Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sən nə düşünürsən…

“Nə düşünürsən? “, “Bu haqda fikrin nədir?”, “ Sizinlə məsləhət etmək istəyirəm!” və sair…Bu yaxınlarda kimə belə müraciət etmisiniz?

Əgər bu suala cavabınız müsbətdirsə, o zaman yazını oxumağa davam edin. Müsbət deyilsə, yenə oxuyun, çünki ən azından bunun nə qədər vacib olduğunu birlikdə aydınlaşdıra bilərik.

Birinin bizim haqqımızda, ya da yaxşı tanıdığınız başqa biri haqqında dediyi fikirlər bəzən xoşumuza gəlməyəndə ona bu cür cavab veririk: “Hamını öz arşınınla ölçmə!” Deməli, bizim ölçülərimiz, meyarlarımız fərqlidir, yəni dəyərlərimiz fərqlidir. O zaman düşünək, düşünək ki, bizim təməl meyarlarımız nədir, niyə bu qədər fərqlidir? Yaxud da bir-birimizi niyə kifayət qədər tanımırıq, tanımaq üçün nə etmək lazımdır? Bu məqalədə suallar çox olacaq göründüyü kimi, odur ki, darıxmayaq, sıxılmayaq, bu suallara birlikdə cavab tapmağa çalışaq. Niyə? Çünki bir ailədə olan, bir məhlədə, ya bir binada yaşayan, ya da bir yerdə çalışan insanların bir-birini tanımaması və anlamaması heç də yaxşı hal deyildir. Bir-birini anlamayan insanların isə bir-birini eşitməsi, dinləməsi, onunla razılaşması, həmrəy olması isə heç mümkün olmur. Odur ki, ilk olaraq, meyarlarımızı müəyyən edək, nəyə daha çox dəyər veririk və bu seçimlərimizdə nə qədər haqlıyıq?

Arşının nə olduğunu bilməyənlər üçün deyə bilərəm ki, Azərbaycanda və Türkiyədə qədim dövrlərdə uzunluq ölçü vahidi kimi işlənib. Azərbaycanda yerölçmə və parça ölçmək üçün işlənib, uzunluğu 71 sm olub. Üzeyir Hacıbıyovun ölməz “Arşın mal alan” əsərində də bu ölçü vahidinin adı çəkilir.

 

Bəli, gələk mətləb üstünə. Bir insanın nə düşündüyünü bilmək, bununla maraqlanmaq əslində, ona dəyər verməkdir. İnanmırsınız? Yaxşı, o zaman belə bir sual, əgər sizdən nə düşündüyünüzü soruşsalar, sizin fikirlərinizlə maraqlansalar, bunun onlar üçün əhəmiyyətli olduğunu desələr, sizə necə təsir edər? Əminəm ki, çox xoşunuza gələr, özünüzü vacib biri kimi hiss edərsiniz, sizdə özgüvən yaranar.

Çünki bu hissləri vaxtilə, hələ uşaq olarkən yaşamışam və həmin zaman məndə yaranan özgüvənim, özünəinam hissi məni heç vaxt tərk etmədi. Deməli, insanda özünə inam, güvən yaratmaq üçün, mütləq onun düşüncələrinə diqqət və dəyər vermək lazımdır. Bunu isə  lap uşaqlıqdan etmək vacibdir. Bunun əksini düşünsək, yəni hər addımda, hər fürsətdə uşaqlara:“Sən bilməzsən”,” sən heç nə qanmırsan”, “sən uşaqsan, bilməzsən”, “sən kiri, imkan ver danışaq”, “sənin böyüklərin yanında nə işin var, get oyna”, “səsini kəs, çox danışma” və bunun kimi bir çox sərt ifadələrlə uşaqlara xitab etmək, onlara qışqırmaq, təpinmək, danışmaq istərkən belə ifadələrlə sözünü kəsmək onları təhqir etmək deyilmi? Onların əhəmiyyətsiz, dəyərsiz olduqlarını üzlərinə vurmaqdır, yoxsa onlara hörmət etməkdirmi? Özünü dəyərsiz hiss edən uşaqlar sonra məktəbdə eyni durumla qarşılaşanda, gələcəkdə hansısa kollektivdə işləyəndə, ya da məmur qarşısında eyni durumda qalanda, heç də təəccüblənmir, özünü dəyərsiz hiss etməkdə davam edir.  Hansısa bir fikrə sahib olmamağı, özgüvəni, özünəinamı olmamağı  onu aciz və qorxaq edir. Heç bir haqsızlığa, pis münasibətə etiraz etmir, çünki önəmsiz olmağı ilə barışmış olur.

Məncə bu haqda düşünməyə dəyər.

Həm də nəyə dəyər verdiyimizi, nəyi vacib hesab etdiyimizi və insanlarda daha çox hansı xüsusiyyətlərin əsas olduğunu, vacib olduğunu da düşünməliyik, çünki biz insanıq, biz düşünə bilirik və bizim nə düşündüyümüz çox önəmlidir. Bir-birimizi anlamaq üçün bir-birimizi dinləməliyik, nə düşündüyümüzə önəm verməliyik. Bunlar olmadıqca bir-birimizi adam yerinə qoymayacağıq və bizdən də normal cəmiyyət olmayacaq. Normal cəmiyyət olmadıqca da normal həyatımız, məişətimiz, təhsilimiz, səhiyyəmiz, ordumuz, elmimiz olmayacaq. Bu da o deməkdir ki, nə müəllimin sözünün dəyəri olmayacaq, nə alimin, nə həkimin, nə əsgərin, nə kəndlinin, nə ailənin, nə qohum-qonşunun, nə də özümüzün. Necə ki, illərdir məhz belə bir cəmiyyətdə yaşayırıq. Bəs sizin fikiriniz necədir?

Arşın məsələsinə bir də toxunmaq istəyirəm, əslində arşın maddi olanları, yəni məsafəni, əşyanı ölçür, o, insanın fikirlərinin, xarakterinin ölçüsü deyildir, lakin məcazi də olsa bu ifadəni işlədirik. İnsanların xarakteri, düşüncələri, fikirləri fərqli ola bilər və bunlar onun biliyi, intellekti, dünyagörüşü ilə bağlıdır. Lakin bütün bunlar insanı  təhqir etməyə əsas və bəhanə ola bilməz. Hər bir insanın təməl olaraq ölçülə bilən və hər birimizin arşınına uyğun gələn xüsusiyyətlər isə insanın ədəbli, vicdanlı və məsuliyyətli olmağıdır. Yəni insanlığımızın ölçüsü olaraq, hər birimiz vicdanlı, ədəbli, məsuliyyətli olmalıyıq. İnsanlığımızın arşını bundan qısa ola bilməz. Digər yaxşı xüsusiyyətlər isə, hər kəsin öz varlığına, insanlığına qata biləcəyi gözəlliklər ola bilər. Başqalarını qiymətləndirməyə çalışanda, ilk olaraq özümüzə baxmalıyıq, ən qısa arşına uyğun gəlirikmi? Sonra isə düşünək ki, ətrafımızda olan insanları , ailəmizdəkiləri, iş yoldaşlarımızı, sosial şəbəkədəki dostlarımızı dinləyirikmi və eləcə də bizi dinləyən varmı, bizim nə düşündüyümüzlə maraqlananlar varmı? Əgər bu sualların cavabı mənfidirsə, o zaman, vaxt itirmədən, özünüzdə dəyişəcəyiniz ilk cəhət bu olacaq, ən azından, ailənizdəki insanların nə düşündüyü ilə maraqlanın. İnsanlar onların nə düşündüyü ilə maraqlanan olanda bu etimada layiq olmaq üçün fikirlərini inkişaf etdirməyə, bilikli olmağa çalışacaq. Çünki nə düşündüyü ilə maraqlanan olmayanda, insanlar bilikli olmağın vacibliyini də unudur, bu haqda heç düşünmür də.

Düşündüklərimiz həm də bizim hisslərimizlə bağlıdır. Nə hiss ediriksə, onlar da bizim düşüncələrimizə təsir edir. Odur ki, hisslərimiz qədər düşüncələrimiz, düşüncələrimiz qədər də hisslərimiz önəmlidir. Əslində normal cəmiyyətlərdə insanlar bu mərhələni çoxdan keçiblər, yəni bir-birini dinləmək, düşündüklərinə önəm vermək. Onlar, artıq bir-biri ilə necə davranmaq lazım olduğunu bilirlər və bu da nəsildən-nəsilə ənənə olaraq keçir. Bizim də bu mərhələni keçməyimiz, aşmağımız lazımdır, əgər keçə bilməsək, beləcə şikayətlənə-şikayətlənə, deyinə-deyinə, bir-birimizi adam yerinə qoymadan günlərimizi boş keçirməkdə davam edəcəyik. Təbii ki, məmurlar da bildiyini etməkdə davam edəcəklər.

Biz düşüncələrimiz qədər varıq, düşündüyümüz qədər insanıq. Əgər düşünməsək, düşüncələrimizə önəm verilməsinə çalışmasaq və buna nail olmasaq, o zaman adi bir əşyadan fərqimiz olmaz. Əşyalar isə, sadəcə, istifadə olunur.

Mehparə Rəhimqızı

 

 

 

Şərhlər bağlıdır.