Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Jurnalistlər üçün hüquq məktəbi

Həyatın bütün sahələrində insanların öz hüquqlarını bilməsi vacibdir. Amma bir sıra peşələr var ki, bu sahədə hüquqi biliklərin olması gündəlik iş şaraitinin tələbidir. Jurnalistika da məhz belə sahələrdən biridir. Bu peşə sahibləri işlərində hüquqi problemləri olan vətəndaşlarla tez-tez işləyirlər. Ölkəmizdə jurnalistika ixtisasının tədrisi zamanı hüquqi biliklər verilmədiyindən onlar bu sahədə çətinliklə qarşılaşırdılar. Amma uzun müddətdir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Azərbaycan jurnalistlərinin hüquqi biliklərinin artırılmasına yardımçı olur. Bu təşkilat 2003-cü ildən jurnalistlər üçün seminar və müsabiqələr təşkil edir. Ölkənin tanınmış ekspertləri tərəfindən bu illərdə jurnalistlərə 40-dan çox mövzuda seminar keçirilib. Bu seminarlar sayəsində jurnalistlər hüquqşünaslar üçün belə yeni olan inzibati hüquqla bağlı bilgiləniblər. «Azərbaycanda Yeni İnzibati hüquqa giriş», «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi» mövzularında keçirilən seminarlara onlarla tanınmış media təmsilçisi qatılıb. Ötən 12 il müddətində media təmsilçiləri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi «Təhsil hüququ», «Gender Hüququ», «Vərəsəlik hüququ», «Əmək hüququ», «Azərbaycan bank sektorunda istehlakçıların hüquqlarının müdafiəsi», «Məhkəmə qərarlarının icrası», «Mənzil qanunvericiliyi və onun tətbiqi praktikasının problemləri», «Azərbaycanda ali təhsil: qanunvericilik və onun tətbiqi praktikası», «Azərbaycan Respublikası Tikinti Məcəlləsinin tətbiqi ilə bağlı qanunvericilikdə və təcrübədə mövcud olan problemlər» mözusunda seminarlarda iştirak edə bilib. «Ətraf mühit sahəsindəki qanunvericilik və tətbiqi praktikası», «Torpaq sahələri və evlər üzərində mülkiyyət hüququ», «Miqrasiya qanunvericiliyi və onun tətbiqi praktikası», «Səhiyyə sahəsində qanunvericilik və onun tətbiqi praktikası», «Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə», «Sığorta hüququ», «Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri» mövzularında keçirilən seminarlar da böyük maraq yaradıb.
Hər bir seminar sonradan jurnalistlər arasında keçirilən məqalə müsabiqələri ilə davam etdirilib. Keçirilən müsabiqələr zamanı media təmsilçiləri cəmiyyət üçün aktual problemləri işıqlandırır, xarici ölkələrin təcrübəsini öyrənir və problemlərin həlli ilə bağlı ekspertlərin təkliflərini öyrənib cəmiyyətə təqdim ediblər. 2003-cü ildən indiyədək 30-dan artıq müsabiqə keçirilib. Hər müsabiqə zamanı ən azı 3 ən yaxşı məqalə müəllifi mükafatlandırılıb.

«Bu 3 ayda 6 ildə BDU-nun jurnalistika fakultəsində öyrəndiyimdən artıq biliklər əldə etdim»

«Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, bu təşkilatla tanışlığı 2003-ci ildən başlayıb: «Həmin vaxt Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti Bakıda media hüququ ilə bağlı 3 aylıq kurslar təşkil etmişdi. Təlimlər hər şənbə günü keçirilirdi. Regionlardan bu təlimlərdə ancaq mən iştirak edirdim. Daha doğrusu, belə təlimlərin olacağını mənə bildirdilər və bu təklifi məmnuniyyətlə qəbul etdim. Bu təlimlər açığını desəm, mənim “böyük” jurnalistikaya çıxışım oldu. Həftədə 1 dəfə keçirilən, təxminən 14 təlim günündən ibarət olan bu təlimlərdə digər içtirakçılarla birgə 40-a yaxın media mütəxəssisinin çıxışlarını dinlədik. Expertlərin çıxışları bir region jurnalisti kimi dünyagöruşumdə, eləcə də jurnalistka sahəsində biliklərimin təkmilləşməsində olduqca mühüm rol oynadı. Bir az mübaliğəli olsa da deyim ki, bu 3 ayda 6 ildə BDU-nun jurnalistika fakultəsində öyrəndiyimdən artıq biliklər əldə etdim. Ən əsası isə jurnalistikanın müasir, dünya səviyyəsində standartlarından xəbərdar oldum».
Zahir Əmənov deyir ki, bu təlimlər rəhbərlik etdiyi “Cənub xəbərləri” qəzetinin fəaliyyətində, jurnalist yaradıcılığında özünü aydın göstərib: «Məhz burada yiyələndiyim yaradıcılıq sirləri sayəsində ona yaxın müsabiqənin qalibi oldum, pul mükafatları aldım, xarici ölkələrə səfərlər etdim. Eləcə də GTZ-nin müsabiqələrində qaliblər sırasında yer tutdum. 2003-cü ildə region mətbuatın problemləri ilə hazırladığım yazı bu təşkilatın keçirtdiyi müsabiqədə 2-ci, 2005-ci ildə isə “Sübut et ki, kasıbsan!” yazım isə 1-ci mükafatlarına layiq görüldü».
Baş redaktor hesab edir ki, GİZ-in hər il bir neçə dəfə regionlarda təşkil etdiyi təlimlər bu gün də olduqca əhəmiyyətlidir: «Bu təlimlərdə bu günümüzün vacib problerinə aid mövzuların araşdırlması sirlərni öyrənir və həmin mövzularda kifayət qədər normal yazılar hazırlayırıq. GİZ təlimlərinin ən güclü dəyərlərindən biri də bu təşkilatın bizə bəxş etdiyi yeni jurnalist dostlar oldu. İnanırıq ki, GİZ bu uğurlu fəaliyyətini davam etdirəcək. Həmçinin arzu edərdik ki, təlimlərdə region jurnalistlərinə daha geniş meydan verilsin, yeni formalardan daha səmərəli istifadə olunsun. Digər ölkələrə səfərlərə xüsusi diqqət yetirilsin».

«Məncə, GİZ jurnalistləri qanun layihələrinin müzakirəsinə cəlb etməlidir»

«Gün.az» saytının redaktoru Ulviyyə Sabirqızı isə deyir ki, GİZ-in keçirdiyi seminarların müntəzəm iştirakçılarından biridir: «Bu seminarların jurnalistika fəaliyyətimdə mənə kifayət qədər faydası olub. Məhz bu seminarların sayəsində hər hansı vətəndaşın başına gələn böyük bir problemi sadə dildə oxucuya çatdırmağı öyrəndim. Hadisəni tam araşdırıb, məsələnin kökünü üzə çıxarıb, ekspertlərin və aidiyyətli qurumların rəyi vasitəsilə problemin həlli yollarını tapmağı öyrəndim. Seminarlarda hüquq sahəsi ilə bağlı öyrəndiklərimi iş praktikamda həyata keçirirəm. Seminarda qaldırılan mövzularla əlaqədar elan edilən yazı müsabiqələrində fəal iştirak etmişəm. Yazılarım bir neçə dəfə müsabiqədə yer tutub. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aktual məsələlərinə dair elan etdiyi müsabiqəyə təqdim etdiyim “Boşanan qadının acı taleyi: keçmiş ər evindən ona niyə pay düşmür?” yazım birinci mükafata layiq görülüb. Bu yazı işıq üzü görəndən sonra dərhal reaksiya gəlib. Evsiz qalan qadının keçmiş həyat yoldaşı mənimlə əlaqə saxlayaraq, özünə haqq qazandırmağa çalışıb. Tezliklə problemi həll edəcəyini bildirib. Təxminən iki aydan sonra bu problem aradan qaldırılıb. Boşanan qadın keçmiş əri tərəfindən bir otaqlı evlə təmin olunub. Bu uğurumu seminarın mənim jurnalistika işimə olan böyük faydası hesab edirəm».
Tanınmış jurnalist Mirabbas Məmmədov isə o qənaətdədir ki, Azərbaycanda qanunlarının işləməməsinin əsas səbəbi bu qanunları icra edən məmurların özbaşnalığır: «Lakin, daha bir səbəb də var – qanunların yetərincə təkmil olmaması. İstisna etmək olmaz ki, bəzi hallarda qanun layihəsini hazırlayanlar bilərəkdən əhəmiyyətli məqamları nəzərə almırlar, məmurlar üçün \”əl yeri\” qoyurlar. Məncə, GİZ jurnalistləri qanun layihələrinin müzakirəsinə cəlb etməlidir. GİZ (TZ) belə təcrübəsi var. On il, bəlkə daha əvvəl jurnalistlər \”İnzibati icraat haqqında\” Qanun layihəsinin müzakirəsi edirlər. Ekspert kimi Almaniyadan gəlmiş hakim və Milli Məclisin əməkdaşı çıxış edirdilər.Çox maraqlı müzakirələr oldu. Başqa bir təklif seminarların müddəti və keyfiyyəti ilə bağlıdır. Məncə, 2 günlük seminarın səmərəsi kifayət qədər olmur – məsələ geniş, vaxt məhdud. İştirakçı seçiminə də diqqəti artırmaq lazımdır».

«Müsabiqənin məsuliyyətini hiss edən jurnalist öz üzərində işləyir, inkişafa can atır»

«Mingəçevir işıqları» qəzetinin redaktoru Yeganə Nəbiyevanın qənaətinə görə, GIZ-in seminarlarının üstünlüyü ondadır ki, o indiyədək istər paytaxda, istərsə də regionda fəaliyyət göstərən jurnalistlərin peşəkarlığının artırılmasına böyük təsir edir: «Dəvətli ekspertlər bütün sahələrdə qanunvericiliyi təhlil edir, şərhlər verirlər. Jurnalistin əlində qanunla toplusu olur. Önəmli olan isə həmin ekspertlərin məsələ ilə bağlı kimə müraciət etmək lazım olmasını istiqamətləndirmələridir. Təbii ki, hüquq sahəsində bilgisi olan yazar məsələləri analiz edir və onlara artıq başqa prizmadan baxır».
Y.Nəbiyeva deyir ki, seminarlarda öyrəndikləri təcrübədə ona çox kömək olur: «Müsahibimlə işləmədən öncə seminarda əyani vəsait kimi təqdim olunan qanunvericilik bazasına baş vurur, lazımi maddələri oxuyur və bundan silahlanaraq işə başlayıram. Təbii ki, hazırlıqlı jurnalistin faktının qarşısında hamı acizdir».
Jurnalist deyir ki, GIZ-lə əməkdaşlıq etdiyi illərdə bir neçə müsabiqəyə qatılsa da, yalnız bir dəfə 3-cü yerin qalibi olub: «Müsabiqə rəqabətdir, mənimsədiyin biliyin nümayişidir. Bu yaxşı mənada stimuldur. Müsabiqənin məsuliyyətini hiss edən jurnalist öz üzərində işləyir, inkişafa can atır. Və oxucuları arasında müəyyən imicə sahib olur. GİZ-in jurnalistlərinin fərqi ondadır ki, oxucu hüquqi müstəvidə olan problemini məhz həmin jurnalistlə məsləhət edir. Hərdən mən özümü hüquqşunas hiss edirəm. Bu hiss jurnalist üçün önəmlidir. Çünki sən ətrafındakılardan bir pillə yüksəkdə durursan. Əgər stimul və axtarış varsa deməli bu seminarlar bəhrəsini verir. GİZ-ə davamlı layihələr və uğurlar diləyirəm».

«Ümid edirəm ki, GİZ-in jurnalistlərlə bu əməkdaşlığı uzunömürlü olacaq»

Tanınmış jurnalist Könül Zərbəliyeva isə deyir ki, bu təşkilatla 2003-cü ildən əməkdaşlıq edir: «Həmin vaxt GTZ jurnalistlər üçün hüququn müxtəlif sahələri üzrə təlimlər keçirdi. Təlimlər Bakıda həftənin şənbə və bazar günləri keçirilirdi. O zaman mətbuatda ilk addımlarımı atırdım. Hüquq təhsili aldığım üçün bu təlimlərdə iştirak etmək mənə çox maraqlı idi. Həmin təlimlərdə jurnalistlər və təlimçilər arasında çox maraqlı müzakirələr, diskussiyalar aparılırdı. Sonradan bu təşkilatın təlim və seminarlarında mütəmadi iştirak etdim. GTZ ailəsinin bir üzvü oldum. Təşkilatın Bakıda, Nabranda, Masallıda, Biləsuvarda, Qubada keçirilən seminarlarında yaxından iştirak etdim, təşkilatın elan etdiyi müsabiqələrə yazılar verdim və bir neçə müsabiqənin qalibi oldum. Həmin seminarlarda müzakirə olunan Azərbaycan qanunvericiliyinin aktual problemləri ilə bağlı sonradan yazdığım araşdırma yazılar jurnalist fəaliyyətim dövründə hazırladığım ən maraqlı yazılar oldu. Həmin yazılar hüququn müxtəlif sahələrini əks etdirən problemlərin gündəmə gətirilməsində və həll edilməsində az da olsa, rol oynadı. Məhkəmə qərarlarının icra vəziyyəti ilə bağlı apardığım araşdırma Konstitusiya Məhkəməsinin qərarlarının icrası sahəsindəki problemlərin həllində mühüm rol oynadı. Həmin yazıdan sonra Konstitusiya Məhkəməsinin qərarlarının bir qisminin Ali Məhkəmə, Milli Məclisin tərəfindən icrası təmin olundu. GİZ-in təşkil etdiyi müsabiqələrdə “Mirasdan məcburi pay almaq hüququndan məhrumetmə: qanunvericilik və praktikanın problemləri” (vərəsəlik hüququ), “İnzibati işlərdə məhkəmə aidiyyəti ilə bağlı yaranan problemlər:təcrübəsizlik, yoxsa qanunvericilikdə boşluq?” (inzibati icraat), “Həyatları alimentdən asılı olan uşaqlar” (məhkəmə qərarlarının icrası), “Onları bağışlamaq olarmı?” (yuvenal ədliyyə) adlı yazılarım birinci yerə layiq görülüb. Müsabiqə Komissiyasının üzvləri həm peşəkarlığı, həm də ədalətliliyi, obyektivliyi ilə seçilir».
K.Zərbəliyeva deyir ki, GİZ-in maliyyəsi ilə “Zerkalo” qəzetində “Naşa prava” adlı buraxılış hüquq sahəsində tanınmış imzalar, yazan jurnalistlər üçün uzun müddət tribunaya çevrilib: «Buraxılışda yer alan yazılara görə o dövr üçün kifayət qədər çox qonarar ödənilirdi. Bu isə araşdırmaçı jurnalistlər üçün bir stimul idi. GİZ həm də mənə və onlarla həmkarıma mehriban, səmimi dostlar qazanmaqda yardımçı oldu. Bu seminarlarda çox gözəl vaxt keçirdik, jurnalist fəaliyyətimizdə bizə çox önəmli olan bilgilər qazandıq. Ümid edirəm ki, GİZ-in jurnalistlərlə bu əməkdaşlığı uzunömürlü olacaq».

«GİZ-in seminarları mənim üçün nəinki kitabxana, həm də bir məktəb oldu»

Bu yazını hazırlayarkən istər-istəməz özümün GTZ ilə tanışlığımı xatırladım. 2007-ci ilin yazında bir elan oxumuşdum. Jurnalistlər üçün Qubada keçiriləcək seminara ərizə qəbulu var idi. Mən də ərizəni dolduraraq göstərilən ünvana göndərdim. Bir müddət sonra bir telefon zəngi aldım. Bildirildi ki, seminara getmək istəyənlər Azərbaycan Milli Kitabxanasının qarşısında toplaşıb oradan yola düşəcəkdilər. Kitabxananın qarşısında toplaşmaq bəlkə də bir təsadüf idi. Amma sonrakı illərdə GİZ-in seminarları mənim üçün nəinki kitabxana, həm də bir məktəb oldu. Azərbaycanın ən tanınmış ekspertlərinin apardığı seminarlarda biz jurnalistika ilə bağlı bilgilərimizi artırmaqla yanaşı, həm də az qala ekspertə çevrilirdik. GİZ seminarlarının iştirakçılarının bir çoxu bu gün hüquqi mövzularda belə yetərincə bilgilər əldə etdik. GİZ-in jurnalistlər arasında keçirdiyi müsabiqələrin dəfələrlə qaliblərindən biri oldum. Bu müsabiqələrdə həm I, həm II, Həm də III yerin qaliblərindən olmuşam. Amma ən əsası bu layihənin jurnalistlərə verdiyi bilgilər, həll edilən problemlər olub. Hər bir seminardan sonra keçirilən müsabiqələrdə qaldırılan problemlər aidiyyəti orqanlar tərəfindən də nəzərə alınıb. Xatırlayıram ki, Aliment fonlunun yaradılması təklifi ilk dəfə məhz GİZ-in keçiriyi müsabiqələrdə qaldırılmışdı. Artıq Azərbaycan qanunvericiliyinə bununla bağlı müvafiq dəyişikliyin edilməsi ən yüksək səviyyədə müzakirə edilir. Müsabiqələrdən birinə təqdim etdiyim «Müdafiəsiz ədalət mühakiməsi» yazısının qəhrəmanı Elməddin Əliyevin işinə məhkəmədə yenidən baxıldı. Ona verilən 8 illik həbs cəzası 4 ilə endirildi. Az sonra isə ailə vəziyyəti nəzərə alınaraq ölkə başçısı tərəfindən əfv edildi.
Bir sözlə, jurnalistlərlə işləyən təşkilatların çoxunun ölkəni tərk etdiyi bir dönəmdə, bu kimi layihələrin davamlılığına daha böyük ehtiyac duyulur. Çünki GİZ-in apardığı bu iş təkcə jurnalistlərin peşəkarlığının artırılması və ayrı-ayrı hüquqi problemlərə diqqətin yönəldilməsi ilə yekunlaşmayıb. Bu işdən həm də minlərlə sadə vətəndaşlar yararlanıb. Jurnalistlər tərəfindən hazırlanan araşdırma yazıların sadə dili həm də insanların maarifləndirilməsi və öz hüquqlarının bərpası üçün addımlar atmasına stimul verib. İnanıram ki, qarşıdakı illərdə də GİZ Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması, o cümlədən yüzlərlə sadə insanları hüquqi mövzularda maarifləndirilməsi işini davam edəcək.

Xalid VAHİDOĞLU

Şərhlər bağlıdır.