Şəhidlər xalqımızın qürur mənbəyidir
Sentyabrın 27-də ikinci Qarabağ müharibəsinin başlandığı gündən 1 il ötdü. Bu münasibətlə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində keçirilən Anım Günündə müharibədə həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, mərasim Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.
Tədbirin aparıcısı Həyat Rəhimova nəzərə çatdırıb ki, Azərbaycan Ordusu 44 günlük müharibədə işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atıb: “İgid əsgərlərimizin sentyabrın 27-dən Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizlənib. Noyabrın 8-də isə Şuşa şəhəri işğaldan azad edilib”.
Tədbirə toplaşanlar ikinci vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullara və qələbə sevinciylə ailələrinə dönən qazilərə ehtiram olaraq məktəbin müəllim və şagird kollektivinin hazırladığı kampozisiyaya baxıb, ifa etdikləri musiqi nömrələrini dinləyiblər.
Məktəbin direktoru Vüsal Məmmədov xalqımızın Qarabağı erməni qəsbkarlarından azad etmək üçün müharibəyə hazır olduğunu və hətta onun başlamasını səbirsizliklə gözlədiyini deyib: “Azərbaycanın bütün bölgələrindən 3000-ə yaxın igid öğullarımız şəhid oldu. Bu millətin birliyi, qələbə ruhu ilə qürur duyuruq”.
V.Məmmədov tədbirə toplaşanlardan vaxtaşırı şəhid ailələrini ziyarət etməti xahiş edib: “Biz onları diqqətdən kənarda saxlamamalıyıq. Bizim buna mənəvi haqqımız yoxdur”.
Şərhlər bağlıdır.