2021-ci il dekabrın 9-da Mingəçevir Media Mərkəzində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yevlax bölgəsi şöbəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Media Mərkəzinin (MMM) birgə təşkilatçılığı ilə baş tutan görüşdə ümumtəhsil orta məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarda gender əsaslı zorakılığın yaranma səbəbləri və onunla mübarizə, məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik, ailədaxili mübahisələrin həllində mediasiyanın əhəmiyyəti və gender bərabərliyinin təşviqində media və QHT-lərin rolu barəsində faktlar açıqlanıb.
Çıxış edənlər bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində problemlər olduğuna diqqəti çəkiblər. Onlar ailədaxili və məişət zorakılığının qadınların hüquqlarını məhdudlaşdırdığını, onlara qarşı fiziki, iqtisadi, psixoloji və cinsi zorakılığın davam etdiyini, erkən nikah hallarına rast gəlindiyini qeyd ediblər.
Təəssüf hissi ilə söylənilib ki, təzyiqlərə məruz qalan xanımların məhkəməyə və polis şəbəsinə müraciət etməkdə kompleksləri var. Çünki həm qanunvericilikdə, həm də aidiyyatı qurumlarda qadınlarla iş üzrə şöbələr formal xarakter daşıyır. Qadın boşanandan sonra yenə təzyiqə məruz qalır. Onun təhlükəsizliyini təmin edəcək mühafizə orderi üçün məhkəməyə müraciət edən çox az qadın var. Yeni yaradılan Mediasiya Şurası boşanmaların qarşısını qismən də olsa almaq məqsədi daşıyır.
Digər bir məsələ isə cəmiyyətin yetərincə maariflənməməsi, qanunların kifayət qədər təbliğ olunmaması ilə bağlıdır. Bildirilib ki, cinslər arasında imkanların bərabər bölüşdürülməməsi bərabərliyin təmin olunmamasının göstəricisidir. Gender əsaslı zorakılıqla mübarizədə vətəndaş cəmiyyəti, ilk növbədə media vətəndaşlara dəstək olmalıdır.
Müzakirələrdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir ŞİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva, Mingəçevir Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, Mingəçevir Bələdiyyəsinin Gender məsələlər komissiyasının sədri Ədalət Quliyeva, AR Mediasiya Şurasının üzvü, mediator İsmayıl İsmayılov, Mingəçevir Media Mərkəzinin direktoru, “Mingəçevir Valideynlər Assosiyasiyası” İB-nin prezidenti Fərman Nəbiyev və başqaları maraqlı fikirlərini bölüşüblər.
Zorakılığa məruz qalmış qadının həyat hekayəsindən bəhs edən videoçarxın nümayişi ilə başlanan seminar nikbin notlara söykənən musiqi ilə başa çatıb. Sonda tədbir iştirakçılarına “Hüquq Risaləsi” adlı kitab hədiyyə edilib.
Şərhlər bağlıdır.