Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhidlər yaddaşlarda yaşayacaq

Dekabrın 3-də Yevlax rayonunun Aran qəsəbəsində M.Pənahov adına 1 saylı tam orta məktəbin şəhid məzunu Tural Quliyevin anım gecəsi keçirilib. Mərasimdə məktəbin müəllim kollektivi, qazi məzunları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları İkinci Vətən müharibəsində həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra məktəbin direktoru Səidə Süleymanova deyib ki, şəhid məzunumuz,  müzəffər ordumuzun əsgəri Tural Quliyev Qarabağımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası zamanı şəhidlik zirvəsinə ucalıb: “Tural 2020-ci il sentyabrın 9-da hərbi xidmətə yollanıb. Vətən Müharibəsində MAHHXHQ olaraq iştirak edib. Talışın və Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə vuruşub. Dekabrın 7-də isə Suqovuşan istiqamətində döyüş tapşırığını  yerinə yetirən zamanı şəhid olub”.

Tədbirdə o da vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamıyla 26 yaşlı Tural Mustafa oğlu Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Çıxış edənlər şəhid Tural Quliyevin haqqında xoş xatirələrini söyləyiblər. Onlar həmçinin Azərbaycanın milli ordusunun qüdrəti, canları və qanları bahasına Zəfər Günümüzə nail olan qazi və şəhidlərin iğidliyi barədə ürək sözlərini paylaşıblar.

Məktəblilər şəhidlərə aid kompozisiya təqdim ediblər.

Şərhlər bağlıdır.