Sahil parkı yenidən qurulur, bayraq meydanı inşa edilir
20 iyul 2012-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “Mingəçevir şəhərinin 2012-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2012-ci il iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə rəhbərinin tövsiyə və tapşırıqları barədə danışıb.
Daha sonra İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov görülən işlər barədə geniş hesabat verib. Bildirib ki, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 35 faiz artaraq 174 milyon manat, sənaye məhsulu istehsalı 17 faiz artaraq 89 milyon manat təşkil edib. Altı ay ərzində nəqliyyatda 1,7 milyon, rabitədə 600 min manatlıq xidmət göstərilib.
Natiq onu da qeyd edib ki, hesabat dövründə şəhər ərazisində aparılan abadlıq və quruculuq işləri öz ahəngində davam etdirilib. Yol və səkilərə 81 min kv.m asfalt örtük salınıb, 13 min kv.m bina fasadı rənglənib, 5,2 min kv.m dam örtüyü əsaslı təmir olunub.
İ.İsmayılovun dediyinə görə, əhalinin kütləvi istirahət yeri olan Sahil parkı xüsusi lahiyə əsasında yenidən qurulur. Çimərliyə gedən 2-ci yolun bərpası başa çatdırılır, şəhərin əsas giriş hissəsindəki avtomobil magistralı genişləndirilir, bayraq meydanı inşa edilir.
Natiq bildirib ki, şəhər İcra Hakimiyyəti cari ilin müvafiq dövründə digər sahələrlə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafını, maddi texniki bazasının gücləndirilməsini diqqət mərkəzində saxlayıb.
İ.İsmayılov görülən işlərlə yanaşı nöqsanlara da toxunub. Bildirib ki, məktəblərdə dərslərdən yayınma halları müşahidə olunub. “İlin ən yaxşı məktəbi” müsabiqəsinə şəhərdən heç bir məktəb qatılmayıb. Əksər tibb mərkəzlərinin əsaslı təmirə ehtiyacı var.
Daha sonra təşkilat rəhbərləri 6 ay ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar.
E.İbrahimova
Şərhlər bağlıdır.