Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şagirdlər “e-dərslik” portalında səsli tapşırıqlardan istifadə zamanı niyə əziyyət çəkirlər?

Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Goranboy rayonunda məlumatlandırma sessiyası keçirib. Tədbirdə Goranboy rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 65, 77 və 102 saylı tam orta məktəblərində çalışan 39 müəllim iştirak edib.

Kəlbəcər rayon 102 saylı tam orta məktəbin direktoru Elçin Şirinov  təhsildə elektron resurslardan istifadənin günün tələbi olduğunu vurğulayıb: “Bu gün orta ümumtəhsil məktəbləri şagirdləri və pedaqoji işçilər üçün maraqlı olan onlarla elektron resurs var. Hazırlanan elektron dərsliklər, səsli dərsliklər, video dərslər, elektron tapşırıqlar həm şagirdlər, həm də pedaqoji işçilər üçün maraqlıdır. Təhsillə bağlı bu elektron resursların təbliğinin böyük əhəmiyyəti var və inanırıq ki, bu fəaliyyət təhsilimizin inkişafına töhfə verəcək”.

Daha sonra həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Mehman Hüseynov  bildirib ki, hazırki dövrdə təhsili müasir informasiya kommunikasiya vasitələri olmadan təsəvvür etmək mümkün deyil: “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində keçirdiyimiz tədbirlərlə məcburi köçkün məktəblərində çalışan müəllimlərin təhsil sahəsinə aid elektron resurslarla bağlı məlumatlılığının artırılmasına çalışırıq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyimiz layihənin məqsədi  məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir”.

Tədbirdə  məruzə ilə çıxış edən Xalid Kazımov öncə “Elektron hökumət” portalı və Təhsil Nazirliyinin saytı üzərindən təhsil sahəsinə aid göstərilən elektron xidmətlərlə bağlı məlumat verib, orta məktəblərdə dərslərin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək şagirdlərə mənimsədilməsinə imkan verən elektron resurslardan istifadə qaydalarını,  elektron dərslik, elektron testlər, elektron tapşırıqlar, video dərslər, səsli dərsliklər, müəllimlərin peşəkar inkişafı üçün mövcud olan digər imkanları ayrıca izah edib.

Buraxılış imtahanlarında şagirdlərin xarici dil fənnindən dinləyib-anlama ilə bağlı suallarda çətinlik çəkdiyini bildirən X.Kazımov “e-dərslik”  portalında səsli tapşırıqlardan istifadə,  e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlər barədə də danışıb. O, əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanını yaradıb.

Tədbir zamanı elektron hökumət portalında qeydiyyat, bu portal üzərindən göstərilən elektron xidmətlərdən istifadə əyani nümayiş etdirilib, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanıb.

Şərhlər bağlıdır.