yox, həm də dövlət və hökumət rəhbərlərinin fəaliyyəti ilə bağlıdır.
Məsələn, Fransada təbii resursları xilas etmək üçün 100 maddədən ibarət proqram hazırlanmışdır. Həmin proqram ictimaiyyət tərəfindən çox yaxşı qarşılanmışdır.
İngiltərədə ətraf mühitin qorunması sahəsində çoxlu sanballı işlər görülür.
Amerika Birləşmiş Ştatlarında atmosferin, torpağın, suyun mühafizəsi işinə şəxsən prezident nəzarət edir.
İqtisadiyyatın kortəbii inkişafı ətraf mühitin çirklənməsinə birbaşa təsir edir. Ona görə də iqtisadi inkişaf elmi əsaslar üzərində qurulmalıdır.
Avtonəqliyyatın ətraf mühitin çirklənməsində “öz payı” vardır. Avtonəqliyyatın təsirini azaltmaq üçün, daha səmərəli yanacaq növlərindən istifadə etmək üzərində faydalı iş aparılır.
Birtərəfli yolların çəkilməsi, avtomagistralların şəhər kənarlarına çıxarılması və s. işlərin həyata keçirilməsi, bu sahədə görülən müsbət hallara misaldır. Lakin avtonəqliyyatın miqdarı dayanmadan artır. Deməli, bu sahədə daha çox səmərəli tədbirlərə ehtiyac vardır. Elmi tədqiqatdan institutlarının və konstruktur bürolarının yeni modellər işləyib hazırlanmasına lazimi qaydada yanaşma olmalıdır. Dövlət avtomobil müfəttişliyinin əməkdaşları bu işdə öndə durmalıdırlar. Onlar mühərrikləri düzgün işləməyən avtonəqliyyat vasitələrinin dərhal istismarının dayandırılması haqqında qərar verməlidirlər.
Avtobusların trolleybuslarla əvəzlənməsi və elektromobillərin istismara buraxılması çox vacib amil hesab olunur.
İstehsalatda və tikintidə mükəmməl texnoloji proseslərin tətbiqi, təmizləyici qurğuların təkmilləşdirilməsi, mexaniki filtrlərin istifadəsi, çirkab sularının bioloji və kimyəvi təmizləmə üsullarının reallaşması və s. ətraf mühitin qorunmasında çox effektiv rol oynaya bilər. Hazırda ölkəmizdə bu sahədə müəyyən işlər görülür.
Ətraf mühitin qorunması sahəsində müəyyən tədbirlər Mingəçevir şəhərində də həyata keçirilir. Əslində belə tədbirlərin vaxtı çoxdan çatmışdır. Şəhər ərazisində ətraf mühitin qorunmasında əsas məsələ Dövlət İstilik Elektrik Stansiyası ilə bağlıdır. Həmin müəssisənin çirklənməyə məruz qoyduğu şəhər havasının hazırki durumu yaxşı vəziyyətdə deyildir. Məsələn, klassik misal kimi son dövrlər şəhərdə olan tut və nar ağaclarının durumu və onların verdiyi meyvələrin qənaətbəxş vəziyyətdə olmadığını göstərmək olar. 40-50 km aralıda olan həmin ağacların durumu normal olur və meyvələrin vəziyyəti qənaətbəxş vəziyyətdə olur. Həmin ağacların meyvələrinin vəziyyəti ərazidə havanın çirklənməsini göstərən indikator hesab olunur.
Şəhərin havasının cirklənməsi təkcə Dövlət İstilik Elektrik Stansiyasının fəaliyyəti ilə əlaqədar deyildir.
Payız aylarında xəzəlin yandırılması şəhər havasının çirklənməsinə həddindən artıq çox pis təsir edir.
Mingəçevir şəhərində havanın çirklənməsində avtonəqliyyatın çox böyük “payı” vardır. Hələ də istismara yaramayan avtomobillər fəaliyyət göstərirlər. Belə dözülməz vəziyyətlə barışmaq şəhər sakinlərinə hörmətsizlikdir.
Bəzən ətraf mühitin çirklənməsi dedikdə, ançaq havanın çirklənməsi kimi başa düşülür. Lakin ətraf mühitin çirklənməsi dedikdə, çoxlu amillər nəzərdə tutulur. Məsələn, avtonəqliyyat vasitələri tərəfindən səs siqnalları rejiminə riayət edilməməsi də ətraf mühitin çirklənməsinin bir forması kimi qəbul olunmalıdır. Təəssüflər olsun ki, Mingəçevir şəhərində bu hal dözülməz bir vəziyyətdədir. Sürücülər demək olar ki, səs siqnaları rejiminə əməl etmirlər. Bu isə dövlət avtomobil müfəttişlərinin birbaşa günahından baş verir. Qeyd olunan vəziyyət artıq nəzarətdən çıxmışdır.
Ətraf mühitin qorunmasında sanitar təbliğatının əhəmiyyəti çox böyükdür. İnsanların sanitar mədəniyyətinə qovuşmağında təbliğatın rolu əvəzsizdir. Ümumiyyətlə, səhiyyə işçilərinin ətraf mühitin qorunmasında və sağlamlaşdırılmasında yanaşma metodları və üsulları çox effektiv olmalıdır.
Suaxarların və sututarların qorunması və səmərəli istifadə olunması üçün konkret addımlar atılmalıdır. Məsələn, Kür çayının respublikadan kənarda çirklənməsinin qarşısını almaq üçün artıq beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Çünki Ermənistan və Gürcüstan tərəfindən atılan çirkabların miqdarı o qədər artmışdır ki, məsafə az olduğundan Kür çayının özü-özünü təmizləmə prosesi respublika ərazisində tam formada baş vermir. Kür çayı üzərində dörd su anbarının qurulması bu işin xeyli zəifləməsinə səbəb olur.
Qeyd olunduğu kimi ətraf mühitin çirklənməsi hal-hazırda beynəlxalq problemə çevrilmişdir. Konkret addımların atılmasına çox böyük ehtiyac vardır. Lakin hələ ki, lokal və qlobal ekoloji məsələlərin həlli yolunda demək olar ki, heç bir beynəlxalq tədbirlər həyata keçirilmir. Yer kürəsinə və onun əhalisinin sağlamlığına olan təhlükələr reallaşmaq üzrədir.
Bəli, proseslər belə davam edərsə, o halda ekoloqlar yaxın zamanlarda “SOS” siqnalının verilməsinə məcbur olacaqlar.
Nə qədər ki, belə tüstülü avtobuslar marşrutdan çıxarılmayıb, şəhərimizin başı üzərindən “qara buludlar” əskik olmayacaq
Afiq Hacıyev
Şərhlər bağlıdır.