Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 30 yanvar tarixdə növbəti səyyar görüşü Energetiklər qəsəbəsində oldu. Fazil Əzimov və Yadigar Mansurov küçələrinin qarşısında düzənlənən tədbiri giriş sözüylə açan şəhər rəhbəri vurğuladı ki, ölkə prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqları əsasında indiyə qədər ayrı-ayrı məhəllələrdə keçirilən səyyar görüşlərdə şəhər sakinləri həlli vacib hesab edilən problemlərin aradan qaldırılmasını diqqətə çatdırmışlar. Bundan sonrakı vaxtlarda da şəhərimizin daha da abadlaşdırılması və sakinləri rahat şəraitdə yaşamaları naminə belə görüşlərin keçiriləcəyini söyləyən şəhər rəhbəri: “Möhtərəm prezidentimizin tapşırdığı kimi, biz insanların rahat şəraitdə yaşamaları və istirahət etmələri üçün əlimizdən gələni edəcəyik”-deyərək, qəsəbə sakinlərini düşündürən məsələləri dinləyib, problemlərin aradan qaldırılması üçün onlara yardımçı olmağa çalışacağını əminlik hissiylə vurğuladı.
Çıxışının əvvəlində şəhər rəhbərini yüksək vəzifəyə təyin edilməsi münasibətiylə təbrik edən qəsəbə sakini Teymur Məmmədov son vaxtlar yaşadıqları ərazidə geniş vüsət alan abadlıq işlərinə görə minnətdarlığını bildirməklə, yaşayış binalarının istilik sistemi ilə təchiz edilməsinin vacibliyindən də söz açdı.
Fazil Əzimov küçəsindəki birinci döngədə yaşadığını bildirən Ədalət Quliyev burada yerləşən evlərə gedən qaz xətlərinin çürüyüb sıradan çıxmaqda olduğundan, Elşan Ruşanov qəsəbədəki məhəllə yollarının və küçələrin işıqlandırılmasının vacibliyindən danışdılar. Təqaüdçü Vəzir Əliyev də ictimai nəqliyyatın keçdiyi magistral yolda-“Ağ çiçəyim” adlı marketin qarşısında sərnişinlərin avtobuslara rahat şəkildə minib düşmələri üçün dayanacağın qoyulmasını gərəkli hesab etdi.
Qəsəbə sakinlərindən Gülbadam Süleymanova, Vüsal Yusifov, Eldar Rəsulov və başqaları isə bəzi yerlərdə kanalizasiya və su xətləri çəkildikdən sonra görüləsi işlərin sona çatdırılmadığını, əksər yaşayış binalarının zirzəmisindəki çirkab sularının ləğv edilməsinin vacibliyini söylədilər. Çingiz Nəzərov son vaxtlara kimi bərbad vəziyyətdə olan İES-ə gedən yolda görülən işlərin hamının ürəyincə olduğunu qeyd edərək, artıq beynəlxalq səviyyəli bir layihəni gerçəkləşdirmək yönümündə əməli addımlar atıldığını və nəticədə Mingəçevirin ən gözəl və füsunkar bir yaşayış məntəqəsinə çevriləcəyini əminlik hissiylə vurğuladı.
Qəsəbə sakinlərinin qeyd etdikləri problemlərlə bağlı ayrı-ayrı idarə rəhbərlərinin izahatlarından sonra, qəsəbə sakinləri bir daha əmin oldular ki, onları düşündürən məsələlər şəhər rəhbərinin dediyi kimi mərhələ-mərhələ tezliklə həllini tapacaqdır.
Səyyar görüşü yekunlaşdıran İcra Hakimiyyətinin başçısı İlham İsmayılov: – Mingəçevir mənim ürəkdən sevdiyim yaşayış məskənidir. Bir vaxtlar mən özüm də sizin kimi Energetiklər qəsəbəsində yaşamışam. Qeyd etdiyiniz məsələlərin böyük bir qismi tezliklə həllini tapacaqdır. Ölkəmizin iqtisadi inkişafı və möhtərəm prezidentimizin ölkə əhalisinin firavan və rahar bir şəraitdə yaşaması üçün gördüyü önəmli işlər də bunu sübut edir-deyərək hamıya uğurlar arzuladı.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Şərhlər bağlıdır.