Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısı ilə KİV nümayəndələrinin görüşündə hansı məsələlər qabardıldı?

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə iyulun 22-də KİV nümayəndələrinin bir qrupu ilə görüşüb. Videokonfrans vasitəsilə baş tutan tədbirdə başçı bildirib ki, ölkə rəhbəri, jurnalistlərin yaxın dostu cənab İlham Əliyev hər zaman Azərbaycan mətbuatının inkişafına diqqətlə yanaşıb: “Ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə qorunması, medianın sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Mingəçevir şəhərində fəaliyyət göstərən mətbuat nümayəndələri də bu diqqət və qayğıdan kənarda qalmayıb. Şəhərdə və ölkədə aparılan işlər hər zaman medianın diqqətində olub. Son zamanlar Mingəçevir şəhərində aparılan abadlıq-quruculuq işlərinin yerli kütləvi informasiya vasitələrində ətraflı işıqlandırılması əhali tərəfindən yüksək qiymətləndirilir”.

Görüşdə “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, APA İnformasiya Agentliyinin və yeniavaz səhifəsinin bölgə müxbirləri Ehtiram Muradov və Esmira Hidayətova çıxış edərək, hər zaman icra hakimiyyətinin yanında olduqlarını və yerli səviyyədə görülən abadlıq-quruculuq işlərini mütəmadi işıqlandırdıqlarını bildiriblər.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev vurğulayıb ki, jurnalistin əsas vəzifəsi problemləri araşdırmaq və həlli istiqamətində təkliflər hazırlamaqdır: “Son vaxtlar Mingəçevirdə COVİD-19-a yoluxanların sayının artması təəssüf doğurur. Bunun müxtəlif səbəbləri var. İndiki sərt karantin rejimindən əvvəl Kürün sahilində iynə atsaydın, yerə düşməzdi. Orada uşaq attraksionları, digər səyyar qurğular onsuz da kiçik olan ərazidə hədsiz darısqallıq və yoluxma təhlükəsi yaratdı. Digər problem hazırda şəhərdə davamlı dezinfeksiya işlərinin aparılmaması ilə bağlıdır. Əvvəllər İcra Hakimiyyətinin veb səhifəsində demək olar ki, hər gün hansı ünvanlarda dezinfeksiya işlərinin aparıldığı barədə məlumatlar alırdıq”.

Kanal32 İnformasiya Agentliyinin rəhbəri İnqilab Şirinbəyli də pandemiyanın qarşısının alınması üçün aparılan tədbirlərin yetərli olmadığından danışıb: “Həqiqətən Kür sahilində karantin qaydalarına ciddi əməl olunmur. Dünən biz orda idik, təxminən 150 adam olardı, əksəriyyəti də maska taxmamışdı. Ən ciddi məsələ isə Mərkəzi Xəstəxana ilə bağlıdır. Xəstəxananın bir laboratoriyası var və orada  həm COVİD-19-a yoluxan, həm də başqa xəstəliklərdən əziyyət çəkən insanların analizləri aparılır. Özü də bir dəhlizdən keçməklə. Bu da tibb işçilərimizin kütləvi sayda yoluxmasına gətirib çıxarır. Müxtəlif xəstəliklərə məruz qalmış xəstələrə məxsus döşək, balış üzlərinin də eyni camaşırxanada yuyulması və açıq şəraitdə qurudulması da başa düşülən deyil”.

Şəhər rəhbəri mətbuat nümayəndələrini əmin edib ki, heç bir təklif diqqətdən kənarda qalmayacaq: “Biz sizdən həmişə ciddi təkliflər gözləyirik. Bunlar ümumi işin xeyrinədir. Eyni zamanda əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətinizi yüksək dəyərləndirirəm və ümid edirəm ki, bu iş indidən sonra da davam etdiriləcək. Bir daha Milli Mətbuat günü münasibətilə sizi və kollektivlərinizi təbrik edirəm. Bayramınız mübarək!”

Şərhlər bağlıdır.