Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şeirə çevrilmiş ömür: Minarə İsgəndərin poetik dünyası

Məhsəti Gəncəvidən Natəvanadək uzanan qadın şairlər silsiləsi bu gün də parlaq davamçılarını tapır. Yevlaxın Ərəş kəndindən çıxıb, musiqi və poeziya ilə iç-içə yaşayan Minarə İsgəndər öz şeirləri ilə vətən sevgisini, şəhid həsrətini və ürək yanğısını minlərlə oxucuya çatdırır. “Mən şeirəm, şeir də mən” deyən bu şairənin yolu – sadəlikdən kamilliyə, kənddən Türk dünyasına uzanan ilhamlı bir səyahətdir.

111

Azərbaycan xalqı ədəbi zənginliyi və dahiləri ilə hər zaman qürur duymuşdur. Xüsusilə qadın ədiblər Türk dünyasında və Orta Yaxın Şərqdə özünəməxsus yer tutmuşlar. Məhsəti Gəncəvi (XI əsr), Xurşidbanu Natəvan (Şuşa, 1832–1897), Ağabəyim Ağa (Pənahabad – indiki Şuşa, 1780–1832), Heyran xanım (XIX əsrin I yarısı, Təbriz), yaxın keçmişin görkəmli nümayəndələri Nigar Rəfibəyli, Mirvarid Dilbazi və başqaları qələmləri ilə tarixdə dərin iz qoymuş, yüksək nüfuz qazanmışlar. Bu ənənə tarix boyu davam etmiş və bu gün də müasir ədəbi mühitdə layiqli davamçıları ilə yaşamaqdadır.

Onlardan biri də şairə Minarə İsgəndərdir. Onun yaradıcılığına nəzər salmaq istəyirəm.

Minarə İsgəndər

Minarə xanım 1962-ci il martın 15-də Yevlax rayonunun Ərəş kəndində ziyalı ailəsində anadan olmuş, orta təhsilini də həmin kənddə almışdır. Hələ məktəb illərində şeirə və musiqiyə böyük maraq göstərən Minarə kiçik həcmli şeirlər yazır, dərsliklərdəki şeirləri mahnı kimi oxuyurdu. Müəllimləri onun istedadına inanaraq deyirdilər: “Səndə nəsə var, sən elə-belə uşaq deyilsən”.

Orta məktəbi “əla” qiymətlərlə bitirən Minarə seçim qarşısında qalır: öz istəyi (dil-ədəbiyyat müəllimi olmaq), müəllimlərin tövsiyələri və atasının təkidi. Nəhayət, atasının təklifi ilə musiqiçi peşəsini seçir və Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra doğma Yevlaxa qayıdır və Xaldan kənd Uşaq Musiqi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayır. Hazırda həmin məktəbdə xor müəllimi kimi çalışır.

Məktəb illərindən şeirlər yazan Minarə “Azərbaycan pioneri” qəzetində və Yevlaxda nəşr olunan “Təşəbbüs” qəzetində ilk nəşrlərinə nail olur. Bu, onun geniş oxucu kütləsinə tanınmasında ilk addımlar olur. Sonradan respublika əhəmiyyətli qəzet və jurnallarda, antologiyalarda və almanaxlarda çıxış edir. 2023-cü ildə “Dünya mənsiz qalanda” adlı ilk şeirlər kitabı işıq üzü görür və şairə kitab müəllifi kimi qürurlu adda nail olur.

Artıq püxtələşmiş yaradıcılığında müxtəlif janrlarda diqqətçəkən əsərlər yazır, daxili dünyasını oxuculara çatdırır. Vətəninə, xalqına və dövlətinə dərin bağlılıq hiss edən şairə belə yazır:

Qoy vətəndən qada getsin,

Qıyma torpaq yada getsin.

Təki düşmən bada getsin,

İrəli, ordum, irəli!

Bölünməz yurdum, irəli!

Vətənpərvərlik mövzusu onun poeziyasında mühüm yer tutur. Şairə şəhidlərimizi, qazilərimizi və əsgərlərimizi də unutmur. Mingəçevirli şəhid Nahid İbrahimzadənin xatirəsinə həsr etdiyi “Salam de” şeirində şəhidin oğlu dilindən yazır:

Ay ata, qəbrinin üstə gəlmişəm,

Oyanıb məzardan mənə – “Salam” de.

Vaxt vardı sabahı sənlə açırdım,

Başımın üstündə çənə – “salam” de…

Bu kimi ürək göynədən, göz yaşardıcı şeirləri kifayət qədərdir.

Minarə xanım özünəməxsus bədii zənginliyi ilə oxucuların rəğbətini qazanmış, bir çox yaradıcı ziyalılarla sıx əlaqələr qurmuşdur. 2024-cü ildə Şəfa Vəlinin redaktorluğu ilə işıq üzü görən “Yadına düşürəmmi” kitabı müxtəlif səpkidə şeirlərlə yanaşı deyişmələrə də yer verir – bu, klassik ənənənin davamıdır.

2025-ci ildə çıxan “Mən şeirəm, şeir də mən” və “Sənsiz könlüm üşüyəcək” kitablarında bu sahəyə geniş yer ayrılmışdır. Zeynəb Camaləddin, Müşfiq Dağlaroğlu, Rafael Əhmədov, İldırım Əlişoğlu və onlarla başqa şairlə 50-dən çox deyişmə və şeirləşmə nümunəsi klassik irsin yaşadılmasını təsdiqləyir.

Məhəbbət mövzusu da şairənin yaradıcılığında mühüm yer tutur:

Niyə girdin bu ürəyə xəbərsiz,

Bir günüm olmadı qəmsiz, kədərsiz.

Belə sevgi tək-tək olar bənzərsiz,

Söylə, yaşamağa il qəhətdirmi?

Və ya:

Sən mənim nəyimsən, kimimsən axı,

Mən niyə bu qədər bağlıyam sənə?

Olsam da dünyanın hansı yerində,

Gözlərim tək səni axtarır yenə.

2025-ci ilin may ayında Bakıda keçirilən IV Türk Dünyası Ədəbiyyatı Festivalında iştirakı, kitablarının nümayişi və “imza günü”nün 28 mayda təşkil olunması şairənin Türk dünyası yazarları ilə əlaqələrinin genişlənməsində mühüm rol oynamışdır.

Minarə xanım humanist, qəlbi yumşaq və xeyirxah bir ziyalıdır. Festivalda yaşlı bir qadının kitablara baxdığını görüb ona öz kitabını hədiyyə etməsi, “Mən ömrümdə kitabımı satmamışam və satmaq fikrim də yoxdur” deməsi onun xarakterini əyani göstərir.

Geniş oxucu kütləsi adından və öz adımdan Minarə xanıma yaradıcılıq uğurları arzulayıram. Yeni əsərlərini görmək arzusu ilə…

Telman Axıncı,

şair-publisist 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.