İdman

Sahibkarın qayğısı ilə Nicdə idman inkişaf edir

Qəsəbədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil ediləcək şahmat yarışına ciddi hazırlıq görülür

Oəbələ rayonunun Nic qəsəbəsi Azərbaycanın özünəməxsus adət-ənənələri və zəngin tarixi olan yaşayış məntəqələrindən biridir. Burada  qədim zamanlardan bəri Azərbaycanın unukal tayfalarından hesab edilən udinlər məskunlaşıb. Bu gün onlar bu qəsəbənin və ətraf kəndlərin sakinləri olan digər xalqlarla  mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, fəaliyyət göstərirlər.

Qəsəbədə şahmatın və digər idman növlərinin kütləviləşməsi sahəsində neçə illərdir ki, sahibkar Ağalət Baxışov tərəfindən iş aparılır. Vaxtaşırı tarixi və bayram günləri ilə əlaqədar müxtəlif idman yarışları təşkil olunur. 2019-cu ildə qəsəbədə voleybol, futbol,  dama və bir neçə dəfə şahmat yarışı keçirilib. Şahmat yarışlarının təşkilinə xüsusi diqqət yetirilir. Novruz bayramı günlərində start götürən, 20 gündən çox davam edən şahmat birinciliyində Nic qəsəbəsinin və əraf kəndlərin 18 idmançısı iştirak edib.

Qəsəbədə 28 May İstiqlal Günü şərəfinə keçirilən şahmat birinciliyi  də maraqlı və yaddaqalan olub. 20 nəfərə yaxın idmançının iştirak etdiyi yarış 20 gün davam edib. Final oyunu mayın 28-də baş tutub. Yarışda  Nic qəsəbəsinin sakinləri – idman müəllimi Valter Aşuqov birinci, sahibkar Adil Qəribov ikinci, həkim Zaur Baxışov isə üçüncü yeri tutublar. Qaliblərə fəxri diplom, pul mükafatı verilib  və divar saatı hədiyyə edilib. Digər yarışlarda olduğu kimi bu birincilikdə də təşkilatçı və sponsor  sahibkar A.Baxışov olub.

Doğma kəndində idmanın, xüsusən şahmatın inkişafına qayğı göstəyməyi  özünün  borcu hesab edən A.Baxışov deyir: “Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Həmin gün münasibətilə təşkil etməkdə olduğumuz şahmat yarışına ciddi hazırlıq görülüb. Yarışda 20 nəfərə yaxın şahmatçı iştirak edəcək. Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılacaq. Qeyd edim ki, gələn il də vaxtaşırı-heç olmasa rübdə bir dəfə müxtəlif idman yarışları təşkil etmək istəyirik. Həmin yarışların bəzilərinə Oğuz və İsmayıllı rayonlarının Qəbələ ilə qonşu kəndlərindən də idmançılar dəvət etmək fikrindəyik”.

Sahibkar Ağalət Əliağa oğlu Baxışov Qəbələ Rayon Fermerlər Şurasının sədri,  Qəbələ Toxumçuluq Təsərrüfatının rəhbəridir. Kənd təsərrüfatı məhsulları istehsalı sahəsində hər il yüksək nəticələr əldə edən sahibkar əkdiyi 120 hektar taxıl sahəsinin hər hektarından 2019-cu ildə 30 sentner məhsul götürüb. 12 hektar sarımsaq sahəsində  isə  80 ton məhsul yetişdirib.

Nazim HÜSEYNLİ,

“Oğuz yurdu” qəzetinin baş redaktoru

Tag
Daha çox

Oxşar yazılar

Close