Сəzasız cinayət
Qadınlar üçün “ana” kəlməsini eşitmək dünyanın ən böyük xoşbəxtliyidir. Dünyaya uşaq gətirmək bir xanımın ən xeyirli əməlidir. Bəs qadınları “arzuolunmaz” hamiləlikdən qurtulmağa nə vadar edir. Bunun günah olduğunu bilirlərmi? Danılmaz həqiqətdir ki, gənc adamın ölümü qocanın ölümündən daha üzücü olur. Çünki cavan həyata yenicə başlamışdır və onun ləzzətini hələ dadmamışdır. Zənnimcə, ana bətnindəki körpəni qətli bir gəncin ölümündən daha üzücüdür. Çünki o hələ nə uşaqlığını, nə də gəncliyini yaşamayıb .
“ Birinci uşağım körpədir, həm də maddi vəziyyətimiz imkan vermir 2-ci haqqında düşünməyə”-bu sözləri doğum evinin qarşısında rastlaşdığımız R.A xanım söylədi. Bəhanələr çoxdur: “3-cü uşağı istəmirik”, “Mən karyera qumağa çalışıram”, “Qızlarım var, oğlan istəyirəm” və s. Rəqəmlər göstərir ki, Azərbaycanda abortların 2 /3-nin səbəbi dölün qız olması ilə bağlıdır. Deyilən “səbəblər”, gətirilən arqumentlər o qədər primitivdirki. Statistika göstərir ki, abortların sayı hər il artır. Qeyri-rəsmi statistikaya görə hər 100 qadından 30-u abort etdirir. Nəzərə alsaq ki, tibb müəssisəsindən kənarda bəzən evlərdə də abortlar keçirilir, onda mənzərə daha qorxulu olur. Fikrimcə, əhalinin müəyyən yaş qrupları arasında şagirdlər, tələbələr. işçilər arasında maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Abortların səbəbini, fəsadlarını,qorunma yollarını və s. öyrənmək üçün Mingəçevir şəhər Doğum evinə yollandıq. Qadın məsləhətxanasının şöbə müdiri Vüsalə Rüstəmova suallarımıza aydınlıq gətirdi:
-“Onların ölümünə qərar verən özgələri yox, doğma valideynlər olur. Söhbət hamiləliyin süni surətdə pozulmasından-abortdan gedir. Qanunvericikdə aborta icazə verilir və qanuna görə 12 həftə tamam olmadan qadın hamiləliyini poza bilər. Yeri gəlmişkən, qeyd edim ki, abortun ambulator şəraitdə 4-5 həftə müddətində, stasionar şəraitdə isə 11-12 həftəyədək həyata keçməsi mümkündür. Süni abort – hamiləliyin cərrahi və ya medikamentoz müdaxilənin köməyi ilə pozulması deməkdir. Və abort qadının istəyinə, tibbi və sosial göstərişlərə əsaslanaraq həyata keçirilir: Qadın məsləhətxanasında abort 5 həftəyədək vakuum aspirasion metodla aparılır. Bu məqsədlə müraciət edən pasientlərə abortdan sonrakı təhlükəli ağırlaşmalar haqqında söhbət aparılır. Abort orqanizmdə gedən normal fizioloji prosesi süni yolla tormozlayır ki, nəticədə qadının reproduktiv funksiyasına və sağlamlığına ziyan verir\”.
Onun sözlərinə görə, abortun təhlükəli ağırlaşmalarına uşaqlıq divarının deşilməsi, döl yumurtasının tam kənar edilməməsindən uzunmüddətli uşaqlıq qanaxmaları, uşaqlıq və uşaqlıq ətrafı toxumaların iltihabı xəstəliyi, sonsuzluq, menstrual tsiklik pozulması və s. aiddir. V.Rüstəmova yuxarıda sadalananlardan və arzuolunmayan hamiləlikdən qorunmaq məqsədilə pasientlərə ailə planlaşması üzrə məsləhətin aparıldığını xatırlatdı. Bildirdi ki, ailə planlaşması üsullarına-hormonal həblər, mis tərkibli uşaqlıq daxili vasitə, təbii üsullar, standart günlər üsulu və s aiddir. Bu üsullar içərisində isə daha çox diqqət çəkən məqam standart günlər üsuludur ki, bu da menustrasiya günlərini saymaqla həyata keçir. Belə ki, menustrasiyanın 8-19-cu günü hamilə qalmaq riski böyük olur. Arzuolunmaz hamiləlikdən qorunmaq üçün bu günlər diqqətdə saxlanılmalıdır. Hamiləlik başlayan vaxtdan qadın orqanizmi bu hadisəyə uyğunlaşmağa başlayır. Hormonal sistemdə bu dəyişikliklər özünü daha çox göstərir. Abort olduqda artıq uşaqlıqda böyüyən canlı yox olur və uşaqlıqda böyüyən canlıya uyğunlaşan hormonlar arasında disbalans yaranır, uzun müddət bu disbalalans qalır.”
Hüquqşünas İnqilab Həsənov isə deyir ki, abort dində günah, sağlamlıq baxımından isə ziyanlı olduğundan, bir çox ölkələrdə qadağan edilib. Hazırda islam ölkələrinin bir çoxunda, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, İran, İraq, Yəməndə, eləcə də bəzi xristian ölkələrində, məsələn, Çilidə, hətta ABŞ-ın bir çox ştatlarında abort tamamilə qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Mövcud qanunvericiliyə görə, Azərbaycanda abort cinayət sayılmır. Belə ki, qanun abortun 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verir. Cəmiyyət belə qanuna hazır deyil”
Abort – insan həyatının məhvinə yönəlmiş bir hadisədir. Günahsız insanın öldürülməsi İslam dinində ən böyük günahlardan biri sayılır. İlahi vəhydə buyurulduğu kimi, bir günahsız insanı öldürmək, bütün bəşəriyyəti öldürmək kimidir! Qurani-Kərimdə Rəbbimiz buyurur: “…Hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməyən kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.” (Maidə surəsi, ayə 32).
Aytən Kosayeva
Şərhlər bağlıdır.