Sakinlər icra başçısına dedilər ki, zirzəmilər kanalizasiya suları ilə dolur
İlham İsmayılov: “Hər kəs onun problemindən hökumətin dərhal xəbər tutmasını istəyirsə, Rəqəmsal İcra Hakimiyyəti səhifəsinə daxil olub, məlumatlarını göndərə bilər”
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyunun 10-da növbəti səyyar görüşünü keçirib. Ü.Hacıbəyov, M.Maqomayev Rəsul Rza küçələrinin kəsişdiyi məhələdə baş tutan görüşdə sakinlər narahatlıq doğuran bir sıra problemləri qaldırıblar.
Belə ki, mövcud ərazidəki çoxmənzilli binalarda zirzəmilərin kanalizasiya suları ilə dolması baş verir, bu isə xəstəlik yayan həşaratların, xüsusən ağcaqanadların yayılnasına səbəb olur. Cavabdehlik daşıyan yerli Su-Kanal İdarəsi isə çağırışlara vaxtında gəlmir.
Bir müddətdir ki, şəhərin suvarma xətti Heydər Əliyev prospekti və əsas küçələrə quraşdırılıb. Xəttin bütün məhəllələrə də çəkilməsi arzu olunur, çünki həyətlərdəki ağacların sulanmasına ciddi ehtiyac duyulur.
Sakinlər həyətlərin normal işıqlandırılmadığnı, təhlükəli ağacların kəsilməsi üçün müraciətlərə cavab verilmədiyini, şəhid adları verilən ərazilərlə bağlı əhalinin məlumatlandırılmadığını diqqətə çatdırıblar. O da vurğulanıb ki, bir neçə il əvvəl nümunəvi məhəllə kimi salınan stadionda hazırda müasir standartlara cavab verən avadanlıqların quraşdrılmasına ehtiyac duyulur.
Görüşdə sakinlər şəxsi problemlərini də qaldırıblar.
İcra başçısı sualları cavablandırıb, müvafiq qurumların rəhbərlərindən məsələlərin həlli ilə bağlı yerində cavab istəyib. İ.İsmayılov bildirib ki, hər kəs onun problemindən hökumətin dərhal xəbər tutmasını istəyirsə, Rəqəmsal İcra Hakimiyyəti səhifəsinə daxil olub, məlumatlarını göndərə bilər: “Bu, bütün təklifləri nəzarətdə saxlamağa və yubanmadan həll etmətə imkan verən platformadır. Təklif edirəm ki, bütün vətəndaşlar fəallıq göstərib, bundan istifadə etsinlər”.
Şərhlər bağlıdır.