Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Son 200 illik tarixmizə düşmənlərimiz saysız-hesabsız qanlı hadisələr yazıblar

1918-ci ilin mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdən biridir

445

200 ildir ki, ermənilər xalqımıza qarşı müəyyən fasilələrlə soyqırım siyasəti aparıb. Son 200 illik tarixin hər bir səhifəsini çevirəndə erməni vəhşiliyinin, vandalisminin şahidi oluruq. Mənfur qonşularmızın beyinlərində bəslədikləri qondarma xəyalları həyata keçirməsi üçün qeyri-insani yollardan istifadəyə can atması hər zaman qanlı qarşıdurmalara  yol  açıb.

Əslində bu mənfur siyasətin arxasında dayanan məqam birdir: Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyası. XIX  yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın həyata keçirilməsinə hazırlıq prosesi sayıla bilərdi.  Məhz bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq, işğala məruz qoymaq olardı ki, ermənilər bu üsuldan istifadə etdilər. 1905-1907, 1918-1920, 1988-1993-cü illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqrımı aktları, zorakılıq halları, çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan siyasətin tərkib hissəsi idi.

Öz şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən heç də geri qalmır.  Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla ermənilər arasında etnik uyuşmazlılığın mövcudluğunu iddia etməsi elə nasistlərin  “Ariy”lərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendesiya xarakteri almışdı.

Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsini, torpaqlarımızın işğal olunmasını  dünya ictimayyətinə,  beynəlxalq təşkilatlara bəyan edirdi. Dünyanın ən iri dövlətlərinə səfərləri zamanı yüksək səviyyədə aparılan danışıqların  dövlətlərarası əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyəti məlumdur. Lakin  bütün bu görüşlər zamanı Azərbaycanın təbliği, xalqımızın üzləşdiyi problemlər, ilk növbədə zorla cəlb olunduğumuz müharibə və bunun ağır nəticələri, ümumən ölkəmiz, onun zəngin təbii ehtiyatları, iqtisadi potensialı, xarici iş adamlarından ötrü sərmayə imkanları barədə geniş təsəvvür yaratmaq üçün istifadə olunurdu. Qətiyyətlə demək olar ki, bunlar adi protokol çıxışlar deyildi,  müstəqillik yoluna çıxmış, çox ağır və mürəkkəb problemlərlə üzləşən Azərbaycan haqqında hərtərəfli məlumat verən, dərin məzmunlu, güclü məntiqə və obyektiv faktlara söykənən klassik mühazirələr idi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra cəmi bir il ərzindəki gecəli-gündüzlü gərgin zəhmətinin, o cümlədən diplomatik səylərinin bəhrəsi tezliklə özünü göstərdi.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən fikirləri var. Ulu Öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət  müstəqilliyinin bərpasıdır. Həqiqətən də müstəqillik istənilən xalq üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri xatırlatmaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada XX əsrin 18-20 ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir.

Dünyada elə qüvvələr var ki, güclü türk-müsəlman dövlətinin olmasını istəmirlər. Azərbaycan bu regionun istər coğrafi ərazisinə, istər təbii sərvətlərinə görə istərsə də əhalisinin sayı baxımından ən böyük dövlətdir. Ona görə də Azərbaycanın qüdrətli dövlət, söz sahibi olması bir sıra qüvvələrin marağında deyil. Amma Azərbaycan öz yolu ilə inamla gedir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verdi. Prezident İlham Əliyev apardığı uğurlu daxili və xarici siyasət daima ölkəmizin iqtisadi inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə, dünyada nüfuzunun artırılmasına yönəlmişdir.

“Biz nə qədər güclü olsaq, hamı bizimlə hesablaşacaq. Ona görə də, strateji xəttimiz-güclü dövlət olmaqdan ibarətdir.” Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində duran əsas tezis budur.

Müasir tariximizin ən şanlı səhifəsi heç şübhəsiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman Vətən övladlarının yenilməz iradəsi, şücaəti, cəsarəti, xalqla ordunun və hakimiyyətin sarsılmaz birliyi nəticəsində yazıldı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqları igidlik dastanı yazaraq işğaldan azad etdi.

Baş verən hadisələrin bir daha təkrarlanmaması üçün hadisələrə və səbəbkarlara real yanaşmalıyıq. Tutduğumuz mövqedən asılı olmayaraq, daim təbliğat işi aparmalı, tariximizi, hadisələri daha dərindən öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq.

Bu gün hər kəsə, xüsusən gənclərə səslənərək, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, bütün dövlətlərə və dünya təşkilatlarına ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri milli ədalətsizlik, terrorizm, sıyqırımı, etnik təmizləmə faktlarını pisləməyə çağırıram.

 

Cavanşir Yusubov,

YAP Mingəçevir şəhər təşkilatının sədri

Şərhlər bağlıdır.