Sahil Parkının ərazisi 110 metr uzanacaq
Parkın ərazisində əlilliyi olan şəxslərin çayın sahilinə düşməsi üçün pandüslər də quraşdırılacaq
2023-cü il oktyabrın 9-da Kür sahilindəki parkın genişləndirilməsiylə bağlı əraziyə baxış keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və təşkilat rəhbərləri körpünün altından keçən hissədə görülən işlərlə tanış olublar. Hazırda mövcud hissəyə tamet döşənir. Diqqətə çatdırılıb ki, işlər başa çatandan sonra Sahil Parkının ərazisi 110 metr uzanacaq.
Məlum olub ki, yeni ərazidə vaxtilə nasos stansiyasına məxsus obyekt mövcuddur və uzun illərdir ki, istifadəsiz qalıb. Amma son illərdə sahibsiz obyektə bir fiziki şəxs “sahiblənib” və onu çayxanaya çevirib. İcra hakimiyyəti başçısı Dğvlət Əmlak Komitəsinin yerli nümayəndəsinə tapşırıq verib ki, məsələni araşdırsın: “Bura parkın ərazisidir, buna görə də həmin obyektin sökülməsinə ehtiyac var”.
Ərazidə tikilmiş estetik cəhətdən yöndəmsiz ayaqyolunun da standarta cavab vermədiyi aydın olub (tullantı suları Kür çayına axıdılır). Ekologiya və Təbi Sərvətlər Nazirliyinin yerli namayəndələri onu tezliklə ərazidən götürəcəklərini bildiriblər.
İH başçısı Kür boyunca məhəccərlərin kiçik gəmi sahibləri tərəfindən qanunsuz kəsilməsi, gəmilərin yan alması üçün nəzərdə tutulan yerlərdə çayxana açılması, ayrı-ayrı şəxslərin özlərinə “istirahət güşəsi” yaratması, balıq ovlayanların isə məhəccərlərin üstündə oturmaqla onları sındırması ilə bağlı məsələlərə də münasibətini bildirib və aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verib. Təəccüblü burasındadır ki, baxış zamanı bütün gəmilər çay sahilində qalsa da, sahibləri “yoxa çıxıb”. Eyni zamanda qərara alınıb ki, Sahil Parkı ərazisində əlilliyi olan şəxslərin çayın sahilinə düşməsi üçün pandüslər də quraşdırılsın.
Şərhlər bağlıdır.