Sabirabad rayon sakini Azad Muradov ölkə başçısına ünvanladığı müraciəti qəzetimizin poçtuna da yollayıb. O, son 11 ildə əzələ xəstəliyindən əziyyət çəkdiyindən və xaricdə müalicəsinə şərait yaradılmamasından gileylidir: “2010 – cu ildə Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy versinlər. Komissiyada məni yoxlayıb, müayinə etməmiş sənədlərimə baxaraq, Azərbaycan daxilində müalicə olmağa rəy verdilər. Komissiyanın sədri bildirdi ki, Səhiyyə Nazirliyi vətəndaşları xarici ölkələrdə cərahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Biz də ona görə xarici ölkədə cərahiyyə əməliyyatı və müalicə olunmağa sizə rəy verə bilmirik. Komissiyanın sədri və komissiyanın üzvləri məndən rüşvət ala bilmədikləri üçün Azərbaycan daxilində müalicə olunmağa rəy verdilər\”.
Saatlı rayonunun Qara Nuru kəndində yaşayan Samir Məmmədovun yeganə övladı olan Hüseyn serebrial iflicdən əziyyət çəkir. Ata bildirir ki, Hüseyn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Uşaq Bərpa Mərkəzində 9 gün saxlanılıb və “nisbi yaxşılaşma” adı ilə (massajın və müalicə bədən tərbiyəsinin davam etdirilməsi tövsiyəsi ilə) evə buraxılıb: “Hər iki ayda bir dəfə İrana gedirik. Orada Kanadadan olan bir həkim var, onun təyin etdiyi müalicəni aparırıq. İranda da bizə deyirlər ki, 6 yaşa çatanadək Almaniya, İsrail və başqa ölkələrdəki bərpa mərkəzlərində müalicə olunsa, Hüseyni sağlam həyata qaytarmaq olar, amma buna xeyli vəsait tələb olunur. Hər dəfə İrana getmək üçün 300 manat pulu güclə tapırıq. Banklara borcum 5 min manatı keçir”.
Uşağın müalicəsinə köməklik göstərilməsi xahişilə ata prezidentdən, səhiyyə nazirindən kömək umub. Bundan sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət edib: “Tələb olunan sənədləri toplayıb böyük ümidlə Bakıya getdim. Amma məni qəbul edən Nəsib Quliyev dedi ki, hazırkı vaxtda bizim belə bir imkanımız yoxdur, qayıdıb icra başçınıza deyərsən ki, əgər uşağa bu qədər canı yanırsa, onu öz hesabına xaricə göndərsin”-S.Məmmədov belə deyir.
Müalicəsi ölkədə mümkün olmayan xəstələrin xaricdə müalicəsi üçün 2005-ci ilin 22 noyabrında Səhiyyə Nazirliyinin nəzdində “Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiya” yaradılıb. Xaricdə müalicə almaq istəyən şəxs diaqnoz sənədinin surəti ilə birgə komissiyaya ərizə yazır, ona qeydiyyat və telefon nömrəsi verilir. Baş mütəxəssisə göndərilən sənəddə hər şey aydındırsa, əlavə müayinə keçirmədən ona rəy yazılır. Sonra həkimlər pasiyentin müalicəsi ilə bağlı komissiyaya rəy yazırlar. Komissiyada 14-15 nəfərin iştirakı ilə (2 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, 13 nəfər də baş mütəxəssislərdir) ayda bir dəfədən az olmayaraq iclas keçirilir. məsələ müzakirə olunur və qərar verilir.
Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, rəy veriləndən sonra həmin vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edir: “Dövlət onlara müalicə üçün vəsait ayırır. Vətəndaş ölkədənkənar müalicəyə göndəriləndə dövlətlərarası müqavilə əsas götürülür. Bizim yalnız Türkiyə, Ukrayna, Rusiya, Iranla müqavilələrimiz var. Xəstələrin göndərilməsi ilə bağlı say məhdudiyyəti yoxdur”.
Nəsib Quliyevin dediyinə görə, “Elə bir xəstəlik yoxdur ki, onun üçün arqument tapıb xaricdə müalicəyə göndərək… Yeganə ürək, qaraciyər, sümük iliyi, orqan və toxumaların köçürülməsi ölkədə aparılmır. Amma sümük iliyi köçürülməsinə hazırlıq gedir. Aylar keçəcək, sümük iliyi köçürülməsi də baş tutacaq. Bizim komissiyanın səlahiyyətinə üzv və toxumaların köçürülməsi məsələri aid deyil. Bu, komissiyanın gücü ilə həll olunan deyil”.
Sədr leykoz xəstəliyindən əziyyət çəkənlərə də komissiyanın kömək edə bilməyəcəyini bildirir: “Bu iş Azərbaycanda qurulmayıb. Kütləvi şəkildə onların müalicəsini etmək dövlətin gücündə deyil. Onlar sponsor tapsınlar. Dövlət də onlara kömək edən təşkilatlardan buna görə az vergi tutur”.
“Ulfət” qəzeti yazır ki, həkim səhvinə görə həyatını itirənlərin sayı artdıqca, insanlar şəfa tapmaq ümidi ilə qonşu ölkələrə üz tutur. Nisbətən imkanlı şəxslər özlərini Avropa ölkələrinin tibb ocaqlarında müayinə etdirsələr də, kasıb əhali ən yaxşı halda İrana yollana bilir. Statistika da İrana gedən xəstələrin sayının ildən-ilə artdığını göstərir.
Bu günlərdə İrandan səfərdən qayıdan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu ölkədə azərbaycanlı xəstələrin qəbulu üçün xüsusi infrastruktur yaradılıb, xəstələrin daşınması üçün avtobuslar ayrılaraq xəttə buraxılıb: “Hətta Azərbaycandan gedən xəstələrin və onların yaxınlarının gecələməsi üçün ucuz otellər də fəaliyyətə başlayıb. Azərbaycanlı xəstələr buradan birbaşa həmin otellərin qarşısına aparılır. Həmin otellərlə xəstəxanaların əlaqəsi var. Bu şəbəkə azərbaycanlı xəstələrin daha çox cəlb edilməsi üçün iş aparır. Həmçinin bizim xəstələri də İranda müalicənin ucuzluğu və müalicənin keyfiyyəti cəlb edir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların xaricdə müalicə alması üçün nə qədər vəsait ayrıldığını açıqlamır: “2013-cü ildə respublikadan kənar müalicə üçün 29 nəfər xaricə yola salınıb, xərci ödənilib. Ölkə daxilində Səhiyyə Nazirliyinin komissiyasının göstərişi ilə 6 nəfərin müalicəsi üçün maliyyə ayrılıb”- nazirliyin mətbuat katib Ilham Məmmədov mətbuata açıqlamasında belə deyib.
Təəccüblüdür ki, həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin internet səhifələrində respublikadan kənar müalicəyə gedənlərin siyahısını yerləşdirməyi “unudublar”. Qarabağ veteranı Əbülfət Babayev deyir ki, bu pullar büdcədən ayrıldığı üçün hər kəsin kimin və harda, hansı məbləğə müalicə olunması barədə məlumatı bilməyə haqqı var: “Əgər bu iş təmiz, təmənnasız aparılırsa, hər şeyi açıqlasınlar. Bir kimsədə də şübhə qalmasın”. Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasının tərkibi, fəaliyyəti barədə də məlumatlar nədənsə ictimaiyyətdən gizli saxlanılır.
Tibb elmləri doktoru Adil Qeybullanın dediyinə görə, dünyanın əksər ölkələrində xaricdə müalicə almağa üstünlük verən vətəndaşlar var: \”Qardaş Türkiyədə də səhiyyənin səviyyəsi Avropa səviyyəsində olsa da, müalicə üçün Almaniya və Amerikaya gedənlər az deyil. Azərbaycan təbabətində peşəkar kadrlar artdıqca, icbari sığorta tətbiq olunduqca, bu problemlər yavaş-yavaş aradan qalxacaq. Bizim yeganə məqsədimiz daxili imkanlar hesabına bu xəstəliklərin müalicəsini təmin eləməkdir. Bu da sığorta təbabətinin tətbiqi, yüksək peşəkar kadrların Amerikada, Türkiyədə, Almaniyada hazırlanmasıdır”
Müsahibimizin qənaətincə, xaricdə müalicə üçün müəyyən büdcə ayrılır, lakin bu büdcə, əməliyyatlara ehtiyac duyan hər kəsə çatmır: “Çünki bəzi əməliyyatlar həddən artıq bahadır”.
“Azadlıq” qəzeti yazır ki, 2007-2013-cü illərdə dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib, təhsil və səhiyyə sektoruna ayrılan investisiya layihələrinə isə birlikdə bu qədər vəsaitin 1,545 milyard manatı və ya 4,8%-i xərclənib.
“Indi kef edin və bilin ki, boğazınızdan kəsdiyiniz pulları Iranın, Türkiyənin, Avropanın və başqa xarici ölkələrin klinikalarına tökməkdə davam edəcək, şəfa ümidi ilə hələ çox yollar ölçəcəksiniz. Bəlkə çox sadə məsələdir? Büdcədən təkcə “Şahdağ” idman kompleksinə ayrılan investisiya nəinki səhiyyəyə qoyulan 6 illik xərcdən çoxdur, hətta 6 il ərzində (2007-2013-cü illər) təhsilə qoyulan investisiyadan çoxdur”.
Qəzet açıqlama verib ki, bu məlumat 2014-cü il martın 27-də Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda konfransında səsləndirilib.
…Bu gün Azərbaycan səhiyyəsi vətəndaşlarının, xüsusən kasıb əhalinin ehtiyac və tələblərini ödəmək iqtidarında deyil. Son illərdə böyük xəstəxana kompleksləri tikilməsinə, müasir avadanlıqlar alınmasına baxmayaraq, peşəkar kadrların çatışmazlığı, cüzi məvacib alan həkimlərin xəstələrin əlinə baxması və tibbi sığortanın olmaması insanları çətin duruma salıb, hətta sağalmaq ümidi də “mərəzə” çevrilib. Sərhədi keçib, xaricə yollanan soydaşlarımızın bəlli bir hissəsi yad ölkədə istirahət və iş deyil, normal müayinə və müalicə axtarır.
Borc və kasıblıq girdabında boğulan yüz minlərlə azərbaycanlı nəinki sərhədləri keçmək üçün yol pulu tapa bilmir, hətta öz ölkəsinin içində aptekdən alınacaq dərmanların pulunu ödəmək üçün evinin son ehtiyaclarını da dəyər-dəyməzinə satır. Hökumət isə ciddi qərar qəbul etmək əvəzinə seyrçi mövqeyində dayanıb.
Şərhlər bağlıdır.